Ölkə 16:40 12.10.2021

Qadın müəllimlərin çoxluq təşkil etməsi bizi fəlakətə aparır? – Qalmaqallı rəylər

"Yaxın illərdə kişi müəllimlərin məktəbə qayıtması yolunda ciddi addımlar atılmasa, daha təhlükəli məqamlarla üz-üzə qalacağıq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil Naziri Emin Əmrullayevin "Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq. Biz kişi müəllimlərin çox olmasını istəyirik” fikrinə, münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə vəziyyət təhlükəli həddədir:

"Ölkədəki orta məktəblərdə çalışan 151000 müəllimin 80 faizini qadınlar təşkil edir. Hətta elə bölgələr var ki, məktəblərdə çalışan qadın müəllimlərin nisbəti 90-92 faizə çatır. İş o yerə çatıb ki, paytaxt məktəblərində bədən tərbiyyəsi dərsini də qadın müəllimlər keçir. Halbuki keçən əsrin 80-ci illərində məktəblərdə qadın-kişi müəlim nisbəti bərabər idi. Bu rəqəmin özü vəziyyətin nə qədər təhlükəli olduğunun göstəricisidir”. 


Həmsöhbətimiz bildirir ki, kişi pedaqoqlar aldıqları təhsil haqqının ailə saxlamaq üçün yetərli olmaması səbəbindən bu sahəyə meyl etmir: 

"Əmək haqqının azlığı kişiləri bu sahədən uzaqlaşdırdı. Yaranmış problem tələb edir ki, sözün həqiqi mənasında mütləq şəkildə kişi müəllimləri təhsilə qaytarmalıyıq”. 

Ekspertin fikrincə, uşaqların təhsilində, təlim-tərbiyəsində qadın müəllimlərə nisbətən kişilər daha düzgün yol tutur:

"Uşaqları yalnız kişilər düzgün tərbiyə edə bilər. Kişilərin tədrisə, uşaqların təlim-tərbiyə prosesinə yanaşması tamamilə fərqlidir. Qadınlar inciməsin. Amma göstəricilərin təhlili göstərir ki, kişi müəllimlərin təlim, tərbiyə, tədris göstəriciləri daha yüksəkdir. Bu bütün dünyada belədir. Hansı ölkədə kişi müəllimlərin sayı qadın müəllimlərə nisbətən çoxdur, orada təhsilin keyfiyyəti daha yüksəkdir. Evdə, bağçada, məktəbdə uşaq qadın müəllimlə işlədikdə onda müəyyən qədər xarakter problemi yaranır. Hazırda bunun təhlükəli nəticələrini görürük. Son illər boşanmaların sayı daha da kütləviləşib. Bütün həyatı boyu qadın tərəfindən əzizlənən oğlan uşaqları problemli situasiyada böhrandan çıxa bilmir. Yekun nəticədə onlar qaçmaq yolunu tutur. Ona görə də kişilərin təhsilə qayıtmasına nail olmalıyıq ki, uşaqların xarakter olaraq formalaşmasına təsir göstərə bilsinlər”. 

K. Əsədov problemin həlli üçün təkliflərini də diqqətə çatdırıb: 

"Təklif etmişik ki, xüsusən şagird sayı çox olan məktəblərdə vakant yerlərə müəyyən dövr üçün yalnız kişi müəllimlərin qəbulu həyata keçirilsin. Bu, heç də gender bərabərliyinin tapdanması kimi başa düşülməməlidir. Bu məcburu addım milli genefondumuzun təhlükədə olması ilə bağlıdır. Həmçinin kişi müəllimlər üçün stimullaşdırıcı güzəştlər edilməlidir. Ümumiyyətlə, müəllimlərə dövlət qulluqçusu statusu verilməlidir. Kişi müəllimləri kommunal xərclərdən azad etməliyik. Banklarda kredit borcu olanların əksəriyyəti müəllimlərdir. Bu istiqamətdə xüsusi qanun layihəsi hazırlamalıyıq”. 

"Təhsildə qadınların çox olmasının problem yaratdığı və şagirdləri yalnız kişilərin düzgün tərbiyyə etdiyi barədə səslənən fikirlər tamamilə absurddur”. 

Bunu deyən BDU-nun professoru Nüşabə Sadıqlı isə Kamran əsədovun fikirlərini bölüşmür: 

"Nəzərə alaq ki, kişilər səhər gedib, axşam evə gəldiyindən ailədə də uşaqlara yalnız qadınlar tərbiyə verir. Məktəb də, cəmiyyət də ailənin bir formasıdır. Təbii ki, məktəbdə kişi müəlimlərin çoxluğunun da üstünlükləri var. Amma müəllimlərin məvacibi az olduğundan indiki durumda kişilər bu peşəyə meyil etmir. Əslində burada kişi, qadın ayrıseçkiliyinə getmək lazım deyil. Təlim-tərbiyədə hər ikisinin rolu vacib və lazımdır”.

Rüfət Sultan