Ölkə 16:48 31.03.2017

Qara Tofiqin sağlığına... 150 qram söz!

Dostumuz, birillik milli demokratik hakimiyyətin, daha sonra isə demokratiya mücadilsəinin sayğıdəyər simalarından, çoxunun “Qara Tofiq” kimi tanıdığı Tofiq Hüseynlinin 65 yaşı tamam olurmuş. “Olurmuş” dedim, çünki mən bəyi daha cavan bilirdim, ilk eşidəndə yəqin yanlışlıq var deyə düşündüm.

Yanlışlıq yox imiş.

Qara Tofiq yaşı ilə müqayisədə xeyli gəncdir – görünüşcə də, ruhca da.

Və bəlkə mənim Tofiq bəyin 65 yaşı arxada qoyduğuna inanmamağımın bir səbəbi də aramızda az qala bir qərinəlik yaş fərqi olmamasına baxmayaraq, bizim bir süfrədə həmişə yaşdaş kimi  oturmağımızla bağlıdır.  

Əslində Qara Tofiqlə aranda çox rahatlıqla bağ qura, onunla çox asanca dil tapa, yol gedə bilərsən – yetər ki, yalandan və hiylədən uzaq olasan. Qatığın rəngini qarışıq salmayasan.    
Azərbaycan təcrübəsindən bilirik ki, 65 yaşacan Azərbaycanın azad, demokrtatik gələcəyi ilə bağlı arzularını, ümidlərini və mücadilə ruhunu qorumaq, haqsız həbsə, dürlü-dürlü siyasi təhlükələrə baxmayaraq, dönməz qalmağın nümunəsini yaratmaq hər kəsin hünəri deyil. Bəy, var ol ki, sən bu nümunəni yaradanlardasan.

Və əminəm ki, səni cismən də, qəlbən, ruhın də belə gənc saxlayan elə budur – ideyalarını, dəyərlərini bütün maddi nemətlərdən uca tuta bilməyin!

Bəy, həmişə belə qal ki, həm də həmişə belə gənc, güclü qala biləsən!

Səni tanımaq, səninlə dost, arxadaş olmaq adama qürur verir.

Bağrıma basır və 65 yaşını qutlayıram!

70 yaşında işıqlı bir Azərbaycanda sağlığına badə qaldırmaq ümidi və arzusu ilə:

Elnur Astanbəyli
 
Qaynar.Az