Video 12:01 10.02.2019

"Qarabağ" rəqib futbolçuya təşəkkür etdi (FOTO/VİDEO)

"Sumqayıt"ın müdafiəçisi Rail Məlikov Topaz Premyer Liqanın XVI turunun "Qarabağ"la oyunundakı (0:2) hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Qaynarinfo xəbər verir ki, təcrübəli futbolçu 20-ci dəqiqədə rəqib komandanın yarımmüdafiəçisi Filip Ozobiçin qolu zamanı baş hakim Orxan Məmmədovun düzgün qərar verməsinə kömək edib.

Qeyd edək ki, Ozobiçin vurduğu zərbədən sonra top qapı torunu deşərək, kənara çıxıb. Orxan Məmmədov əvvəlcə qolu saymasa da, "Qarabağ" futbolçularının etirazından sonra fikrini dəyişib. 

Həmin vaxt Rail Məlikov da referiyə topun qapıdan keçdiyini bildirib. Bu məqamdan sonra hakim qolun keçərli olduğunu elan edib. Rail bu addımı ilə "Qarabağ" azarkeşlərinin rəğbətini qazanıb. Klubun rəsmi səhifəsindən isə futbolçuya xüsusi təşəkkür edilib: "Bugünkü oyunda ilk qol zamanı hakimə doğru qərar verməkdə kömək edən Rail Məlikova təşəkkür edirik". 

Qarşılıqlı hücumlarla keçən ikinci hissənin sonlarında "Qarabağ" ikinci qolunu vurub. Küncdən zərbədən sonra Bədavi Hüseynov topu qapıya göndərib. Qarşılaşma bu hesabla da başa çatıb.