Asif Nərimanlı
Siyasət 16:00 27.01.2022

Putin təklifi qəbul etdi: Bakı və Ankara Ukraynadakı oyunu dəyişə bilər

Putin Ərdoğanın Ukrayna məsələsini müzakirə etmək üçün Türkiyəyə dəvətini qəbul etdi. Səfərin vaxtı bəlli deyil, qarşıdurmanın kəskinləşməsi fonunda bunun qısa zamanda baş tutması gözləniləndir. Hərçənd, Kremlin açıqlaması diqqəti fərqli məqama da çəkir.

Peskov bildirir ki, epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi Putin Türkiyəyə gedəcək.

Bu o deməkdir ki, Moskva Ukrayna məsələsində Türkiyənin təklif etdiyi masa ilə bağlı yekun qərarı verməyib və səfərin vaxtı proseslərin inkişafına uyğun müəyyən ediləcək: Qərblə qarşıdurma daha da kəskinləşəcəksə, Putinin Türkiyəyə səfəri tezləşə bilər və Moskva bununla Ankaranın ona qarşı cəbhədə yer almamasına çalışacaq.

Ərdoğan Zelenskini də dəvət etmişdi. Rəsmi Kiyevdən hələ ki heç bir reaksiya yoxdur. Zelenski toqquşmanın tərəfdarı olmadığını, Putinlə təmas qurmaq istədiyini açıqlayıb. Ankara masası Kiyev üçün yeni fürsətdir, lakin burada ABŞ və Avropanın yanaşması da həlledici rol oynaya bilər.
ABŞ Avropanın Rusiyaya qarşı cəbhədə birləşməsini, Avropa - Fransa və Almaniya Vaşinqtonun marağında olmayan "Normand formatı”nın bərpasını istəyir. Qərb yarımkürəsi Rusiyaya qarşı məsələdə fikir ayrılığı yaşasa da, Türkiyənin qurmaq istədiyi masa məsələsində birləşə bilər: Avropa "Normad formatı”na alternativə, ABŞ Rusiya və Ukraynanın anlaşmasına qarşıdır; bu baxımdan, Ankaraya gəlməməsi üçün Zelenskiyə təzyiqlərin edilməsi mümkündür.

Putin Ankaraya bütün hallarda səfər edəcək, hərçənd, Moskvanın hazırda əsas prioriteti "Normad formatı”nın aktivləşməsi, bununla NATO-da Avropa-ABŞ çatının dərinləşməsidir və bu istiqamətdə işləyəcək.

Proseslərin inkişafından asılı olmayaraq, Kremlin dəvəti qəbul etməsi Ankaranın alternativ masa təklifində müəyyən irəliləyiş hesab oluna bilər. Və Bakı ilə Ankara Zelenskinin gəlişinə də çalışacaq.

Mümkün görüşün təşkili ilə münaqişənin həllində irəliləyişə nail olmaq çətin olsa da, yeni esklasiyanın qarşısını almaq mümkündür. Və bununla:

- Türkiyənin anti-Rusiya cəbhəsində yer almaq riski azalacaq: prosesdə iştirak edən Bakı da iki cəbhə arasında qalmaq təhlükəsini azalda bilər;
- Qara dəniz bölgəsində geniş toqquşmaya imkan verməməklə Şərqi Aralıq dənizindəki ssenarinin təkrarlanmasının qarşısını ala bilər;
- Alternativ masada istənilən irəliləyiş masanın qurulmasını həyata keçirən Ankara və Bakının regional oyunçu olmaq gücünü artıracaq.

Türkiyə masası Ukrayna üçün ən azı toqquşmanın qarşısını almaq baxımından ən unikal variant hesab edilə bilər, xüsusilə ABŞ-Rusiya toqquşmasında hər iki tərəfin Kiyevi "bufer zona” kimi qəbul etməsi reallığı bunu deməyə əsas verir.

Asif Nərimanlı