Hüseynbala Səlimov
Sənət 14:45 29.07.2016

Qələm əhli teatra gedirmi? - SORĞU

Qaynarinfo.Az qələm əhlinə “Teatra gedirsinizmi? Sonuncu dəfə hansı tamaşaya baxmısınız?” sualları ilə müraciət edib. 

Son zamanlar teatra olan həvəsin öldüyü deyilsə də, məlum olub ki, media nümayəndələri vaxt tapdıqca sənət məbədini ziyarət edənlər arasında üstünlük təşkil edirlər.

"Report" İnfotmasiya Agentliyinin fotojurnaslisti Orxan Əzim teatr sevənlər siyahısındadır: "Axırıncı dəfə Yuğ teatrında olmuşam. Daha çox isə Pantomim, Yuğ və ADO teatrlarına gedirəm."

Müstəqil jurnalist İzolda Ağayeva da teatrı sevdiyini bildirib: "Şablon səslənsə də, teatrı çox sevirəm. Əvvəllər tez-tez gedirdim. Amma indi teatrın saatları işlərimlə toqquşduğundan, gedə bilmirəm. Sonuncu dəfə dostumun dəvəti ilə “Pantamimo”da olmuşuq. Bu da təxminən teatrlar tətilə çıxmazdan əvvəl idi. Ümumiyyətlə, bir tamaşaçı kimi Azərbaycan teatrlarının repertuarımdan razı olduğumu da deyə bilmərəm. Bir il əvvəl Tiflisdə bir tamaşaya baxdım. “Romeyo və Culyetta”nı polyak teatr rejissoru və pedaqoqu Jerzi Qrotovskinin metodları ilə işləmişdilər. 3 saat gürcü dilində tamaşaya baxdım. Bir dəqiqə belə, sıxılmadım. O qədər canlı aktyor oyunu vardı ki. Tamaşa möhtəşəm idi. Və bunun kökündə rejissor işi dayanırdı. Bizdə bircə “Yuğ” teatrında oxşar tamaşalar görmək olurdu. O teatr da köçürüləndən sonra, açığı hələ getməmişəm izləməyə.  Repertuara gəlincə, təəssüf ki, Azərbaycanda teatr səhnələri Elçinin, İlyas Əfəndiyevin, Afaq Məsudun, Hüseynbala Mirələmovun əsərlərindən kənara çıxa bilmir. Sanki bizim teatrların müasir teatrla, müasir teatr metodları ilə əlaqəsi itib. Bu isə teatrların və aktyorların azad olmamağından irəli gəlir. Bir tamaşaçı kimi bunları deyə bilərəm. Ümumilikdə, Azərbaycan teatrının vəziyyəti ilə bağlı ötənlərdə teatrşünas Aliəynin müsahibəsini oxudum. Düşünürəm ki, o müsahibədə Aliyə xanım Azərbaycan teatrlarının dərin və çox dəqiq analizini vermişdi”.

Ölkə.Az saytının müxbiri İntiqam Valehoğlu teatr tamaşalarına getməklə bərabər, oradan yazılar yazdığını da deyib: "Son illər Azərbaycan teatrından xeyli yazılar yazmışam. Hətta buna görə Mədəniyyət və Turizm Nazirliyi bizi heç bir tədbirinə dəvət etmir. Yalnız xahişləri olanda zəng vururlar. O ki qalda konkret suala, axırıncı dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin “Qlobus” teatrının “Hamlet” tamaşasına baxmışam. Yəni xeyli zaman keçib. Amma təəssüf edirəm ki, "Ölülər"ə baxa bilmədim. Yeni mövsümdə mütləq baxacağam. Eşitdiyimə görə əla tamaşa alınıb".

Müsavat.com saytının müxbiri Könül İbrahimova: "Teatrı sevirəm. Vaxt azlığından çox zaman yolum teatra düşmür. Sonuncu dəfə yanvar ayının sonu Yuğ Teatrında olmuşam. Teatrın sökülən binasında sonuncu tamaşa olan, T. Rəsulovun quruluşunda hazırlanmış "Boy” tamaşasını izləmişəm".

Teleqraf.com saytının müxbiri İlhamə Əbülfət: "Teatrı sevməmək olar? Əlbəttə sevirəm, teatr mədəniyyət deməkdi, mənəvi nəfəs deməkdi. Bu qədər keşməkeşli, stressli şəhər həyatında zamanım olanda ara-sıra gedirəm. Çünki, insanın bütün stressini alır. İnsanın ruhu dincəlir. Eyni zamanda, teatr öyrədici olduğu üçün, cəmiyyətdəki çatışmazlıqlara qarşı insanı daha duyarlı edir. Axrıncı dəfə “Mehmanxana sahibəsi” tamaşasına baxmışam. Teatr sevsəm də, tez-tez gedirəm deyə bilmərəm".

Qafqazinfo.Az saytının redaktoru Günel Əbilova: "Əslində, teatrda tamaşanı izləmək, ordakı auranı hiss etmək həm rahatdır, həm də xoşuma gəlir. Bəlkə, tənbəllikdəndi tam səbəbini bilməsəm də, tetara nadir hallarda gedirəm. Sonuncu dəfə isə iki-üç il əvvəl Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Qatil” tamaşasına baxmışam. Bir dəfə də ODA teatrının tamaşasına getmişdim, düzü, tamaşanın adını belə xatırlamıram. Yəni bu mövzuda elə də aktiv deyiləm."

Müstəqil jurnalist Mehman Hüseynov: "Teatrı çox sevirəm və çalışıram ki, ayda heç olmasa 1-2 dəfə gedim. Axrıncı dəfə Gənc Tamaşaçılar Teatrında "Pəri Cadu" tamaşasına baxmışam". 

ADO teatrının rəhbəri Elmin Bədəlov ümumilikdə jurnalistlərin teatr marağını şərh edib. "Daha çox premyeralarda gəlirlər. Hətta elə olur ki, gəlməyə fürsət tapmasalar da, bizim haqqımızda həmişə yazırlar, informasiyalar dərc edirlər. Ümumiyyətlə jurnalistlərlə aramız yaxşıdır. Həmişə bizə dəstək olurlar. Bəlkə bu mənim də jurnalist olmağımdan irəli gəlir. Axı "jurnalistlərin özlərindən başqa heçkimləri yoxdu". Ona görə həmkar dəstəklərini əsirgəmirlər".

Zumrud

Qaynarinfo.Az