Mirzə Rəşad
Siyasət 18:33 28.10.2021

Qarabağda tikilən hava limanları: Nə qədər əhəmiyyətlidir?

Əvvəla, ondan başlayaq ki, 44 günlük Vətən müharibəsinin bizə qazandırdığı tarixi zəfərin ardınca Azərbaycan sürətli şəkildə Qarabağın yenidən bərpası prosesinə başlayıb və bu, hər mənada çox önəmli məsələdir. Aparılan sürətli bərpa və yenidənqurma işləri arasında isə hava limanlarının tikintisinin ön planda durmasını, hər nə qədər də cəmiyyətdə birmənalı qarşılanmasa da, ciddi hadisə hesab emək olar. 

Layihələrə xərclənən pullar ictimai vəsaitlər olduğundan, bəzi analitiklər, müxalif siyasi dairələrin gətirdikləri haqlı arqumentləri də gözardı etmək doğru deyil. Perspektivdə iqtisadi, logistik və hərbi səmərəsi hamını qane edəcək şəkildə əsaslandırılmamış bir-biri ilə qonşu olacaq bu hava limanlarının inşasına böyük miqdarda dövlət vəsaitlərinin xərclənməsinin ağlabatan bir izahı mütləq olmalıdır. Adətən görülən işlərlə bağlı, onların mahiyyəti, əhəmiyyəti barədə hökumət xəsisliklə məlumat paylaşdığı, az izahat verdiyi üçün, cəmiyyətdə fərqli spekulyativ arqumentlərin ortaya çıxmasına səbəb olur ki, bu da doğru deyil. Regionda baş verən geosiyasi və geoiqtisadi hadisələri və yeni reallıqları dərindən təhlil edəndə, Qarabağda inşa edilən hava limanlarının hərbi-siyasi, strateji, iqtisadi, logistik əhəmiyyəti barədə, nəzəri də olsa, pozitiv qənaət formalaşdırmaq olar. Xüsusilə, yeni açılan Füzuli Hava Limanı və qardaş ölkə Türkiyənin prezidenti Rəcəp Tayyib Ərdoğanın bu açılışda iştirakının ölkəmiz və region üçün siyasi əhəmiyyəti çox böyükdür. Əvvəlcə bununla bağlı fikirlərimi bölüşmək istəyirəm. 

Qarabağa sayca ikinci dəfə səfər edən sayın Ərdoğanın bu dəfəki gəlişinin şəkli və özündən sonra buraxdığı siyasi nəticələr, başa düşənlər üçün dərin iz buraxdı, desək, yalan olmaz. Xatırlayırsınızsa, ilk səfər strateji baxımdan çox əlamətdar hadisə ilə yadda qalmışdı: Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı və bununla da, məlum sənəd Türkiyənin Naxçıvanın qarantı olduğu qədər, Qarabağın da qarantı olmasına, ümumi planda isə, regionda Azərbaycanın təhlükəsizliyinə zəmanət verdi. 

Azərbaycanın dövlət başçısının, hazırda ermənilərin yaşadığı, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xankəndi şəhəri, Şuşa rayonu, Xocalı, Xocavəndin də yer aldığı Qarabağ İqtisadi Rayonunun yaradılması barədə 7 iyul fərmanından sonra, Türkiyə liderinin Qarabağa növbəti səfəri onun mesajı idi ki, bu ərazilərdə Azərbaycan suverenliyinin bərpa edilməsinin alternativi yoxdur və bu mühüm prosesdə Ankaranın Bakının yanında olduğu bir daha nümayiş etdirildi. Qarşıda sülh danışıqlarının olması ehtimalı var və bu görüşdən öncə belə bir səfər Azərbaycanın əlini güclü edən siyasi faktordur. Çünki zaman-zaman, xüsusilə post-müharibə dövründə fərqli qıcıqlandırıcı mövqe sərgiləyən və bölgədə sülhməramlı kontingentə sahib olan təkcə Rusiya üçün yox, həm də "status” məsələsini canlandırmaq istəyən bütün tərəflərə belə bir mesajın verilməsi lazım idi.

Ərdoğanın birbaşa sərhəd rayonu olan Füzulidə inşa edilən yeni hava limanına enişi eyni zamanda İrana sərhəddən verilən açıq mesaj xarakteri daşıdı. Bəllidir ki, son zamanlar anlaşılmaz, müsəlman həmrəyliyindən uzaq geosiyasi illüziyalar içində olan qonşu İran dövləti Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün alternativ layihələr üzərində qafa yorur. Ərdoğanın bölgəyə gəlişi və İlham Əliyevlə publik olaraq, Avropa və Asiya arasında nəqliyyat-kommunikasiya zolağına yeni nəfəs qazandıracaq Zəngəzur Dəhlizinin təməlini atması o demək idi ki, Tehranın məkrli planlarının həyata keçməsinə imkan verilməyəcək. Başqa bir yandan isə, Azərbaycana qarşı təhdid, Türkiyəyə qarşı təhdiddir mesajı verilmiş oldu. 

Türkiyə prezidentinin müharibədən yenicə çıxmış bir bölgədə yeni inşa edilən beynəlxalq hava limanına birbaşa təyyarə ilə səfəri dünya iqtisadiyyatına yön verən qlobal investisiya korporasiyaları, təşkilatları, konkret sərmayədarlar üçün də pozitiv bir mesaj oldu. Beynəlxalq aləmə müharibənin başa çatdığı reallığını göstərməsi və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayədarların bölgəyə rahatlıqla cəlb edilməsi baxımından, bu, çox əhəmiyyətli idi. Ümumiyyətlə, xarici investorlar üçün sərmayə yatıracaqları regionlarda nəqliyyat-kommunikasiya xətlərinin, qovşaqlarının yaxşı səviyyəsi, xüsusilə də dünya ilə əlaqədə olan beynəlxalq hava limanlarının mövcudluğu önəmli faktordur. 

Elə buradan çıxış etsək, Füzuli Beynəlxalq Hava Limanının inşasının Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonları qədər, Zəngəzur Dəhlizinin də əhəmiyyətini artıran əsas addımlardan biri hesab edə bilərik. Zəngəzur Dəhlizi işə düşdükdən sonra istər daxili daşımalar, istərsə də Uzaq Şərqdən, Mərkəzi Asiya ölkələrindən yüklərin hava limanına daha rahat və sürətli daşınması, ardınca isə dəhliz vasitəsilə Türkiyəyə, Avropaya çıxması baxımından önəmli tranzit-plazdarm rolunu oynaya biləcək Füzuli aeroportu. Nəzərə alsaq ki, bütün növ təyyarələrin, o cümlədən, ağır yük daşıyan təyyarələrin də eniş etməsi mümkün olacaq, o zaman Qarabağda inşa edilən və tikiləcək digər hava limanlarının əhəmiyyətini anlamaq o qədər də çətin deyil. Zəngəzur dəhlizi və onunla əlaqəli fəaliyyət göstərəcək yeni beynəlxalq hava limanları Avropa və Asiyanı birləşdirən "Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi kimi əhəmiyyətli marşrut olmaqla, Ankara və Bakının təkcə regionda deyil, qlobal miqyasda da, Avrasiya üzrə mümkün geosiyasi və geoiqtisadi dəyişikliklərdə beynəlxalq mövqeyini gücləndirəcək.

Hava limanlarının gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda nə kimi iqtisadi perspektivlər vəd etdiyi barədə də birmənalı olmayan müxtəlif fikirlər var. Bütün neqativ fikirlərdən uzaq olsaq, etiraf etməliyik ki, 30 ilə yaxın bir müddətdə işğalda qalmış, faktiki istifadəsiz qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi planda çox böyük potensialı, üstünlükləri var. Bura yeraltı zənginliklər, əkinə yararlı torpaqlar, otlaq sahələri, unilkal iqlim resursları, su ehtiyatı, relyef xüsusiyyətlərini aid etmək olar. Düzgün qiymətləndirmələr aparılsa, optimal elmi-iqtisadi yanaşmalar tətbiq olunsa, regionun özəlliklərinə uyğun ciddi rentabelli layihələr işlənsə, böyük investisiyalar yatırılsa, işğaldan azad edilmiş regionlarımızın mədən sənayesinin dirçəldilməsi, kənd təsərrüfatının əsaslı şəkildə canlandırılması, sənaye məhsullarının istehsalı üçün böyük ehtiyatlar, resurslar mövcuddur. Bura qədim tarixi-memarlıq abidələrini, yaşayış məskənlərini, yay-qış mövsümü ürzə istirahət, eləcə də müalicə turizmini də əlavə etsək, növbəti illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkə iqtisadiyyatına qazandıracağı dividentlər faiz etibarilə 9-11 faiz həddində ölçülə bilər. Bu isə, qeyri-neft sektorunun inkişafı baxımından kiçik rəqəm deyil, söhbət 7-9 milyard manat vəsaitin dövlət büdcəsinə daxil olmasından gedir.

Regionda infrastruktur layihələrin tez bir zamanda yaradılması istər məskunlaşma, istərsə də investisiya qoyuluşlarını stimullaşdırmaq baxımından önəmlidir, bundan ötrü isə nəqliyyatın bütün növlərinin formalaşdırılması olduqca vacib addımdır. Nəzərə alaq ki, hava və dəmir yolları yalnız sərnişindaşıma üçün deyil, eyni zamanda sənaye, ticarət və kənd təsərrüfatı sahələrində yükdaşımaların və logistikanın təşkili üçün də əsas elementdir. Yol bir mədəniyyətdir, yol varsa, həyat var, iqtisadiyyat var fikri əbəs deyilməyib.

Bundan başqa, mürəkkəb relyef quruluşuna və sərt iqlim şərtlərinə malik Zəngilan, Laçın, Kəlbəcər və Şuşa rayonları üçün nəqliyyat-kommunikasiya xətlərinin inkişafında təkcə quru yollarının sayının artırılması çıxış yolu deyil. Müharibədə məğlub olmuş ermənilər arasında hələ də revanşist hislərlə yaşayan insanların, siyasi qrupların olduğunu nəzərə alsaq, sərhəd boyu Zəngilan-Qubadlı, Laçın və Kəlbəcər rayonları bu gün də potensial müharibə ocağıdır. Məhz buna görə sözügedən bölgənin nəqliyyat infrastrukturunun bərpası və yeni yolların salınması ilə yanaşı, Zəngilanda və Laçında beynəlxalq hava limanlarının inşası da həyati əhəmiyyət kəsb edir. Mümkün hərbi təxribatlar şəraitində hərbi personalın və təchizatın, o cümlədən təminatın çatdırılmasının operativ həlli baxımından Kəlbəcərdən 60 km, Şuşadan 40 km məsəfədə yerləşəcək Laçın Hava Limanının əhəmiyyətini izah etməyə, məncə, gərək yoxdur. 

İkinci Qarabağ müharibəsi döyüş vaxtı ən son müasir texnologiyaların mükəmməl tətbiqi ilə də tarixə düşdü. Türkiyədən aldığımız "Bayraktar TB2" insansız döyüş hava aparatları (PUA) bu mənada xüsusilə seçildi. Bəlli uçuş radiusu olan PUA-ların daha rahat idarə edilməsi üçün yeni uçuş zolaqlarının yaradılması və idarəetmə mərkəzlərinin məsafələrinin qısalması baxımından Zəngilan və Laçın hava limanlarının mövcudluğu önəm daşıyır. Hər an bu limanlar hərbi təyinat üçün istifadə edilə bilər. Hava məkanında döyüş radisu genisləndirildikdən sonra peyk üzərindən idarə olunan PUA-ların idarəetmə kanalına mümkün xarici müdaxilə imkanlarını minimallaşdırmaq radio-elektron mübarizədə üstünlük qazanmaq üçün vacibdir. Bu mənada Qarabağda inşa edilən və tikintisi planlaşdırılan beynəlxalq aeroportların hərbi-strateji əhəmiyyəti böyükdür.

Mirzə Rəşad Bakuvi 
Siyasi şərhçi