İdman 22:48 01.08.2018

“Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsinə 3 qolla yüksəldi

"Qarabağ” Çempionlar Liqasında növbəti oyununa çıxır.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu bu gün II təsnifat mərhələsinin cavab matçını keçirəcək. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Albaniya "Kukesi”si ilə üz-üzə gələcək. Ötən həftə səfərdə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə qalib gəlməyə çalışacaq.

III təsnifat mərhələsinə yüksəlmək üçün mütləq qalib gəlməli olan "Qarabağ” ardıcıl 5-ci dəfə ikinci raundu adlamaq əzmindədi. Cari mövsümdə qapısından top buraxmayan Ağdam klubu bu vəzifənin öhdəsindən gəlmək üçün həm seriyasını davam etdirmək, həm də rəqib qapısına yol tapmaq barədə düşünəcək.

İndiyədək Azərbaycan təmsilçiləri Albaniya klublarına qalib gələ bilməyib. Bu üzdən də "Qarabağ”ın qazanacağı qələbə ilklə əlamətdar olacaq. İki ölkə təmsilçilərinin əvvəlki 5 duelinin hamısı heç-heçə başa çatıbsa, onlardan birinin əlavə vaxtında albaniyalılar qələbə qolunu vurub. Ağdam təmsilçisi sabahkı görüşdə Albaniya sindromunu qırmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək və "Torpedo” (Gürcüstan) - "Vikinqur” (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

1 avqust
Qarabağ (Azərbaycan) - Kukesi (Albaniya) 3:0
Qol: Dani Kintana, 24 (pen); 56 (pen); Delarj, 89
Qırmızı vərəqə: Alla, 52
Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (Slovakiya).
Tofiq Bəhramov adına Respublika stadionu.
 
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 1.Hannes Halldorsson, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.


Kukesi: 77. Stivi Fraşeri, 4. Yili Şameti (k), 6. Albi Alla, 7. Arber Sirbya, 9. Sebino Plaku, 15. Harallamb Qaqi, 20. Simo Rumbullaku, 23. Besar Musolli, 24. Edis Maliki, 26. Villiam Kordeyro, 33. İrakli Dzariya.
Ehtiyat oyunçular: 1.Yetmir Başa, 5. Rüstem Hoca, 8. Vangel Zquro, 10. Donyet Şkodra, 28. Haris Harba, 90. Rejinaldo, 99. Dino Şpehar.
Baş məşqçi: Armando Kunqu.