İdman 23:55 09.08.2022

"Qarabağ"dan möhtəşəm oyun, tarixi qələbə

"Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan çempionu buna Macarıstan "Ferensvaroş”unu qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdırmaqla nail olub.

Ötən həftə III təsnifat mərhələsinin Bakıdakı ilk görüşündə 1:1 hesablı heç-heçə ilə kifayətlənən Ağdam klubu cütün taleyini səfərdə həll edib. Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəlməyi bacarıb. İlk yarıda Abdullah Zubir, fasilədən sonra isə iki dəfə İbrahima Vadji Macarıstan çempionunun qapısına yol tapıb. Son dəqiqələrdə macarlar bu toplardan birinin əvəzini çıxsa da, Azərbaycan çempionu səfərdən qələbə ilə ayrılıb - 3:1.

Bu qələbə ilə "Qarabağ” Çempionlar Liqasının pley-offuna yüksəlib. "Ferensvaroş” isə Avropa Liqasının pley-offunda oynayacaq.

Ağdam təmsilçisi növbəti raundda Çexiya "Viktoriya”sı ilə görüşəcək. "Qarabağ” avqustun 16-17-də evdə, 23-24-də səfərdə meydana çıxacaq. Bu cütün qalibi Çempionlar Liqasının, məğlubu Avropa Liqasının qrupunda oynayacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

9 avqust
Ferentsvaroş (Macarıstan) - Qarabağ (Azərbaycan) 3:1
Qollar: Abdullah Zubir, 7. İbrahima Vadji, 54; 78 - Adama Traore, 86.
Ferentsvaroş: 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni.
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Muhamed Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş.
Baş məşqçi: Stanislav Çerçesov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (İspaniya).
VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva (İspaniya)
Budapeşt, "Groupama Arena".