İdman 09:20 10.07.2019

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün Azərbaycan futbol klubları üçün yeni mövsüm start götürür. 

Qaynarinfo xəbər verir ki, avrokubokların yeni mövsümündə meydana çıxan ilk komandamız "Qarabağ” olacaq. Azərbaycan çempionu Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq. Yeddiqat Azərbaycan çempionu ilk oyununu Albaniyada keçirəcək.

"Partizani”nin qonağı olacaq Qurban Qurbanovun yetirmələri cütün taleyini Tiranada həll etməyə çalışacaq. Ötən il bu ölkənin digər təmsilçisi "Kukesi” ilə II təsnifat mərhələsində qarşılaşan "Qarabağ” Albaniyada qələbə qazana bilməmişdi - 0:0. Lakin Bakıdakı üç qol təmsilçimizə böyükhesablı qələbə bəxş etmişdi.

Bu dəfə səfərdə də azarkeşlərini sevindirmək niyyətində olan "Qarabağ” rəqib meydanında fərqlənsə, Çempionlar Liqasında özünün 30-cu qolunu vuracaq. Ağdamlıların vuracağı ikinci top isə klub tarixinə 100-cü avrokubok qolu kimi düşəcək.

Qeyd edək ki, Tirananın Selman Stermesi stadionundakı matç Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyun

10 iyul
19.30 Partizani (Albaniya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Porvaldur Arnason, Yohann Qunnar Qudmundsson, Andri Viqfusson, Petur Qudmundsson (İslandiya).
Hakim-inspektor: Konrad Plautz (Avstriya).
UEFA nümayəndəsi: Tammo Beyşuizen (Hollandiya).
Tirana. Selman Stermasi stadionu.