Siyasət 12:48 05.09.2013

Qənirə Paşayevadan beynəlxalq təşkilatlara ittiham - MÖVQE

Millət vəkili Qənirə Paşayeva Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində paylaşdığı statusunda Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayon sakinini güllələməsinə münasibət bildirib.

Deputat bu xəbəri Almaniyada aldığını və yaralı ilə telefonla danışdığını bildirib: "Almaniyada konfrans zamanı pis bir xəbər aldım. Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq təxminən saat 18.00 radələrində Əlibəyli kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Adil Vəkil oğlunu vurublar və o çiyin nahiyəsinin dəlib keçən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Rayonun baş həkimi Paşa Muradov ilə danışdıq. Çox şükür, həkimlərimizin yardımı nəticəsində 28 yaşlı Adil Musayevin həyatını xilas etmək mümkün oldu. Bir az əvvəl Adilin özü ilə danışdım. Allaha çox şükür ki, yaxşılaşır və ona keçmiş olsun diləklərimi söylədim. Həkimlərimiz qısa zamanda onun tam sağlamlığına qovuşması üçün əllərindən gələni edəcəklərini dedilər".

Q.Paşayeva beynəlxalq təşkilatlara səslənərək onları Ermənistanın işğalçı siyasətinə qarşı çıxmağa çağırıb. Həmçinin deputat beynəlxaq təşkilatları obyektiv olmamaqda da ittiham edib: "Beynəlxalq təşkilatlar və onların Bakıdakı ofisləri Ermənistan Silahlı Qüvvələrinin dinc, sivil insanlara qarşı törətdiyi bu cür hadisələrə reaksiya verməlidirlər. Təəssüf ki, Ermənistanın hər zaman qeyri-insani addımlarına, hərəkətlərinə reaksiya verməyən təşkilatlardan bunu gözləmək aşırı optimizm olardı. Təəssüf ki, onlar bu məsələdə obyektivliklərini çoxdan itiriblər..."


Cavid
Qaynar.info