İdman 14:34 16.05.2019

"Qəbələ" rəsmisi: "Kubokda kiməsə favorit demək çətindi"

"Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı Sport7.az saytına müsahibəsində ölkə kubokunun finalında "Sumqayıt"a qarşı keçirəcəkləri görüşdə komandaların şanslarını dəyərləndirdi. 

- Bu dəfəki finalı digərlərindən fərqləndirən nədir?
- Final bir oyundan ibarətdir. Rəqib istər çempion olmuş komanda, istər sonuncu olan komanda olsun fərqi yoxdu, biz yığışıb oyunumuzu oynayacağıq. Dünən Türkiyə kubokunda da gördük ki, axırıncı yerdə gedən "Akhisar" finala çıxmışdı. Fərqləndirən deyəndə, əgər "Sumqayıt"ın ilk dəfə finala çıxmağını nəzərdə tutursunuzsa, bu adı haldı.  

- Bu oyunda kimi daha şanslı görürsünüz?
- Bir oyundu. Hamı çıxıb oynaya bilər. Kubokda kiməsə favorit demək çətindi. 

- Sizcə, finalın qəhrəmanı kim ola bilər?
- Oyunçu baxımından soruşursunuzsa, yəqin ki, hücumçulardan kimsə olacaq. Bilmirəm, hər şey ola bilər. Rəqib komandanın hansısa futbolçusuna qəhrəman deyəsi deyiləm. Öz komandamızdan isə, hücum xəttindəki futbolçulardan kimsə ola bilər. 

- "Qəbələ" bu vaxta qədər çıxdığı finallarda "Neftçi"yə, "Qarabağ"a və "Keşlə"yə uduzub. Özlüyünüzdə dəyərləndirəndə, bu məğlubiyyətlərin səbəbini nədə görürsünüz?
- Biz "Qəbələ" ilə 3 dəfə finala çıxmışıq. "Qarabağ" ilə oyunda zəif oynamışdıq. Keçən ilki oyunda da motivasiya olmuşduq, oyuna köklənmişdiq. Ancaq o da gəldi bizim əleyhimizə oldu. Birdən uda bilmərik deyə oyunçularda həyəcan vardı. O həyəcan da "Keşlə" ilə oyunda məğlubiyyətlə nəticələndi. "Neftçi" ilə oyunda hər şey yaxşı idi. Heyətimiz çox güclü idi. Son illərin ən maraqlı finallarından biri idi. Penalti ilə uduzduq. Onda da bilirsiniz ki, bəxt amili vacibdi, nəinki, yaxşı oyun. O oyunda qələbəyə çox layiq idik. Ancaq alınmadı. 

- Oyunun Naxçıvanda keçirilməsinə münasibətiniz necədi?
- Finalı müəyyənləşdirəndə keçiriləcəyi yeri hansısa komandadan soruşmurlar. Misal üçün, Avropa Liqasının finalı Bakıda olacaq. Bu məsələni qurum bəlli edir. Daha gedib bir-bir klublardan soruşmurlar ki, harada keçirək?! Ona görə, məncə, bunu müzakirə etməyə dəyməz.