Ölkə 11:00 11.03.2020

Qazaxıstan limanlarını üzümüzə bağladı: tək çıxış Rusiya

"Qazaxıstan Azərbaycanla sərhədlərini bağladı”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, koronavirusun bölgədə İrandan sonra ən çox ziyan vurduğu ölkə Azərbaycan olacaq:

"Artıq İran və Gürcüstanla sərhədləri üzünə qapanan Azərbaycanın yeganə çıxışı Rusiya istiqamətindədir. Belə ki, Qazaxıstan virusun yayılmasının qarşısını almaq üçün İran və Azərbaycandan sərnişin daşıyan gəmilər üçün Aktau və Kuryk limanlarını bağlayıb. Rusiyanın da anoloji addımlar atması tranzit nəqliyyat dəhlizlərinin kəsişdiyi, eləcə də Novruz bayramı ərəfəsində ən çox turist qəbul etdiyi Azərbaycanın iqtisadiyyatına, istehlak bazarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək”.

Qubad İbadoğlu qeyd edib ki, yaxın gələcəkdə iqtisadiyyatda problemlər yalnız ucuzlaşan neft qiymətlərinə görə deyil, həm də məhdudlaşan ticarət, turist və nəqliyyat əlaqələrinə görə artacaq: 

"Mövcud və gözlənilən çətinlikləri nəzərə alaraq, iqtisadiyyatda təxirəsalınmaz tədbirlər proqramı işlənilməlidir”.

Bahar Rüstəmli