“Yannik Kamananın əsas komandadan uzaqlaşdırılması doğrudur”.“ Qafqazinfo” xəbər verir ki, bunu apasport.az saytına “Qəbələ”nin meneceri Zaur Əzizov deyib.
“Qəbələ”nin fransalı hücumçusu Yannik Kamanan əsas komandanın heyətindən qovulub. Onun hansı səbəbdən baş məşqçi Yuri Syominin qəzəbinə tuş gəlməsini Topaz Premyer Liqasında keçirdiyi son oyunlarla əlaqələndirmək olar.
Belə ki, ardıcıl “Xəzər Lənkəran” və AZAL ilə görüşlərdə start heyətində meydana çıxan 32 yaşlı oyunçu ümidləri doğrultmayıb. AZAL-la qarşılaşmanın 66-cı dəqiqəsində nigeriyalı Abdulvahid Afolabi ilə əvəzlənməsi Syominin onun oyunundan narazı qalmasının göstəricisidir.
Əzizovun sözlərinə görə, Kamananın əsas heyətdən uzaqlaşdırılması klubun nizam-intizam qaydalarına riayət etməməyi ilə bağlıdır: “Həm də futbolçu formasından çox-çox uzaqdadır. Bu üzdən baş məşqçinin qərarı ilə Kamanan əsas komandada məşq etməyəcək”.
Futbolçunun indi əvəzedici komandada oyunlara çıxacağı da maraq mövzusudur: “Bundan sonra formadan düşməmək üçün əvəzedici komanda ilə məşqlərdə iştirak edə bilər. Onun oyunlara çıxacağı və ya yaşadığı Fransaya qayıdacağı hələ dəqiq bilinmir. Kamanan barəsində sabah yekun qərar veriləcək”.
Qeyd edək ki, müqaviləsi klubla mövsümün sonunda başa çatacaq Yannik Kamanan cari mövsüm çempionatda 18, ölkə kubokunda isə 1 oyun keçirib. Hücumçu bu mövsüm cəmi 2 qol vurması ilə yadda qalıb.
Qaynar.info
Şərhlər