Foto 16:20 13.06.2018

Qafqazın ilk "Claustrophobia"sı: qorxulu yuxuları realda yaşadır (FOTO/VİDEO)

Son zamanlar Bakıda yaranan kvestlərin sayı artmaqdadır.
 
Qaynarinfo report-a istinadən xəbər verir ki, bunlar arasında "Claustrophobia Baku” özünəməxsusluğu ilə digərlərindən tamamilə fərqlənir. Belə ki, Bakıda aktyor iştirakı olmadan oynanılan ilk texniki kvest "Claustrophobia Baku” qorxu və macəra həvəskarlarının sevimli məkanı olacaq. Gözəgörünməz qüvvələr ilə bərabər olacağınız otaq sizi qorxularınız ilə qarşı-qarşıya qoyacaq.

Kvest 2-5 nəfər komanda şəklində oynanılan real, intellektual oyundur. Burada siz komandanız ilə birlikdə olduğunuz yerdən xilas olmaq üçün verilən tapmacaların, sirlərin cavabını tapmalısınız.

Bakıda ilk və tək texniki kvest 

Əvvəla, "Claustrophobia" artıq bir dünya brendidir. 

Baş ofisi Moskvada yerləşən bu brend 4 ildir ki, 8 ölkədə, 12 şəhərdə, 91 kvest, 93 unikal ssenarisi ilə fəaliyyətini davam etdirir. Cənubi Qafqazda kvestin istifadə hüququ ilk olaraq Bakıya verilib. "Claustrophobia Baku” şirkətinin direktoru Ramin Kəsəmənski mərkəzin yaradılması haqqında qısaca məlumat verdi: "Claustrophobia" 2015-ci ildə "Forbes" jurnalının rus nəşrində ən yaxşı 10 brend siyahısında yer alıb. Kvest bu ilin fevral ayından fəaliyyətə başlayıb. Bakıda kvestlər çoxdur. Ancaq buranın öz xüsusiyyətləri var. İçəridə görünən bütün ləvazimatlar, oyunun özü fabrikdə yaradılıb və hazır şəkildə Moskvadan Bakıya gətirilərək burada quraşdırılıb. Bu məkanda olan keyfiyyət, maraq heç bir yerdə yoxdur”.

Qorxulu yuxularınızı realda yaşayın

Bələdçimiz kvestlərdən birinin mistik olduğunu söyləyir. "Tərk edilmiş sığınacağın sirri” adlanan kvestə yalnız 14 yaşından yuxarı insanlar daxil ola bilərlər.

Kvest haqqında məlumat aldıqdan sonra oyuna daxil oluruq. Əgər kvest həvəskarısınızsa, ilk diqqətinizi çəkəcək nüans səs sisteminin keyfiyyəti olacaq. Səsin mükəmməlliyi insanı sanki real aləmdən ayırıb qorxulu bir filmə daxil edir. Burada bütün oyun texnika ilə quraşdırılıb. Oyunda heç bir aktyor iştirak etməsə də, insanda elə bir təəssürat yaranır ki, sanki kimsə sizi izləyir. Xüsusilə də digər kvestlərdə tapmaca həll olunarkən açar tapıldıqda siz onunla qapıları açmalısınız. Burada isə cavab tapıldıqda qapılar avtomatik açılır. Bir saatlıq oyunda üç kömək haqqından istifadə edə bilərsiniz.

Nəhənglərin dünyasına səyahət

İkinci kvest "Quliverin axtarışında” adlanır. Burada isə 6 yaşından yuxarı uşaqlar böyüklərlə, 12-14 yaşından uşaqlar isə özləri oynaya bilərlər. Bu kvest ailəvi vaxt keçirmək istəyənlər üçün əla seçim ola bilər. Tapmacalara cavab axtararkən yaşayacağınız həyəcanlı məqamlar bu kvesti sizin sevimliniz edəcək.

Azərbaycanı əks etdirəcək kvest

Azərbaycana xas olan kvestlərin yaradılmasının bu sahədə bir yenilik olacağını düşünürük. Elə R.Kəsəmənski də qeyd etdi ki, gələcək planlarında sırf Azərbaycanın tarixi və incəsənəti ilə bağlı bir kvest açmaq planları var: "Bu o qədər də asan bir proses deyil. Kim əməkdaşlıq etmək istəyirsə, biz təkliflər üçün açığıq. Maraqlı ideyası olan varsa, sosial şəbəkələr, yaxud telefon nömrəmiz vasitəsilə bizə müraciət edə bilərlər. Biz hər zaman müraciətləri cavablandırırıq”.

Bələdçimiz əlavə etdi ki, gələcəkdə həmçinin aktyorların iştirak etdiyi kvestlərin gətirilməsi də düşünülür: "Kvest intellektual oyundur və heç bir aktyor, insan müdaxiləsi ola bilməz. Performansda isə tamaşa gedir və siz həmin tamaşanın iştirakçısı olursunuz, onların oyununa müdaxilə edirsiniz”.

 
Qeyd edək ki, oyunlara saytdan (https://baku.claustrophobia.com/az/quest/) online qeydiyyatdan keçmək mümkündür.