Xəbər lenti

Qalmaqalla yadda qalan deputatlar... (FOTO)
Ölkə 23:00 20.09.2019

Qalmaqalla yadda qalan deputatlar... (FOTO)

Zaman-zaman mətbuatda Milli Məclisdə təmsil olunan deputatlarla bağlı neqativ xəbərlərə rast gəlinir. Belə xəbərlər dərhal medianın gündəmini zəbt edir, bəzən günlərlə, bəzən də aylarla müzakirələrə səbəb olur.

"Qafqazinfo" xəbər verir ki, onlardan biri də bu gün baş verdi.

Belə ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib. O, ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub. Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Onun başqa şəxslərlə də külli miqdarda borcu olduğu bildirilir.



İqbal Məmmədov

Ötən ay "Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Nəticədə dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb. Hadisəylə bağlı 6 nəfər tutulub. Bunların arasında millət vəkili İqbal Məmmədovun oğlu Mirmehdi Nərimanlı və onun qardaşı oğlu Orxan Nərimanlı da olub. Hər iki gənc barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndiriliblər.
 

Elmira Axundova

Millət vəkili Elmira Axundovanın adı oğlu Həbib Axundova görə bir müddət medianın gündəmini zəbt edib. Belə ki, dəfələrlə Həbib Axundovun dəbdəbəli həyat tərzini əks etdirən görüntülər dövrü mətbuatda yayılıb. Bundan başqa, model, "Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyevanın olduğu və bataraq dünyasını dəyişdiyi yaxtanın Həbib Axundova aid olduğu iddia edilib. Deputat oğlunun adı dərman mafiyasın da hallanıb. Bundan başqa Həbib Axundov məhkəmə təcrübəsi də yaşayıb.  Belə ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Həbib Axundova və digər şəxslərə pul "atmaqda” təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi keçirilib. Məhkəmədə zərərçəkmiş qismində çıxış edən Fərman Məmmədov "Həbibin göstərişi ilə Elnura 140 min verdim, 435 min də Həbibin özünə vermişəm. Onun anası Elmira Axundova isə mənə cəmi 250 min qaytarıb. Elmira xanım demişdi ki, tenderdə Elnur qalib gəlib, çünki Həbibin işlərini Elnur görəcəkdi. Elmira xanımla bir neçə dəfə danışmışdım, mənə demişdi ki, pulumu qəpiyinə kimi qaytaracaq. Həbib bu biznes işində piramida qurdu" deyə ifadə verib.



Sona Əliyeva

Sona Əliyeva ailə üzvləri ilə soyuq münasibətinə görə gündəmə gəlib. Bir müddət əvvəl mətbuata açıqlama verən deputatın anası Bəşirə Əliyeva qızı tərəfindən atasının bütün əmlakını ələ keçirməsinə dair iddia səsləndirib. O, əmlakın ədalətli bölünməsi üçün oğlu ilə birgə məhkəməyə müraciət etdiyini qeyd edib.

İddiaya görə, deputat "mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyərək bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə "ağlını itirməkdə” ittiham edərək evindən qovub. 



Sona Əliyeva isə ittihamlara cavab olaraq ailə üzvləri tərəfindən şantaj edildiyini bildirib: "Məni şantaj edərək psixoloji təyziq altında ata mirasından notarial qaydada imtina etməyə məcbur etdilər. Məsələnin böyüməməsi  və ailə məsələlərimizin medianın müzakirə mövzusuna çevrilməməsi üçün mərhum atamdan qalan əmlakdan və müəssisədə olan 50% təsisçi payından imtina etdim, atam tərəfindən mənə bağışlanan "Mercedes” markalı maşını onların təkidi ilə əmim oğlunun adına rəsmiləşdirdim. Buna baxmayaraq,  qardaşlarım mənə dərs verdiklərini qeyd etdilər".

Cavanşir Feyziyev

Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus olan "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədilib. Deputat qəza törədilən zaman sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib. O, həmin vaxt Bakıda olmadığını, Brüsseldə səfərdə olduğunu qeyd edib.

Deputatın ""Porsche" nə vaxtdan bahalı maşın olub? Məgər deputatın "Porsche"si ola bilməz? Burada qeyri-adi nə var?" deməsi də sosial şəbəkələrdə bir müddət müzakirələrə səbəb olub.



Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS” markalı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

Açıqlamaları ilə qalmaqal yaradan deputatlar

Sosial şəbəkələrdə ən çox müzakirə olunan depuatlardan biri də Musa Quliyev olub. Onun Heydər Əliyev prospektində süpürgəçi Cəmilə Salahovanın faciəvi ölümünü şərh edərkən "Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?!" deməsi Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavininin tənqid olunmasıyla nəticələnib.



Milli Məclisin deputatı Rasim Musabəyovun paytaxtın yeraltı keçidlərindən birində popkorn satan uşaqla bağlı yazdığı status da müzakirələrə yol açıb.

Belə ki, Musabəyov statusunda satıcının icazəsiz işləməsinə, vergi ödəməməsinə diqqət çəkməyə çalışaraq məmurları bununla bağlı tədbir görməyə çağırıb.



"Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət vəsaitinin xərcləndiyi "Azneft” meydanında yerləşən yeraltı keçiddə popkorn satıcısı həyasızcasına özünə yer edib və tüstüsü ilə ətrafı üfunət iyləndirib. İznsiz işləyir, dövlətin elektrikini pulsuz istifadə edir, vergi ödəmir. Bütün bunlar Bakı və rayon icralarının onlarla işçisinin gözü qarşısında baş verir. Şəxsən satıcıya və keçidin nəzarətçilərinə etdiyim irada hələ ki heç bir reaksiya yoxdur", deyə Musabəyov qeyd edib. Statusuna görə tənqidlə üzləşən  deputat sonradan üzr istəməyi özünə borc bilib.

Astan Şahverdiyev

Mərhum millət vəkili Astan Şahverdiyev də sağlığında tənqid olunan deputatlar arasında olub. Onun vaxtı ilə "Rusiyaya gedənlər bizim cəmiyyətin "otxodları”dır" deməsi, millət vəkilini çoxsaylı tənqidlərlə üz-üzə qoymuşdu.



Bundan başqa, deputat Aqil Abbas "Dolana bilmirsən, get soğan ək!" açıqlaması ilə qalmaqal yaradıb. Gəncədən deputat seçilən Naqif Həmzəyev isə Məmməd Əmin Rəsulzadə ilə bağlı səsləndirdiyi fikirlərə görə tənqid olunub. O, sonradan açıqlama verərək fikirlərinin təhrif olunduğunu bildirib. 

Parlamentin digər deputatı Hadı Rəcəbli də sosial şəbəkələrdə ən çox müzakirə olunan şəxslərdəndir. O, bir müddət əvvəl müəllimlərə işdən sonra fəhləlik etməyi təklif edib. Buna görə hədəf taxtasına çıxarılan Hadı bəy, ciddi tənqidlərlə üzləşib.



Verdiyi açıqlamalarla tez-tez gündəmə gələn Araz Əlizadəni də qalmaqallı deputatlardan olduğunu desək, yanılmarıq. "Sosial şəbəkələrdən istifadə edən avaralardır" sitatı da məhz Araz Əlizadəyə məxsusdur. Təbii ki, o da bu açıqlamasına görə tənqidlərlə üzləşib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->