Ölkə 22:04 05.08.2018

Qanunsuz tikili var, cəza yox

Vətəndaşa kompensasiya ödənilsə də, buna icazə verənlər məsuliyyətdən kənarda qalır

Tikintisində qanunsuzluğa yol verilən ev və obyektlərin sökülməsi yenidən gündəmdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə də torpaqlardan düzgün istifadə, qanunsuz tikintilərin qarşısının alınmasının vacibliyini vurğulayıb və bununla əlaqədar ciddi tədbirlərin görülməsi barədə aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib.  Bu tapşırıqların icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqların istifadəsi ilə bağlı monitorinqlər aparılır. 

Monitorinqlər zamanı bir sıra hallarda mühafizə zolaqlarında, magistral yollarda, yaşıllıq zonalarında, o cümlədən, qaz, neft, su, elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqlardan qeyri-qanuni istifadə olunmaqla, özbaşına tikinti işlərinin aparılması faktlarına rast gəlinir. Belə halların qarşısı dərhal alınır, torpaqlardan əsassız istifadə dayandırılır.   

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, son 10 gün ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edilib. Ümumilikdə isə respublika üzrə kommunikasiya xətləri və mühafizə zolaqlarında yerləşən torpaqların istifadəsi ilə bağlı aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı hüquq-mühafizə orqanlarına sənədlər təqdim edilib. Artıq 20 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub.

Belə hallar əsasən paytaxtın Xətai rayonunda yerləşən ərazisində qeydə alınıb. Babək prospektində yüksək gərginlikli elektrik xətlərinin, avtomobil və dəmir yollarının mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası dayandırılıb. Digər qanunsuz tikililər Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilib. Yüksək gərginlikli qaz kəmərinin və dövlət əhəmiyyətli Bakı-Novorassiyski neft kəmərinin mühafizə zolağında çoxlu sayda fərdi yaşayış evləri, digər obyektlər aşkar olunub. Bununla əlaqədar da aidiyyəti orqanlara müraciət edilib. Belə hallar ətraf mühit və əhali üçün təhlükə mənbəyi olmaqla yanaşı, hüdudların dövlət qeydiyyatına alınmasında da çətinliklər yaradır. Eyni zamanda, qanunsuz tikintilərin mühafizə zolaqlarında aparılması həmin kommunikasiya xətlərinə cavabdeh olan təşkilatların fəaliyyətində də problemlər yaradır. Bununla əlaqədar olaraq həmin  təşkilatların məsuliyyətinin artırılması məqsədi ilə Komitə tərəfindən onlara rəsmi müraciətlər  olunub, Nazirlər Kabinetinə məktub ünvanlanıb.

Qanunsuz torpaq sahəsinin ayrılması və tikintilərin aparılmasının qarşısının alınması  aidiyyəti yerli və mərkəzi icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Qeyd edilməlidir ki, bununla əlaqədar  Əmlak Məsələləri Dövlət Komitəsi ilə Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb, bir sıra pozuntu halları ilə bağlı hüquq- mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciətlər olub. Qeyd edək ki, mühafizə zolaqlarında qanunsuz evlər tikib yaşayan vətəndaşlar ərazidən köçürülərkən də bir çox hallarda  dövlət büdcəsindən kompensasiya ödənilir. Təbii ki, bu, büdcədə əvvəlcədən nəzərdə tutulmayan əlavə xərcdir. Ancaq yenə əksər hallarda həmin torpaqları vətəndaşlara verən qurumlar və onların istər o zamanki, istərsə də indiki rəhbərləri cəzadan kənarda qalır. Halbuki büdəcəyə əlavə yükü məhz həmin şəxslər öz şəxsi maraqları xatirinə gətirirlər. Belə şəxslərlə mübarizə üsulu necə olmalıdır?

Milli Məclisin deputatı Fazil Mustafa "Cümhuriyət” qəzetinə bildirib ki, məsələyə şəffaf yanaşılsa, problemin həlli mümkündür: "Hesab edirəm ki, sözügedən məsələdə şəffaflıq yoxdur. Ona görə də, bir sıra qurumlar özbaşına mühafizə zolaqlarındakı torpaqları rüşvət müqabilində satırlar. Bu səbəbdən də, həmin ərazilərdə tikilən ev və obyekt sahibləri tamamilə pis vəziyyətdə qalıblar. Qənaətimcə, bu əraziləri satan şəxslərin cəzalandırılması məsələsini düşünmək olar. Çünki kommunikasiya xətlərinin  yaxınlığındakı ərazilərin  satılması ciddi nöqsandır. Bu, gələcəkdə ölkənin magistral yollarına, yaşıllıq zonalarına, o cümlədən, qaz, neft, su, elektrik xətləri infrastrukturuna xeyli məhdudlaşdırmalar gətirə bilər. Ona görə də bu məsələdə prinsipial davranıb, mühafizə zolaqlarındakı torpaqları verənlərin cəzalandırılmasını təmin etmək lazımdır”.