İdman 16:56 06.09.2019

"Qarabağ" Asmir Beqoviçlə müqavilə imzaladı

"Qarabağ"ın yeni transferi Asmir Beqoviç bu gün səhər saatlarında Bakıya gəlib.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, bosniyalı qapıçı tibbi müayinədən keçdikdən sonra klubun bazasında rəsmi müqaviləyə imza atıb. Beqoviç bu gün komanda ilə ilk məşqinə çıxacaq.

Qeyd edək ki, Asmir Beqoviç peşəkar karyerasına İngiltərənin "Portsmut" klubunda başlayıb. 2005-2010-cu illərdə bu kluba məxsus olan qolkiper Belçikanın "La Luvyer”, İngiltərənin "Makklesfild",  "Bornmut", "Yeovil" və "İpsviç" klublarına icarəyə verilib. O, 2010-cu ilin fevralında "Portsmut"dan 3,75 milyon avroya "Stok Siti"yə transfer olunub. "Çelsi" 5 il sonra bosniyalı qolkiperi 11 milyon avroya heyətinə qatıb. İki il London klubunda çıxış edən Beqoviç 2017-ci ilin yayında 11,5 milyon avroya "Bornmut"a keçib. O, ötən mövsüm bu komandanın heyətində Premyer Liqada 24 oyun keçirib. 

Beqoviç 2004-2007-ci illərdə Kanadanın U-21 yığmasında çıxış edib. 2010-cu ildən isə Bosniya və Herseqovinanın əsas millisinə dəvə alır (61 oyun).

32 yaşlı qolkiper 2016/17 mövsümündə "Çelsi" ilə İngiltərə çempionu olub və Federasiya Kubokunda final oynayıb.