Foto 17:45 05.05.2021

Qazi və şəhid ailələrinə mənəvi dəstək artırılır - Yeni layihəyə start verildi (FOTO)

Bakı Şəhər Gənclər Baş İdarəsi, Əlil Arabasında Qılıncoynatma Federasiyası və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi və qaziləri ilə bağlı mənəvi dəstək layihəsi həyata keçiriləcək.

Bu məqsədlə mayın 5-də layihənin müzakirəsi və təqdimatı ilə bağlı videokonfrans təşkil olunub.

Qaynarinfo xəbər verir ki, videokonfransı çıxış nitqi ilə Bakı Şəhər Gənclər Baş İdarəsinin rəisi Rafiq Abbasov açıb.

Layihənin icrasının vacibliyindən danışan R.Abbasov bildirib ki, ilk növbədə rayon gənclər idman idarələri, icra hakimiyyətlərində fəaliyyət göstərən müvafiq şöbələr vasitəsi ilə rayonlarda qeydiyyatda olan Vətən Müharibəsi iştirakçılarının, qazilərin və xüsusən də hərəkət məhdudiyyəti olan qazilərin siyahısı Baş İdarəyə təqdim etməlidir.

İdarə rəisi bildirib ki, tərtib olunan bu siyahı üzrə qazilər ziyarət olunacaq. Məqsəd onlara psixoloji və mənəvi dəstək göstərməkdir.

R.Abbasov əlavə edib ki, hər rayonda 5 nəfər könüllüdən ibarət qruplar da müəyyən ediləcək: "Bu qruplara psixoloji dəstək göstərəcək psixoloqlar müşahidə edəcək, onların qazilərlə görüşlərini təşkil edəcək”.

Konfransda məlumat verilib ki, layihənin təşkilatçıları tərəfindən hərəkət məhdudiyyəti olan qazilər arasında "Zəfər kuboku” adlı qılıncoynatma yarışı, hərəkət məhdudiyyəti olmayan yüngül yaralanmış qazilər arasında isə stolüstü idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulub.

Əlil Arabasında Qılıncoynatma Federasiyasının rəhbəri Asəf Məlikov layihə haqda Musavat.com-a danışıb.

A.Məlikov bildirib ki, layihəyə tam olaraq Ramazan bayramından sonra start veriləcək:

"Bizim federasiyanın əsas məqsədi təcrübəmizi bölüşməkdir. Mən təşəkkür edirəm ki, Bakı Şəhər Gənclər Baş İdarəsi də bizim bu təklifimizi dəstəklədi və müvafiq göstərişlər verdi. Rayon şöbələrinə, rayon icra hakimiyyətlərinin nəzdində yaradılmış xüsusi şöbələrinə, Müdafiə Nazirliyinə müraciət edildi və bu layihə ilə bağlı videokonfrans keçirildi.

Hazırda layihənin icra edilməsinə start verilib. Ramazan bayramından sonra bu iş tam şəkildə icra olunmağa başlayacaq. Bu videokonfransa qədər artıq müəyyən işlər görülmüşdü.

Biz də bu sahədə müəyyən təcrübəyə malikik. Təklif olarsa, biz də üzərimizə düşəni edəcəyik. Bizim Federasiya bu istiqamətdə işləri tək başına görsə, 3-4 nəfər qaziyə dəstək ola bilər. Amma bu işlər Bakı Şəhər Gənclər Baş İdarəsinin dəstəyi ilə həyata keçirilsə, biz 100 adama dəstək ola bilərik. Biz də bunu istəyirik”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Asəf Məlikov deyib ki, Federasiyanın psixoloqları tam heyətlə bu layihənin icrasına yönəldiləcək: "Bizim psixoloqlar artıq illərin təcrübəsinə malikdir. Həm idman müəllimi kimi, həm də psixoloq kimi çalışıblar və bu sahədə təcrübəyə malikdirlər.

Mən özüm müharibə iştirakçısı olduğum üçün müharibənin nə olduğunu əyani olaraq bilirəm. Raqif müəllimlə görüşümüz zamanı da bildirdim ki, istəyimiz bu layihənin müharibədə iştirak edən hər bir hərbiçini, əsgəri əhatə etməsidir. Çünki istənilən döyüşçüdə müharibənin simptomları qalır və psixoloji sarsıntı keçirir. Buna görə də biz onlara dəstək olmalıyıq.

Bəzən baxıram ki, nitqində qüsur olan, kəkələməsi olan qazimiz xarici ölkəyə müalicəyə göndərilir. Amma biz bunu öz ölkəmizdə edə bilərik, bacarırıq. Bir nəfəri xaricə göndərməkdənsə, 5 nəfəri burada özümüz müalicə edə bilərik”.

Asəf Məlikov əlavə edib ki, layihə çərçivəsində həm birinci Qarabağ savaşında, həm də ikinci Qarabağ savaşında iştirak edən qazilərimizlə, şəhidlərimizin ailə üzvləri ilə görüşlər keçiriləcək.

Qeyd edək ki, bu günə qədər Başı Şəhər Gənclər Baş idarəsi tərəfindən şəhidlərin adının əbədiləşdirilməsi üçün müxtəlif yarışlar, turnirlər keçirilib.