Ölkə 12:31 06.02.2014

Qarabağ veteranından Zakir Həsənova MÜRACİƏT

Tərtər rayonu Xoruzlu kənd sakini  Əsədov Qəmbər Əsgər oğlu müdafiə naziri Zakir Həsənova müraciət edib. 

Qarabağ döyüşçüsü Qaynar.info-ya göndərdiyi müraciətdə bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi Müdafiə Nazirliyini bəhanə gətirərək süni şəkildə ona problem yaradır. 

Belə ki, Qarabağ əlilinə vəsiqəsini dəyişmək üçün nazirliyə müraciət etməyi, MN-dən müvafiq arayış almasını bildirir. Nazirliyə isə dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb. 

Müraciəti təqdim edirik: 

"Cənab nazir! 

Mən 1993-95-ci illərdə  703 saylı  hərbi briqadanın əsgəri kimi  Azərbaycan  Ordusunda  qulluq  eləmişəm. Tərtər istiqamətində  gedən döyüşlərin iştirakçısıyam. Lakin veteran vəsiqələri  dəyişəndə üzrlü səbəbdən köhnə vəsiqəmi dəyişə bilməmişəm. Sonradan veteran vəsiqəmi dəyişdirmək istəyəndə məndən tələb elədilər ki, Müdafiə Nazirliyi mütləq  yenidən arayış verməlidir. Mən bu barədə dəfələrlə nazirliyə müraciət etsəm də, müraciətim cavabsız qalıb.

Cənab nazir! 

Sizdən artıq dərcədə xahiş edirəm bu süründürməçiliyə son qoyasınız  və mən qanuni  hüquqlarımı bərpa edim".   

Qaynar.info