Artıq bir neçə gündür ki, həm sosial şəbəkələrdə, həm də mətbuatda "Qaloş piri” ilə bağlı yayılan video müzakirə olunmaqdadır. Xatırladaq ki, həmin videoda Goranboy rayonu Qurbanzadə kəndində "Qaloş piri” deyilən yerdə çəkilib. Videoda görünür ki, insanlar 30 il əvvəl vəfat etmiş Miribiş ağanın evinə yığışaraq, şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtürlər. Bunun əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar. Lakin sonradan Goranboy rayonu İcra Hakimiyyətinin Fəxralı kənd icra nümayəndəsi Mehman İbrahimov oxu.az saytına açıqlama verərək, yayılan məlumatı təkzib edib və bildirib ki, insanların başına çəkdiyi əslində qaloş yox, seyidin papağı olub, görüntülər isə videodakı şəxsin öz babasının il mərasiminə görə ehsan verdiyi vaxt çəkilib.
Rayon rəsminin dediyinə görə videoda büstün yanında papağı nümayiş etdirən seyidin nəvəsi Xəlildir.
Əksəriyyət bu məsələdə dələduzluq, insanların etibarından və inancından sui-istifadə etməklə əmlakını mənimsəmə kimi məqamlar olduğunu bildirir. Belə olan halda pirin sahibini hüquqi məsuliyyət gözləyirmi?
Hüquqşünas Əlövsət Allahverdiyev məsələ ilə bağlı müsavat.com-a danışıb: ”Həmin videoya mən da baxdım. Buna görə də məsələyə həm vətəndaş, həm də hüquqşünas kimi yanaşmaq istərdim. Vətəndaş kimi yanaşmam budur ki, bu cür məsələlərə çox təəssüf edirəm. Bu cür videolara baxanda məlum olur ki, insanlar getdikcə savadsızlaşır, təhsildən yayınır və nicat yolunu pirlərdə tapır. Bu məsələ gülünc doğurur. Necə ola bilər ki, qaloşu başına çəkən insan ondan nicat tapır. Doğrudur deyirlər ki, insanlar nəyəsə inanırlarsa, o inamın dalınca getdikdə nəyəsə nail olurlar. Bu artıq gülüncdür. Bu baxımdan insanların təhsildən kənar qalmasın və getdikcə bunun kütləvi hal almasına çox acıyıram.
İkinci bir tərəfdən bu məsələni ortaya atan adamlar insanların etibarından sui-istifadə edirlər və onların dələduz adlandırılmasının tərəfdarıyam. Təbii ki, bu məsələyə hüquq mühafizə orqanların araşdırmasından sonra hüquqi qiymət vermək olar.
Cinayət Məcəlləsinə görə 178 maddəyə əsasən bu məsələ cinayət hesab olunur. Belə olan halda həmin şəxsləri yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Əgər təkrar törədildikdə və yaxud xeyli miqdarda ziyan vurulduqda şəxsləri üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Ümumiyyətlə ölkəmizdə bu cür faktlar yüzlərlədir. Hüquq mühafizə orqanları onları aşkar etməli, həmin şəxslər məsuliyyətə cəlb edilməlidir. Lakin qeyd edim ki, buna şərait yaradan elə biz özümüzük. Videoya baxanda görürük ki, həmin pirdə nə qədər növbə var. Qadınlar, eyni zamanda kişilər uzun-uzadı növbəyə durub, qaloşu başına sürtürlər. Bu həm gülməli, həm də ağlamalı faktdır”
Şərhlər