Sağlamlıq 15:50 06.03.2020

Professordan koronavirus şərhi: “Təşvişə gərək yoxdur”

"Koronavirus hər il olur. Bu, mövsümi soyuqdəymədən törəyən viruslardır”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri ilk dəfə Çinin Hubey vilayətinin Vuhan şəhərində yayılan, yayıldığı gündən bu yana 94 min 344 nəfərin yoluxduğu, CoVİD-19 adı verilən koronavirus haqqında danışarkən tibbi ekspert, professor Adil Qeybulla deyib.

Ekspertin sözlərinə görə, hər il qripdən ölən insanların sayı koronavirusdan ölənlərin sayından qat-qat çox olur. Sadəcə olaraq bu ajiotaj Çində başlayıb və sürətlə dünyaya yayılıb. 

"Nəzərə alsaq ki, Çin böyük ölkə olduğundan, 800 milyondan çox insan tibbi xidmətdən yararlana bilmir. Təxminən bu qədər insan həkimə müraciət etməmiş qalır və bu ölkədə səhiyyədə pulludur. Ancaq buna baxmayaraq, Çində böyük bir fədəkarlıq edilərək xəstəliyi müəyyən qədər lokallaşdıra bildilər”.
Adil Qeybulla deyib ki, xəstəliyin meydana çıxdığı 2019-cu ilin sonlarından bu günə qədər dünya üzrə bu virusa yoluxanların sayının 90 mindən bir az artıq olduğunu nəzərə alsaq, bununla müqayisədə 3 mindən bir az artıq insanın həyatını itirməsi cüzi bir rəqəmdir. Ona görə də xüsusi təşvişə ehtiyac yoxdur: 

"Belə bir vəziyyətdə insanlar panikaya düşməməli, daha çox sosiallaşmalı, əksinə daha ayıq-sayıq olub bir-birinə kömək etməlidir”. 

Tibbi ekspert bildirib ki, bütün viruslar kimi, koronavirus da istilər düşənə yaxın tədricən yoxa çıxacaq. 

"Aprel ayının ortaları və ya sonunda ola bilsin ki, biz bu virusun adını spradik olaraq eşidəcəyik”. 

İnsanların koronavirusa yoluxmaması üçün nə kimi tədbirlər görə bilməsindən danışan həkim bildirib ki, insanlar ilk başda bilməlidir ki, 4 karantin infeksiya var. Bunlara taun, vəba, sarı qızdırma və təbii çiçək daxildir.

"Karantin infeksiya sanitar tibbi qaydalar, xüsusi epidimiolji tədbirlərin tələb olunduğu xüsusi təhlükəli infeksiyalara deyirlər. Bu infeksiyalar qısa müddət ərzində yayılaraq, böyük bir ərazini, arealı, qitəni əhatə edə, epidemiya və pandemiya törədə bilərlər”. 

Ona görə də insanlar bilməlidir ki, hər bir soyuqdəymə koronavirus demək deyil, buna görə də təşvişə düşmək lazım deyil. 

"İnsanların bu tipli viruslardan qorunması üçün əlləri mütəmadi olaraq yaxşıca yumaq virusa yoluxmamaq yolunda ilk addımdır”.

Həkim digər profilaktik tədbirlər kimi mümkün qədər xəstə insanlardan ünsiyyətdən qaçmağı, əhalinin sıx olduğu yerlərə lazım olmadıqca getməməyi, xüsusilə uşaqları bu yerlərdən uzaq tutmağı, 20-30 dəqiqədən bir dəyişmək şərtilə tibbi maskalardan istifadənin gərəkli olduğunu deyib. Amma unutmaq lazım deyil ki, hər bir bu hal koronavirus demək deyil və buna görə də çox həyəcanlanmaq lazım deyil. 

 "İnsanın yuxarı tənəffüs yollarında 15-ə yaxın virus var ki, onlar soyuqdəymə xəstəliyi yarada bilərlər”. 

Ekspert bildirib ki, çox adam spirt qəbul etmək və ya əlləri spirtlə təmizləmək lazım olduğunu deyir. Bunların heç bir faydası yoxdur. Yadda saxlamaq lazımdır ki, spirt viruslara öldürücü təsir göstərmir. Bu, aldadıcı vasitədir. Həmçinin bəzən sarımsaq və s. yeyilməsini məsləhət görürlər. Qətiyyən elmi əsası olmayan şeylərə inanmaq lazım deyil. Düzdür, sarımsağın da, soğanın da faydası var. Amma sırf bu tip viruslarda əsas vasitə deyil. 
 
"İnsanlar yadda saxlamalıdır ki, temperaturları artan kimi onu dərhal normasına salmaq olmaz. Bu, bədənin həmin infeksiyalara qarşı mübarizə aparmaq yoludur”.

Bəs koronavirus nədir, insanlar ona necə belə sürətlə yoluxa bilir?

Koronavirusun insandan-insana necə yayılması hələ aydın deyil. Lakin oxşar viruslar hava-damcı yolu ilə keçir.

Odur ki, asqırma və öskürmə zamanı ağız-burnu dəsmalla tutmaq, əlləri yumadan üzə-gözə vurmamaq və xəstə insanlarla yaxın əlaqədə olmamaq önəmlidir.

Özündə respirator xəstəlik əlamətləri hiss edən şəxslər təcili yardıma müraciət etməlidirlər.

Unutmaq lazım deyil ki, 2003-ci ildə yayılan "Sars” virusu yaddaşlarda dərin iz buraxıb və indiki qorxuların çoxu da məhz buradan irəli gəlir. 
Bu virus 774 nəfərin ölümünə səbəb olub.

Koronovirusun son 20 ildə qeydə alınan digər kütləvi xəstəliklərdən daha sürətli yayılması və ölüm hallarından danışan ekspert bildirib ki, bu, böyük şəhərlərdə yaşayan insan sayı ilə əlaqədardır. Məsələn, virusun ilk çıxıb və sürətlə yayıldığı Vuhan və ətraf şəhərlərdə 40 milyona yaxın insan yaşayır.
Qeyd edək ki, virusun yayıldığı gündən bu yana 64 ölkədə 94 min 344 nəfər bu xəstəliyə yoluxub, onlardan 51 min 317 nəfəri, başqa sözlə 54,4 faizi artıq sağalıb. Bu günə qədər 3 mindən bir qədər çox insan ölüb. Bu isə orta ölüm göstəricisinin 3-4 faizi deməkdir.

Günay İlqarqızı