Siyasət 13:08 03.03.2014

Qənirə Paşayevadan Türkiyədəki qalmaqala bağlı açıqlama

Millət vəkili Qənirə Paşayeva Qazi Universitetində baş verən qalmaqalla bağlı açıqlama yayıb. 

Qaynar.info xəbər verir ki, millət vəkili açıqlamasında qeyd edib ki, həmin hadisələr onun çıxışına qədər olub:

"Mənim əleyhimə açıqlamalarla məşğul olan bəzi mənbələr belə bir məlumat yayıblar ki, guya Qazi Universitetində Xocalı çıxışım zamanı çıxışımın uzunluğuna etiraz edən tələbələr zalı tərk ediblər. Yüzlərlə insanın gözü önündə baş vermiş hadisə ilə bağlı bu qədər böyük yalan və cəfəngiyat insanı dərindən üzür. Həmin insanlara söyləmək istəyirəm ki, elə həmin sizin yaydığınız videonu yayan Ankara Ülkü Ocaqlarının video ilə bağlı açıqlamasına da baxmaq və yazmaq lazım idi. Əgər məqsədiniz gerçəkdən də məlumat yaymaq olsaydı məhz belə edərdiniz.

O açıqlamada deyilirdi ki, Ülkü Ocaqları Qazi universitet rəhbərliyinin bəzi addımlarına etiraz olaraq tədbirin əvvəlində etiraz şüarları səsləndirərək zalı tərk ediblər. Mən isə əslində o tədbirin pozulmaması üçün çıxış etməkdən çəkinməyərək ilk olaraq çıxışa başlamışam və gəncləri sakit olmağa, Xocalı Soyqırımı anım günündə bu kimi addımlara ehtiyac olmadığını bildirmişəm. Bundan sonra sakitlik yaranmağa başlayıb və mən, məndən sonra digər iştirakçılar çıxışlara davam edib. Yəni mənim çıxışımın uzunluğuna etiraz deyə bir hadisə olmayıb. Çünki həmin hadisələr mənim çıxışıma qədər olub. Dərindən bilmək istəyənlər Ankara Ülkü Ocaqlarının bununla bağlı açıqlamalarını oxuya bilərlər. Həmin tədbirdə Azərbaycanın Türkiyədəki səfiri, millət vəkilləri və bütün mediya mənsubları olub. 

Hər kəsin gözü önündə baş vermiş bir hadisəni Qənirə Paşayevaya qarşı yönəltmək bir mədəniyyətsizlik və qeyri-peşəkar jurnalistikadır. Ucuz sensasiya dalınca gedənlərə isə sadəcə təssüf edirəm. Peşəkar jurnalistika ilə məşğul olan dostlara isə ümumiyyətlə ucuz sensasiyalar dalınca getmədikləri və jurnalistikanı qorudukları üçün təşəkkürlər".

Qaynar.info