Ölkə 18:09 23.04.2019

Qalmaqallı məktəb direktoru: “Hamı bilir ki, o xəstə, manyak adamdır”

Samux rayon İnstitut qəsəbə tam orta məktəbi ilə bağlı şikayətlər davam edir.

Bu gün "Yeni Sabah”a məktəb direktoru haqqında valideyn və müəllimlərdən növbəti şikayət daxil olub. Məktəbin keçmiş fizika-riyaziyyat müəllimi olan şikayətçilərdən biri bildirib ki, işlədiyi müddətdə direktor ona çox əziyyət verib:

"6-ci gün Gülsabah Abbasova məktəbdə iclas keçirib. Müəllimləri və qaçqın valideynlərini iclasa çağırıb, onlar da qol çəkiblər ki, hadisələr hamısı yalandır. 

Amma yayılan məlumatlar hamısı düzdür. Bu məktəb çox qalmaqallıdır. 44 il ərzində məktəbdə 10 direktor dəyişib. Mən hələ belə direktor görməmişəm. Mənim yerimə X-XI siniflərə saxta qiymətlər yazırdı. Uşaqları, müəllimləri polislə qorxudurdu. Müəllimlərdən ayda 20 manat pul yığır. Pulu yığanda deyir, Təhsil şöbəsi istəyir. 

Azərbaycan sektorunda direktor müavini kirvəsidir, onun pul yığanıdır. Ümumiyyətlə, direktor müavinləri, kitabxanaçı, bir çoxları onun adamıdır. Mən bu işin üstünə düşəndə prokurorluqdan qohumlarım var idi, mənə onun sənədlərini göstəriblər. Saxta diplomuna Xankəndində peçat vurulub, üstündə riyaziyyat yazılıb. Çox savadsızdır, inanın 3-cü sinif riyaziyyatı da bilmir. Əmək kitabçası saxtadır. Yazılıb Şamxor (Şəmkir) rayon, üzərində fabrik adı və 1 nömrəli məktəbin peçatı vurulub.  Hamısına baxmışam. Onun bütün işləri fırıldaqdır. Özü də qaçqın deyil. Mən bir çox yerlərə yazmışam. Təhsil şöbəsi yenə onun arxasında durdu. Yazılırdı araşdırıldı, yoxlanıldı. Heç nə araşdırılmayıb. O gün iclasda 4 nəfər Təhsil şöbəsindən gəlmişdi. Yalandan gəldilər hay-huy... Sonra direktor  müəllimlərə deyib ki, məni başçı çağırdı dedi get, yaxşı işlə, sənin kimi yaxşı direktor yoxdur. 

Rus dilini bilməyən müəllimə rus sektorunda dərs  verirlər. Qırmızı diplomla bitirənlər var. Sevinc adında qız 43 bal toplayıb onun yerinə yenə öz adamlarını gətirib qoyub. Bir sözlə, bu məktəb dəhşətdir”. 

İttihamlarla bağlı məktəbin direktoru Gülsabah Abbasova "Yeni Sabah”a açıqlamasında bildirib ki, deyilənlər hamısı şər-böhtandır: "Regiondan, Təhsil şöbəsindən, polislər gəldi. Məktəbimizdə araşdırma aparıldı, izahat verildi. 6-cı gün Təhsil şöbəsinin, qəsəbənin ziyalıları, valideynlər və müəllimlərlə iclas keçirildi. Bizim məktəbə bir nəfər  böhtan atır. Müxalif fikirli insanlar, məktəbin inkişafını qəbul etməyənlərdir. Orada valideyn şikayəti yoxdur, yalan və böhtandır. 

Tədbir də son naliyyətlərimizlə bağlı idi, kollektiv gedib məni də ora dəvət etmişdi. Valideyn iclası çağırdıq orada həmin adamın adı çəkilib. Təhsil şöbəsi də, regiondan da bilirlər kimdir. Mən bilmirəm hansı  xəstə, müxalifdi, dövlətin, inkişaf etmiş məktəbin əleyhinə gedirsə, sizə məlumatları verən də o insandır. Hamı bilir ki, kimdir o xəstə, manyak adamdır. Mənim onunla, məktəbdə heç kimlə problemim yoxdur. Sadəcə  kənarda kimlərsə qruplaşıb o adamı qabağa atıblar ki, məktəbə böhtan at. 

Ona cavab verəcəyik. İclas keçirmişik, bildirmişik kimdir. 2003-cü ildən o adam məktəbdən yazır-pozur. Bizim gözəl kollektivimiz, müəllimlərimiz, istedadlı şagirdlərimiz var. Rayonun birinciləri sırasındayıq”. 

Bildirək ki, bundan öncə də direktorun vəzifəsinin 5 illiyi ilə əlaqədar ziyafət təşkil etdiyi və ziyafətin pulunu müəllimlərdən yığdığı bildirilmişdi. Bundan başqa  sinif otağında məktəbdən qovulmuş oğlanla məktəbin şagirdi olan qızın videosu da səs-küy yaratmışdı.