Ailə qurmağa hazırlaşan qadınların ən böyük problemlərindən biri də vaginizmdir. Bəzən güclü ağrılar, nəfəs darlığı, hətta sinir böhranı və buna bənzər digər hallarla müşahidə olunan, qadınların qorxulu xəstəliyinə çevrilmiş vaginizmlə bağlı çoxlu mülahizələrin şahidi oluruq. Məsələ ilə bağlı Qaynarinfo-ya daxil olan sualların çoxluğunu da nəzərə alaraq, budəfəki mövzumuzu vaginizmə həsr etmək qərarına gəldik. Bu problem necə yaranır, onunla necə mübarizə aparmalı, xəstəlikdən tamami ilə qurtulmaq mümkündürmü kimi suallarımızı Baku Medical Plazanın uzman həkimi, cərrah, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Aslanova cavablandıracaq.

- Doktor, gəlin, ilk olaraq problemin özündən başlayaq. Ümumiyyətlə, vaginizm nədir?

- Vaginizm cinsi əlaqə zamanı qadının uşaqlıq yolu əzələlərinin qeyri-iradi olaraq yığması nəticəsində cinsi əlaqənin olmaması və ya çox çətin olması halıdır. Əslində uşaqlıq yolu əzələsi dediyimiz  Pubococcygeus (PC) əzələləri qadınların iradi şəkildə nəzarət etdikləri əzələ növüdür. Məsələn, sidiyi gələn bir qadın bu əzələləri sıxaraq sidiyini saxlaya bilər. Ayaq yolunda isə onları sərbəst buraxmaqla sidiyini edə bilər. Lakin vaginizmli xəstələrdə cinsi əlaqə zamanı bu əzələ qeyri-ixtiyari olaraq sıxılır və belə olan halda, cinsi əlaqə baş vermir və ya ağrılı baş verir.

- Bir qadın vaginizmli olduğunu necə anlaya bilər? Hansı şikayətlər onu həkimə müraciət etməyə vadar etməlidir?

- Vaginizmə adətən "ilk gecə qorxusu” da deyirik. Belə ki, adətən cinsi əlaqəyə ilk girilən zaman aşkara çıxır. Vaginizmin yüngül formasında qadın çox da güclü olmayan diskomfort, gərginlik, yanma və s. hiss edə bilər, güclü formasında isə güclü ağrılar, nəfəs darlığı, hətta sinir böhranı bənzəri şəklində özünü biruzə verə bilər. Bir məsələni qeyd edim ki, əgər cinsi əlaqə narahatlıq və ağrı ilə müşayiət olunursa, bu, artıq həkimə müraciət etmək üçün bir səbəbdir.
 


- Doktor, bəs vaginizm hansı səbəbdən yaranır?

- Vaginizm adətən fiziki stress, emosional stress, psixoloji travma və ya hər birinin kompleksli şəkildə təsiri nəticəsində meydana gələ bilən haldır. Məsələn, vaginizmi hər hansı psixoloji uşaqlıq travması və ya doğuş qorxusu, müəyyən xəstəlik və infeksiyalar, yaxud da cinsi əlaqənin təsviri ilə bağlı yanlış fikirlər təhrik edə bilər. 

- Vaginizm çətin müalicə olunan xəstəlikdirmi? Hansı müddətə bu xəstəlikdən tamamilə qurtulmaq olar?

- Vaginizm tamamilə müalicə olunan, müvəqqəti xəstəlikdir. Müalicəsində hər hansı dərman qəbulu və 90% hallarda cərrahi müdaxilə tələb olunmur. Əsas olan doğru mütəxəssisin tapılması, ona hər şeyin açıq şəkildə anladılması və ən önəmlisi isə, pasiyentin sağalma istəyinin olmasıdır. Əgər qadın bütün bunlara əməl edərsə, həkiminin cızdığı yol xəritəsi ilə qısa müddətdə özü-özünü müalicə edəcək. Əlbəttə ki, müalicənin başlanğıcında həkimlə xəstə arasında qarşılıqlı etibarın qurulması çox önəmlidir. Cinsi əlaqəylə bağlı qadının baxışlarının dəyərləndirilməsi, cütlüklərin münasibətinə yardım etmək və kommunikasiyanın yaxşılaşdırılması, evlilik terapiyası, mübahisələrin ortaya çıxarılması, cinsi istək və davranışların dəyərləndirilməsi çox vacibdir. Müalicə zamanı əvvəlcə pasiyentə onun anatomiyası barədə məlumat verilir. Çünki xəstənin özünü tanıması, hiss etməsi çox önəmlidir. Paralel olaraq müalicə müddətində tətbiq edilməsi vacib olan ev tapşırıqları verilir. Pasiyent özünü hazır hiss etdikdə, müəyyən alətlərlə uşaqlıq yolu yaxınlığa hazır edilir. Adətən müalicə 2 həftə davam edir, həftədə 2-3 seans aparılır, evə tapşırıqlar verilir. Problemin dərəcəsinə görə, bu müddət dəyişə bilər.

- Tez-tez rastladığımız suallardan biri müalicənin gedişatı ilə bağlı olur. Vaginizm müalicəsi zamanı ağrı olurmu?

- Çox zaman yanlış düşüncə vaginizmli qadınları müalicəyə başlamaqdan çəkindirsə də, vaginizmin müalicəsi zamanı hər hansı ağrı və ya yanğı hissi olmur. Əgər belə hisslər yaşanırsa, demək ki, müalicə doğru aparılmır və ya pasient terapevtin dediklərinə düzgün əməl etmir.

- Vaginizm müalicəsi ilə kim məşğul olur? Bununla ginekoloqlar ya psixoloqlar məşğul olmalıdır?

- Bilirsiniz, bir qadına vaginizm diaqnozunun qoyulması üçün həm onun şəxsi hekayəsi dinlənilməli, həm də qadın ginekoloji müayinədən keçməlidir. Lakin vaginizmli pasientlərə ginekoloji müayinə qorxulu prosedur kimi görünür. Cinsi terapiya üzrə təcrübəsi olmayan həkimlər də əksər hallarda vaginizm problemini tam dəyərləndirə bilmirlər və müayinə zamanı pasientin reaksiyasını kapriz olaraq görürlər. Əslində belə pasientləri güclə, ağrı verərək müayinə etmək qəti şəkildə olmaz. Çünki müayinənin özü doğru aparılmadıqda, sıxılmaları daha da təhrik edə bilər, xəstəliyi daha da ağırlaşdıra bilər. Ona görə də, müalicə mütləq şəkildə cinsi terapiya təhsili görmüş, vaginizm xəstələri ilə iş təcrübəsi olan mütəxəssis tərəfindən aparılmalıdır. 

- Azərbaycanda vaginizm xəstəliyi ilə bağlı müraciət edən çox xəstə varmı?

- Şərq mədəniyyəti, adət-ənənələri yayılmış ölkələrin əksəriyyətində olduğu kimi, təəssüf ki, Azərbaycanda da vaginizm problemi geniş yayılıb. Bu da həmin ölkələrdə cinsi tərbiyə və təhsilin bir çox hallarda açıq şəkildə uşaqlara ötürülməməsi ilə bağlıdır. Statistika göstərir ki, Azərbaycanda təqribən 10 cütlükdən 1-ində vaginizm problemi var. Lakin insanlar bu qorxu və ağrıları izah edə bilmədiklərinə görə, yaxud öncə söylədiyim kimi, problemlə bağlı yanlış mütəxəssislərə yönləndikləri üçün yaxın illərədək birbaşa vaginizm problemi ilə bağlı müraciət edən xəstələrin sayı az idi. Sevindirici haldır ki, artıq qadınlar bu problemi daha çox araşdırmağa başlayıb. Biz həkimlər də öz növbəmizdə çalışırıq ki, KİV-lərdə, internet resurslarında, öz şəxsi səhifələrimizdə problemlə bağlı maarifləndirmə işini daha geniş aparaq. Ona görə son zamanlar məhz vaginizmlə bağlı məlumata sahib olaraq bizə müraciət edən qadınlar çoxalıb. 
 


- Rəxşəndə xanım, bəs vaginizmli qadınlar ana ola bilərmi?

- Bəzi vaginizmli cütlüklər ağrılı da olsa, cinsi əlaqə yaşayır. Bu zaman hamiləlik baş tuta bilər. Yaxud da cinsi əlaqə yaşamayan cütlüklər olur ki, övlad sahibi olmaq üçün süni mayalanma metoduna müraciət edirlər və anesteziya altında bu prosedur icra olunur. Lakin vaginizm xaricində hər hansı digər problemi olmayan cütlük nədən bu məsrəfli prosedura üz tutsun ki? Yaxşı olardı ki, cütlüklər vaginizmdən qurtulsunlar və təbii yolla övlad sahibi olsunlar. Bundan əlavə, bəzən belə yanlış fikirlər olur ki, sanki təbii doğum etdikdən sonra uşaqlıq yolu əzələləri yumşalır və vaginizm aradan qalxmış olur. Lakin anlamaq lazımdır ki, problem birbaşa əzələlərlə bağlı deyil, düşüncə ilə bağlıdır. Bu problem beynimizdə həll olmasa, doğum stressi ilə daha da dərinləşə bilər. Ona görə də, vaginizmli cütlüklərə tövsiyə edərdim ki, xoşbəxtliklərini, ailə səadətlərini ertələməsinlər, vaxtında müalicə olunaraq bu xəstəlikdən qurtulsunlar.

Qaynarinfo
 
HƏMÇİNİN BAX: