Ölkə 11:05 04.07.2018

Qaranlıqdan aydınlığa...

Amal Abuşov

Dünən metroda gördüklərim, təxminən 1,5 saat ərzində yaşananlar dəhşətli idi. Söhbət heç də özümdən getmir. Həyacanlanmamışdım, qorxmamışdım desəm, yalan olar. Amma tam da başımı itirməmişdim, əllərim-ayaqlarım qorxudan əsmirdi.

İlk dəqiqələrdə tam sakit idim. Düşünürdüm ki, metronun alternativ enerji mənbəyi olmamış olmaz. Ya əlavə xətlərdən gərginlik verib, qatarları stansiyaya qədər çatdırarlar, ya da generator sistemi işə düşər. Az sonra başa düşdüm ki, bunların heç biri yoxdu. Ümid Allaha qalmışdı. Çünki maşinist özü belə xeyli həyacanlı görünür, çarəsizliklə ora-bura qaçırdı. Birinci vaqonda olduğumdan bunları çox yaxşı müşahidə edirdim.

Generator bir tərəfə, təsəvvür edin ki, maşinistin dispeçerlərlə əlaqə saxlamaq üçün heç bir rabitə vasitəsi yox idi. Adətən belə anlarda radiotelefon, yəni ratsiya istifadə edilməlidi. Maşinistlə dispeçerlər heç bir problemsiz danışmalı, bir-birilərinə məlumat ötürməlidilər. Belə yerdə ratsiya mütləq olmalıdır, vacibdir! Maşinist isə bizim də istifadə etdiyimiz adi mobil telefonla danışırdı, onun da şəbəkəsi tez-tez kəsilirdi. Təsəvvür edin, enerji sistemindəki qəza mobil operatora da təsir etsə və şəbəkə birdəfəlik kəsilsə, maşinist də dispeçerlə danışıb, harda qaldığını deyə bilməyəcək, nə etməli olduğu barədə təlimatlar almayacaq. Sonrası isə faciədi.

Səmimi sözümdü, mən daha çox ətrafdakı azyaşlıların, qadınların həyacanına, qorxusuna görə narahat idim. İnsanlar bir-birilərinə dəstək olmağa, təskinlik verməyə, tezliklə burdan xilas olacağımıza yanındakını inandırmağa çalışırdılar. Telefonunda şəbəkə olmayanlar digərlərinin telefonu ilə yaxınlarına zəng vurur, tuneldə ilişdiklərini deyirdilər. Və maraqlıdı ki, telefonla danışdıqları adamları da məhz özləri sakitləşdirir, qorxduqlarını onlara hiss etdirməmək üçün səslərinə ayar verirdilər.

Olduğum vaqonda hamilə xanım var idi. Bir ana isə azyaşlı oğlu və qızıyla oturmuşdu. Bir saat ərzində oğlan uşağı daha çox narahat görünür, anasını ləngimədiklərinə görə qınayırdı. Dəqiqələr ötdükcə təkcə nəfəs almaq çətinləşmirdi, həm də inanmaq, özünü şux saxlamaq çətinləşirdi. Beynimdən min cür fikirlər keçir, arzuolunmaz bir vəziyyətdə hamilə qadının, övladlarını sakitləşdirməyə çalışan ananın nə edəcəklərini, onlara necə kömək edə biləcəyimi düşünürdüm. Sözsüz ki, özümün də iki azyaşlı övladım gözümün önünə gəlir, onların yanımda olmamasına görə ürəyimin lap dərinliklərində təskinlik tapırdım.

Metroya saat 18:38-də "Nəriman Nərimanov” stansiyasından minmişdim. Düz 10 dəqiqə sonra "28 may” və "Nizami” stansiyaları arasında "ilişdik”.  Saat 19:35-də vaqona əlində fənər olan polis əməkdaşları yaxınlaşdı və "sağ tərəfdən düşməyə başlayın, qadınlara və uşaqlara kömək edin, telefonlarınızın işığını yandırın, irəliyə hərəkət edin” göstərişi verdilər. Bu yerdə polis əməkdaşlarının çevikliyini, soyuqqanlı və peşəkar davranışlarını mütləq qeyd etməliyəm. Onlar sərnişinlərin həyacanlanmaması, təlaş yaşanmaması üçün hər şeyi edirdilər.

Vaqonu tərk etdikdən 16 dəqiqə sonra, yəni saat 19:51-də "Nizami” stansiyasından havaya, qaranlıqdan aydınlığa çıxdım. Həmin 16 dəqiqədə qaranlıq tunellə hərəkət etməyin, tunelin sonunda işıq axtarmağın, onu görəndə sevinməyin nə demək olduğunu başa düşdüm. Qaranlıqla aydınlığın arasındakı fərqi də. 

Aydınlıq içində olasız. Və bir də məlumunuz olsun ki, gələn dəfə oxşar hadisələrin yaşanmaması, yaşananda da insanların bu qədər uzun müddətdə tuneldə qalmaması üçün tədbirlərin görülməsi vacibdi, əziz cavabdeh şəxslər. Maşinistlərə də mütləq rabitə vasitəsi verin, mobil telefonlara ümid olmayın!