Sənət 15:47 02.02.2015

Qazamat sanitarları - Həbsxana gerçəklikləri (roman)


Yazıçı Rövşən Yerfinin həbsxana həyatından yazdığı "Qazamat sanitarları" adlı yeni povesti bu günlərdə "Zero" Nəşriyyatı tərəfindən kitab halında çap olunacaq. Əsərdən bir parçanı oxucularımıza təqdim edirik.


QAZAMAT SANİTARLARI

Rövşən Yerfi

          Gülbaxt cəzaçəkmə müəssisəsi ətrafdakı yaşayış məntəqələrindən xeyli uzaqda, böyük daş karxanalarının əhatəsində yerləşirdi. Kənar aləmlə buranı səmadan savayı müəssisənin arxa tərəfindən hərdən mişar daşı daşıyan yük maşınları keçən dar bir yol birləşdirirdi. Bu yarımsəhralıqda boyu iki qarışdan çox olan kol tapa bilməzdin. Onlar da yayın əvvəlindəcə susuzluqdan yanıb quruyurdular. Nəzarət buraxılış məntəqəsinin və onun yaxınlığında yerləşən müəssisə idarəsinin ətrafında bitən barmaqla sayılacaq qədər ağaclar kənardan daşınan suyun hesabına mövcudluqlarını qorumuşdular. Ağaclar səhra torpağının qüvvəsizliyindən cılız qamətləri ilə uzun illər əkilsə də, cavan ağaclara bənzəyirdilər. Zərif mehin ətrafdakı karxanalardan oğurlayıb gətirdiyi narın toz bu ağacların günboyu qonağı olurdu.

          Müəssisədə təmiz havanı əsasən yağmurlu havada udurdular. Yer azacıq quruyan kimi gözə görünməyən toz, xırda qum dənələri yenidən əsən meh ilə öz varlığını hamının yadına salırdı. 

            –Mən bilmirəm burada qazamatı hansı ağıllı tikdirib? – Uzun illər başqa müəssisədə işləyib keçən qış işinin ixtisara düşməsi səbəbindən bura göndərilən dəstə rəisi ədliyyə mayoru Zəfər hər dəfə xidməti geyim şapkası – furajkasının tozunu çırpanda əsəbiləşib deyinirdi. – Karxanaların arasında, səhranın ortasında  türmə tikərlər? Elə bil məhkumlar üçün yox, qullar üçün tikiblər. Məhkumu qul hesab ediblər, işlədib xeyir qazanıblar. İndi karxanalar olub şəxsi, burada yaşayan və işləyənlərə isə gecə-gündüz qumla nəfəs almaq qalıb...

           Zəfər haqlı idi. Keçmişdə dövlətin karxanasında işləyən məhkumlar indi işsiz qalmışdılar. Çünki, sahibkarlara məhkuma pul ayırmaqdansa, qeydiyyata salınmayan, əyalətlərdən gələn ucuz işçi qüvvəsi sərfəli idi. Nəticədə isə cəzaçəkmə müəssisəsinin karxanalar arasında yerləşməsinin heç bir əhəmiyyəti qalmamışdı.

            –Ada baxginən, sən, – Zəfər davam edirdi, – Gülbaxt!.. Gül baxt yox, baxtı kül olanların yeridir bura. Mənim kimi çarəsizlərin...

          Neçə aylar ötməsinə baxmayaraq Zəfərin bu müəssisəyə işləməyə göndərilməsinə peşmanlığı bitməmişdi. Şəhərin o biri qurtaracağının ən uc nöqtəsində yaşayan Zəfərin həftədə altı gün səhərlər və axşamlar yüz kilometrdən çox yol gəlib getməsi hər dəfə yadına düşəndə necə əsəbiləşirdisə, bəzən özünü saxlaya bilməyib işçilər arasında İslah İdarəsinin kadr şöbəsinin rəis əvəzi işləyən yerlisini söyürdü:

            –Ay kişi, adamı bir işə göndərəndə çağırıb özünə deyərlər, insan hesab edib yaşadığı yeri nəzərə alarlar. Yoxsa ki, gözünü yumub, sərfəsizlik edib işçini hara gəldi göndərərlər?..

            –Günah onda deyil, – həmkarı, onun sayaq başqa müəssisədən bura “sürgün edilmiş” digər dəstə rəisi Şərif də Zəfərin sözünə laqeyd qalmırdı, – günah əmrinə qol çəkəndədir. Qol çəkən maraqlanmalıdır ki, nəyə qol çəkir, niyə qol çəkir? Kadra nə var, o, göstəriş yerinə yetirəndir.

            –Bəs vicdan? Şöbənin rəis əvəzi məni yaxşı tanıyır, harada yaşadığımı bilir. Heyf  ki, yerlimdir, torpağın adını batırandır...

            –Olmayan şeydən danışmazlar. Orada əsasən sənədə baxırlar, – sağ əlinin baş barmağını digər qatlanmış barmağına sürtdü, – başa düşdün? Yerliliyin məsələyə dəxli yoxdu. O misra yadındadı: keçmə namərd körpüsündən, qoy aparsın sel səni... Görəsən Gülbaxta heç öz istəyi ilə işləməyə gələn olub? Buraya ya təzə işləməyə başlayan gələr, ya da digər müəssisədə işindən çıxarılanlar – Gülbaxtın yay aylarının qum tufanların-dan xəbəri olmayanlar...

            –Eh, yay nədi, – Zəfər əlavə etdi, – mən heç qışda da burda təmiz ağ qar görmədim, həmişə sarımtıl gördüm... Bu tozun ancaq Məhyəddinə xeyri var, çox ol-duqca camaşırxana ilə hamamın da müştərisi artır.

          Şərifin bəhs etdiyi qum dumanları burada ilin hər fəslində, ən çox isə yay aylarında baş verirdi. On gün yağıntı olmaması kifayət edirdi ki, qum dumanının əmələ gəlməsinə şərait yaransın.

            –Təbiəti bir yana, işçi kollektivinə nə deyəsən? Elə bil xidmətdə nə qədər pula həris adam var, yığıb bura toplayıblar. Bütün günü çalışdıqları ancaq nə yollasa pul əldə etməkdir. Gördün özünü asmaq istəyən sanitarı? Guya, o, özünü üzdəniraqlığına görə öldürmək istəyib? Yox, məsələ onda deyil. İllərdir bu insan çöldən heç nə almadığına görə içəridə də dilənməkdən canı boğazına yığılıb, əzab çəkməkdən beztb. Səhər tezdən gecəyədək zonun hər işini görürlər. Adlarına təsərrüfat işçisi kimi maaş yazılır. Ancaq, maaşlarının əvəzinə üç-beş manatlıq çay-qənd, siqaret verib başlarını aldadırlar. Səsini çıxaranın isə başından basırlar...

            –Onlar üçün əsas puldu. O pulun üzdənirağın, ya kimin olmasının nə fərqi? Sabitliyin olmasını ən çox bilirsənmi, niyə istəyirlər? Gərginlik olanda gəlirləri dayanır, əksinə ziyana düşürlər. Bir məşhur məsəl var, balıq başdan iylənər. Rəisinin adı “kartofsatan Məhyəddin” olandan sonra işçilərinə nə deyəsən? Dustaqların ərzağını satan adam başqa cür ola da bilməz...

            –“Menyu” genişlənib, kartofun yanına toyuq əti də əlavə olunub, – Şərif yaxınlarda olmuş hadisəyə işarə vurdu.

          Rəis Məhyəddin məhkumlar üçün nəzərdə tutulan  bir çox ərzaqları müəssisəyə gətirmədən satdırmağı az imiş, bəzən müəssisədən də gizlicə satış üçün ərzağı çölə çıxardırmış. Bunu bilən qapıya və müəssisənin mühafizəsinə nəzarət edən əsgər bölüyünün komandiri də rəisdən etdiyi qanunsuzluğa göz yummağa haqq istəyir. Məhyəddin rəis işlədiyi illər ərzində belə komandirlərdən çox gordüyünə görə onun sözünü saya salmır. Gözünə döndüyüm komandir də bir gün yenə Məhyəddin müəssisədən ərzaq çıxardanda yüz metr getdikdən sonra maşını əli silahlı əsgərləri vasitəsilə saxlatdırır. Yük yerinin xaricdən gətirilən toyuq əti ilə dolu olduğunu görən komandir dərhal mərkəzi İdarəyə zəng vurub yüklə bağlı məruzə edir. İdarədən qoltuğu papkalılar tökülüşüb gəlirlər  saxlanılan maşına baxmağa. Götürəcəyi xeyirdən çox ziyana düşən Məhyəddin BÖYÜKLƏRƏ söz verir ki, bir də belə qələt etməyəcək.

            –Deyirsən rəisə qazandıqları bəs etmir, sanitarların da pulunu yeyir?.. Ola bilməz...

            –Hə, elədir, özü də Niyaz və mühasiblə bir yerdə. O günü idarənin ayaqyolusunu təmizləyən sanitar Ayaz var ha, ondan eşitdim. Bilirsən də, o, bir az diri-baş, ağlı olan sanitardı. Deyir yuxarılara şikayət edəcəyəm, mənə yazılan maaşın yarısını verməsələr, mən bilirəm nə edəcəyimi...
             –Sanitar olanda nə olar, adam haqqını tələb edir də. Elədirsə çox pis, mən söz tapmıram. Məhkumun çörəyini hələ axıradək yeyən olmayıb... Yesələr belə tam həzm edə bilməyəcəklər, ən azından ilahinin qanunları ilə olsa da, günlərin birində gözlərindən gələcək...


*  *   *   

              İşçı heyəti ilə birlikdə yeddi yüzədək insanın ömrü keçdiyi müəssisənin səliqə-sahmanı cəmisi on dörd nəfər olan üzdənirağın boynunda idi. Başqa yerlərdə adları ilə çağırılan bu binəvaları Məhyəddin  guya onların heysiyyətinə toxunmamaqdan ötrü sanitar adlandırılmalarına göstəriş vermişdi. Sanitarlar cinayət aləminin ən aşağı təbəqəsi – kastası hesab edildiyindən qalan ümumi məhkumlardan hər məsələdə, hər yerdə fərqləndirilir, təcrid olunurdular. Onların yatacaq və yemək yerləri ayrı olurdu. Hamamda, tibb məntəqəsində, klubda, kars deyilən cərimə təcridxanasında da onlar üçün yer ayrılırdı. Sanitarlar səhər tezdən hava qaralanadək bölüşdürülmüş qaydada müəssisənin həyətini, yataqxanaların, kabinetlərin, ictimai yerlərin sahələrini, döşəmələrini, ayaqyolularını süpürür, silir, təmizləyir, zibilini yığıb toplayırdılar. Lazım gələndə bu işlərdən əlavə aparılan təmir, abadlıq işlərində də onlardan istifadə olunurdu.

          Kənardan onlar cinsi azlıq kimi qəbul edilsə də, heç də hamısı homoseksual deyildi. Yarıya qədəri passiv, bir qədəri aktiv, bir cütlük biseksual idi. İçərilərindəki üç nəfər isə heç birindən, sadəcə hansısa “günahına” görə cinayət aləminin cəzalandırdığı – “yandırdığı” bədbəxtlər idi. Onların hər birinin özünəməxsus cinayət tarixçələri olsa da, nəticə etibari ilə əksərinin sonları bir-birinə oxşayırdı. Başçıları, briqadir sayılan İk-ram “yandırılmış” üç nəfərdən biriydi. O, necə oldu ki, üzdənirağa, sanitara çevrildi, indi də düşünəndə ağlına sığışdıra bilmirdi. Bu hala düşməsinin baiskarı ilk növbədə rəis Məhyəddin idi...

Qaynar.info