Sağlamlıq 14:49 08.09.2018

Probiotiklərin zərərli olduğu müəyyənləşdi

Probiotiklər orqanizm, xüsusilə həzm-bağırsaq sistemi üçün vacib olan mikro-orqanizmlərdən ibarət mikrobiom sistemini bərpa etmək üçün istifadə edilən mikro-orqanizmlərdir.

Qaynarinfo New Scientist-ə istinadən xəbər verir ki, əsasən antibiotik qəbulundan sonra bağırsaqlarda mikrobiom sistemini bərpa etmək üçün istifadə edilən probiotiklərin həqiqətən faydalı olub-olmadıqları barədə tədqiqat aparılıb. İsrailin Veyzman Elm İnstitutu tərəfindən həyata keçirilən layihədə 15 könüllü iştirak edib. Antibiotik müalicəsi almış bu şəxslər 3 qrupa bölünüb. İlk qrupa daxil olan şəxslərin orqanizmi müdaxiləsiz mikrobiom sistemini bərpa edib. 2-ci qrupa probiotik verilib, digər qrupun bədəninə isə mikro-orqanizmlər transplantasiya edilib. Probiotiklər bağırsaq sistemində özünə yer edib, lakin məlum olub ki, bu orqanizmlər bədənin əvvəlki vəziyyətinə gəlməsinə, mikrobiom sisteminin bərpasına mane olur və bu prosesi 6 ay gecikdirir. Transplantasiya həyata keçirilən şəxslərin mikrobiom sistemi isə bir neçə gün ərzində normal vəziyyətə qayıda bilib.

Qeyd edək ki, bağırsaq sisteminin mikrobiom sisteminin uzun müddət ərzində pozulması obez xəstəliyinə, allergiya və iltihaba səbəb ola bilir.

Gülşən