Sənət 13:12 25.01.2017

Qələm haqqında manifest

Vasif İsmayıl

Bir az əvvəl iş stolumun arxasına keçdim. Öyrəncəli olduğum üçün oturan kimi sağ əlimlə sol döş cibini yoxladım. Bəli, qələmin orada olub-olmadığını baxırdım.
Yox idi. Artıq mürəkkəbi tükəndiyi üçün dünən tullamışdım - indi xatırladım.
O anda nəzərim stolumun üstündəki qələm qabına ilişdi. Süni qara dəridən silindrin içində ən azı 15 qələm var idi. Rəngli-rəngli, yumşaqmı yumşaq - hər cür qələm var.

Qələm çoxdur, amma içərisində xüsusilə bəyəndiyim ancaq ikisidir. Digər qələmlər nə qədər gözəl olsalar da, gözümə girə bilmirlər ki bilmirlər. Belə getsə heç girməyəcəklər də.

Bir anda özümü "sən əvvəlcə sevmədiyin qələmlərdən birini götür, onu istifadə edib qurtar, sonra sevdiyinlə baş-başa qalarsan" fikrində yaxaladım. Uşaq vaxtı da yeməyin mənə görə "dadsız" hissələrini tezbazar mədəmə ötürür, ləzzətli tikələri böyük zövqlə axırda yeyirdim. Boynuma alıram, bəzən yalayırdım da.
Amma artıq 42 yaşın içindəyəm.

Oturub düşündüm.Xoşuma gəlməyən qələmi istifadə edib sonra sevdiyimlə baş-başa qalmaq istəmirəm artıq. Sevdiyim qələmi elə indi, bax elə bu dəqiqə, bu gün istifadə etmək istəyirəm. O tükənənə qədər də ancaq onunla yazacağam.

Sevmədiklərimə sıranın gəlib-gəlməyəcəyini bilmirəm. Heç bilmək də istəmirəm. Onlara qarşı haqsızlıq etdiyimi isə düşünmürəm. Həyat belədir də.

İdealizm işığı belə sönür deyəcəksiniz. Ah səni, həkim, sən də cavan vaxtı canını verəcəyin şeylərə çatmaq üçün dözmək, səbr eləmək hissini tərk etdin - yoxsa, ideallarına da xəyanətmi edirsən deyə bilərsiniz.

Deyil. Doğrudur, insan yaşlanır, həyata baxışı dəyişir, öncəliklər yenidən gözdən keçirilir və s.

Amma ideallar qalır.

Etiraz etməyin, dinləyin, lütfən.

İdeallar qalır. Bəli, bəzilərində ideallar dəyişir. Yəni, elə görünür ən azından.

Amma ideallar kövrək, yerli, cılızdırsa, onlar xəyal qırıqlığı ilə qurtaracaq və dəyişəcək. Əslində isə onlar dəyişmirlər, itib gedirlər. Yerlərində isə böyük bir boşluq qalır. Yəqin həyatınızda özləri böyük, amma içləri bomboş insanlarla qarşılaşmısınız. Bax onlar elə xəyallarını itirmiş insanlardır. Doğrudur, özlərinə soruşsan "dəyişmişəm" deyəcəklər.

İdeallar aydın olmalıdır, böyük olmalıdır, real olmalıdır, qurucu və yaxşı niyyətli olmalıdır.

Uşaq vaxtı xaricdə oxumaq arzum var idi. Moskvada oxuyacağımı düşünürdüm, çünki ortalama azərbaycanlı üçün vətən SSRİ deyildi, elə öz xarabamız idi. Artıq ümidimi itirdiyim anda məni tutub İstanbula göndərdilər.

Hərdən deyirəm: Yaxşı ki, xaricdə oxumağı arzulamışam. Əgər Moskvada oxumağı arzulasaydım, indi gərək Moskva yerinə İstanbula getdiyim üçün məyus olaydım.

Uzun danışdım, söhbətin məğzindən ayrı düşdüm, amma bir şeyi indi dəqiq bilirəm: xoşuma gəlməyən qələmləri istifadə etməyəcəyəm.

Ən sevdiyim qələmlərdən birini siyirtmədən çıxarıb fəxrlə xalatımın sol döş cibinə qoydum.

Bəxtiyaram.

Qaynarinfo.Az