Siyasət 10:42 27.11.2020

Qarabağ cəbhəsində yeni savaş başlayır (ŞƏRH)

"Qarabağ müharibəsinin Rusiya cəbhəsində strateji mübarizə davam edir”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy Ermənistanın Qarabağla bağlı siyasətini şərh edərkən bildirib.
 
 

Ermənistanın hər vəhclə Rusiyanı yenidən ənənəvi ermənipərəst xəttə çəkmək istədiyini deyən Nazim Cəfərsoy hesab edir ki, Azərbaycan buna qarşı çox rasional siyasət aparmalıdır: 

"Müharibə boyunca Ermənistan tərəfi və onun Moskvadakı havadarları Rusiyani erməni səngərində vuruşmağa cəlb etmək üçün 50 oyundan çıxdı. Gah dedilər vuruşan Türkiyədir, Rusiyanı Qafqazdan çıxarmaq istəyir, gah dedilər, terrorçular Qarabağdadır, Rusiya hərbi müdaxilə etsin və s. Azərbaycan tərəfi ağıl və təmkinlə lazımi mübarizəsini apardı, ermənilər 44 gün boyunca öz məqsədlərinə çata bilmədilər.

Rus sülhməramlıları gəldikdən sonra Qarabağ cəbhəsindəki mübarizədə yeni mənzərə yaranıb. Ermənistan tərəfi, xüsusilə də Qarabağ klanı Qarabağı Abxaziya və Cənubi Osetiyaya çevirmək üçün çalışır. Bu çərçivədə gah xristian qardaşlığı deyirlər, gah xilaskarımiz deyirlər, gah da tort bişirib, üstünə Rusiya bayrağını və qondarma qurumun bez parçasını qoyub verirlər. Rus mətbuatında Qarabağ ermənilərinə Rusiya pasportları iddiası yayımlanır, ənənəvi ermənipərəst mətbuat Rusiya ordusunun regionda daimi qalması üçün 50 hoqqa çıxardır.

Çalışırlar ki, hər vəchlə bizi təhrik etsinlər və Rusiyanı yenidən ənənəvi ermənipərəst xəttə çəksinlər. İnanıram ki, Azərbaycan müharibəyə hazırlıq dövründə və 44 günlük müharibə ərzində olduğu kimi strateji səbir və ağılla hərəkət edəcək.

Unutmayaq ki, Ermənistan və Qarabağ ermənilərinin bu dalandan çıxmaları üçün tək variantları var: Rusiyanı 90-ların başında olduğu kimi tamamilə öz tərəflərinə çəkmək. Azərbaycanın strateji ağlının buna imkan verməyəcəyini düşünürəm və inanıram.

Şəhidlərimizin qanının yerdə qalmaması və ərazi bütövlüyümüzün hər mənada təmini üçün gərəkənləri strateji ağılla və təmkinlə davam etdirməliyik.
Cəmiyyətimiz və vətəndaşımız haqlı olaraq hissləri ilə hərəkət edə bilər, ancaq dövlətimizin belə bir lüksü əsla yoxdur. Dövlət bu mürəkkəb strateji oyunu qaydalarına uyğun aparmalıdır”.  

Orxan Əhmədli