Dünya 14:40 10.01.2022

Qazaxıstan xarici sərmayəyə görə MDB-də seçilirdi: İndi necə olacaq? (ŞƏRH)

"Yeni mərhələdə, yenidən ölkə iqtisadiyyatına inamın tam bərpası vacibdir. Ümid edirik ki, qardaş Qazaxıstan bu vəzifənin öhdəsindən daha qısa zamanda gələ biləcək”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramlı Qazaxıstanda Ümummilli Matəm Günündən danışarkən deyib. İğtişaşlarda dünyasını dəyişən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı verən deputat Qazaxıstanın yenidən dayanıqlı stabillik mərhələsinə qədəm qoyacağına inanır:

"İlkin məlumatlara görə, iğtişaşlar nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb. Qazaxıstan üçün stabilliyin möhkəmlənməsi kontekstində yeni mərhələdə  əsas hədəflərdən biri də xarici sərmayələrin qorunub saxlanmasıdır. Bir sıra digər ölkələrin təcrübəsi göstərir ki, belə iğtişaşlardan sonra birbaşa xarici investisiyaların ölkəni tərk etməsi və yeni bazarlar axtarması hallarına daha çox rast gəlinir. Xarici sərmayələrin azalması milli valyutaya təzyiq yaradır və məşğulluğa, o cümlədən insan kapitalının inkişafına neqativ təsir göstərir”.

Vüqar Bayramov bildirib ki, Qazaxıstan keçmiş ittifaq dağılandan sonra MDB-də ən çox xarici sərmayə cəlb edən ölkələrdəndir:

"Belə ki, 1991-ci ildən sonra ölkə iqtisadiyyatına 370 milyard dollar xarici sərmayə yönəlib. 2021-ci ilin ilk yarısında Qazaxıstan xarici birbaşa investisiyaların həcmini 30.4 % artıraraq 11.1 milyard dollar sərmayə cəlb edə bilmişdi. Göründüyü kimi, son iğtişaşlaradək Qazaxıstan xarici sərmayənin cəlb edilməsində xüsusi fərqlənən dövlətlərdən idi”.

Bahar