Zaur Əliyev

Blogger
Yazılar
10
Qarabağ atları - Kraliçadan Ərdoğana kimi

Qarabağ atları - Kraliçadan Ərdoğana kimi

Türkiyə Prezidenti Ərdoğana Zəfər adlı atın bağışlanması bir tarixi faktı yadıma saldı. Təqdim etdiyim fotoda İngiltərə kraliçası ona hədiyyə olunan Qarabağ atının belindədir.

1823-cü ildə ingilislər Mehdiqulu xanın Atçılıq zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparıblar. 

Qarabağ atının döllük və iş qabiliyyəti həmişə diqqəti cəlb edib. XIX əsrin ortalarından başlayaraq, bu cinsdən olan atlar Ümumrusiya, Parisdə keçirilən Ümumdünya at sərgilərində nümayiş etdirilib, yüksək mükafatlara layiq görülüb.

Ağdam Atçılıq Zavodunda yetişdirilən "Sumqanda” adlı at iki yaşında 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə, üç yaşında isə 2400 metri 2 dəqiqə 52 saniyəyə qaçaraq rekord sürət göstərib. Bundan başqa "Liston”, "Siqnal”, "Naliv” adlı Qarabağ atları da müxtəlif vaxtlarda rekord nəticə göstərməklə dünya göstəricilərinə nail olub. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur. 

Qarabağ atının SSRİ zamanında Moskva Beynəlxalq At Hərracı vasitəsilə xarici ölkələrə satılması həyata keçirilirdi. 

Qarabağ atının Avropaya gedişi

1956-cı ildə Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan "Zaman” adlı Qarabağ atı da bağışlayıb. "Zaman” ləqəbli qızılı-səmənd rəngli Qarabağ atı (digəri axaltəkə cinsindən) idi. Boyunun kiçik olmasına baxmayaraq, onun harmonik quruluşu və ümumi təsiri Krallıqda böyük marağa səbəb olub. Onu minən bir nüfuzlu şəxs demişdi: Kraliça II Yelizavetanın yubiley mərasimində demişdi: "Mən heç zaman belə rahatlığa və duyuma malik ata minməmişdim. Cəsarətlə deyərdim ki, o, məşhur ərəb atlarından da üstündür”.

Kral Qəsrinin önündə toplanmış minlərlə insan atımızı ayaqda alqışlamağa başlayır. İngiltərənin adlı-sanlı, əsil-nəcabətli lordları dəyirmi şlyapalarını hörmət əlaməti olaraq başlarından çıxarır, qadınlar dəsmallarını yelləyirlər. Sevincindən kraliçanı göz yaşları boğur. Bütün imperiyanın idarəçilərinin yığıldığı London onu qəbul edir, gözəlliyinin qüdrəti qarşısından afərin deyir...

Bu afərinə səbəb Ağdam atçılıq zavodunda böyüdülən Zaman adlı at idi.

Zaman atı o qədər gözəl olub ki, onun rəngindən valeh olan ingilis qadınlarının öz saçlarını və şenyonlarını həmin atın rənginə oxşadaraq, açıq qızılı-kürən rəngdə boyadıblar. "Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gəlmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb.

Kral, ya da kraliça?
Öz əvvəlki hökmündəmi
bu gün yenə
Britaniyada kraliça?
Kraliça Yelizaveta...
...Ekzotika vurğunudur
Kraliça Yelizaveta.
Səyahətə çıxan zaman
qamçı vurmaz o hər ata!
Meyil salıb Qarabağdan
Töhfə kimi gətirilən
Kəhər ata!
"Zaman" yatmır ipə, sapa,
Dirək olub kişnərtisi yerə, göyə...
-  Bəxtiyar Vahabzadə 1976-cı ildə yazdığı "Qarabağ atı" şeirində İngiltərə kraliçasına göndərilmiş hədiyyədən bəhs etmişdi...

Dosent Zaur Əliyev

OXŞAR XƏBƏRLƏR