Siyasət 15:47 30.10.2019

"Qanunsuz aksiyaların təşkilatçıları və iştirakçıları üçün məsuliyyətlər nəzərdə tutulur" (RƏYLƏR)

"Əgər aksiya iştirakçısı polisə zərbə vuracaqsa, güc tətbiq edəcəksə, onun bu hərəkətinə uyğun olaraq davranılmalıdır. Onu sakitləşdirmək üçün rezin dəyənəklərdənvə digər vasitələrdən də istifadə oluna bilər. Bu, dünya təcrübəsində belədir”.

Bunu "Report”a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O vurğulayıb ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun pozulmasına görə qanunsuz aksiyaların təşkilatçıları və iştirakçıları üçün ayrı-ayrı məsuliyyətlər nəzərdə tutulur:

"İnzibati Xətalar Məcəlləsinə əsasən, bununla bağlı müvafiq cəzalar tətbiq oluna bilir. İştirakçılar üçün 600 manatadək pul, ictimai işlərə cəlb olunma və iki ay müddətə qədər inzibati həbs cəzası nəzərdə tutulur. Təşkilatçılar üçün isə daha ağır cəzalar müəyyənləşdirilib. Eyni zamanda, qanunsuz aksiyalarda cinayət hadisələri törədilərsə, bu zaman artıq cinayət işi açıla bilər”.

"Avropada qanunsuz aksiyalar zamanı təşkilatçı və iştirakçılara tətbiq olunacaq cəzalar daha sərtdir"
 

Hüquq müdafiəçisi bildirib ki, Avropada qanunsuz aksiyalar zamanı təşkilatçı və iştirakçılara tətbiq olunacaq cəzalar daha sərtdir: "Orada pul cərimələri daha çoxdur. Dünya təcrübəsinə əsasən, aksiyalar müəyyən qaydalar çərçivəsində həyata keçirilir. Müəyyən olunmuş məkanlarda aksiyaların keçirilməsi təyin olunursa, bu zaman heç bir problem yaşanmır. Amma qaydalardan kənara çıxanda sərt cəzalar tətbiq olunur. Hazırda Barselonada keçirilən qanunsuz aksiyalarda İspaniya qanunları pozulur. Buna görə də polis aksiyanı dağıtmaq üçün sərt tədbirlər həyata keçirməyə məcbur olur. Misal üçün, Fransanın Paris şəhərində etirazçılar sərbəst toplaşmaq azadlığı haqqında qanundan sui-istifadə edirdilər. Ona görə də aksiyalar elə keçirilməlidir ki, şəhərin görünüşünü pozmasın. Nəqliyyatın hərəkətinə mane olan yerlərdə akisyalar keçirmək qadağandır”.

S.Məmmədov vurğulayıb ki, asayişi təmin etmək üçün qanunsuz aksiyaları dağıtmaq polisin işidir: "Sadəcə olaraq, bu zaman polis aksiya iştirakçılarına ərazini tərk etmək üçün təklif verir. Təklif qəbul olunmadığı halda isə məcbur edilir. İnsanların qanunsuz aksiyaların təyin olunduğu yerlərdən məcbur uzaqlaşdırılması zorakılıq kimi qeydə alınır. Əslində isə hər hansı bir şəxsə ərazini tərk etmək təklif edildiyi halda, o, getmirsə, bu zaman qolundan tutub aparırlar. Bu zaman da getmək istəmirsə, məcbur olub sürüyərək, əlindən-qolundan yapışaraq aparırlar. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Burada polis zorakılığından söhbət getmir. Təbii ki, əgər polisin tələbinə uyğun olaraq şəxs ərazini tərk edirsə, ona qarşı güc tətbiq olunması artıq professionallığın pozulması deməkdir”.

"Razılaşdırılmamış aksiyanın xəbərdarlığa məhəl qoymayan iştirakçılarını dağıtmaq üçün polisin güc tətbiq etməsinə yol verilir"
 

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə "Report”a açıqlamasında bildirib ki, qanunvericiliyin tələblərinə görə, bəzi yerlərdə kütləvi aksiyaların keçirilməsi qadağan olunur yaxud, müəyyən məsafələrdə keçirilməsinə icazə verilir: "Metropolitenin, nəqliyyat qovşaqlarının mühafizə zolaqlarında aksiyalar keçirmək qanun pozuntusudur. Bütün bunlar hər şeydən əvvəl aksiyanın təhlükəsizliyini təminat üçün həyata keçirilir. Aksiyanın ən mühüm məqsədi ondan ibarətdir ki, dinc olmalıdır. Bütün digər aksiyalar qadağan edilir. Əgər razılaşdırılmamış aksiya olarsa, bu zaman polis tərəfindən iştirakçılara dağılmaq əmri verilir. Polisin xəbərdarlığına məhəl qoyulmursa, polis iştirakçıları aksiyanın təyin olduğu razılaşdırılmamış yerdən uzaqlaşdırmaq üçün tədbirlər həyata keçirir. Bu zaman polisə güc tətbiq etməyə yol verilir. Qanunsuz aksiya zamanı hər hansı sahibkara ziyan dəyirsə, bu zaman da aksiya təşkilatçıları məsuliyyət daşıyırlar”.