Ölkə 20:17 25.01.2018

Qəribə mənzərə: Bayıldakı sürüşmə zonasında tikinti işləri hələ də davam edir

Ekologiya Nazirliyi, FHN və Səbail Rayon İcra Hakimiyyəti Bayıl yamacında təhlükəli vəziyyətlə bağlı rəsmi məlumat yayıb və bununla əlaqədar sürüşmə zonasındakı 80 evdən 390 insan təcili təxliyə olunub.

Virtualaz.org-un əməkdaşları təbii fəlakətin olduğu əraziyə baş çəkib və qəribə mənzərənin şahid olublar. Məlum olub ki, təxliyə olunanlar yalnız bilavasitə sürüşən ərazidə olan birmərtəbəli evlərin sakinləridir. Yer səthində çatların get-gedə böyüməsinə baxmayaraq, yaxınlıqda yerləşən və həmçinin təhlükə ilə üz-üzə olan digər evlərdən isə sakinlər hələ də köçürülməyib.

Daha bir təəccüblü məqam ondan ibarətdir ki, çatların lap yaxınlığında, Səbail Rayon Polis İdarəsi və Teleqüllə binasının arasında, yamacda çoxmərtəbəli villalar və yerli oliqarxların sarayları yerləşir. Bu malikanələrdən bəzilərinin ərazisində tikinti işləri hazırda da davam edir.

Özü də sürüşmənin çox sürətlə getməsi, kütləvi təxliyə prosesinin aparılması fonunda və FHN-ın, eləcə də Ekologiya Nazirliyi mütəxəssislərinin bu zonada hər hansı tikinti işlərinin qəti şəkildə qadağan olunduğunu bəyan etmələrinə baxmayaraq...

Səbail Rayon İcra Hakimiyyətinin baş memarı Kamil Səlimovdan niyə qəza zonasında tikinti işlərinin hələ də davam etdiyini öyrənmək mümkün olmadı...

Xatırladaq ki, daha əvvəl Səbail Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı sektorunun əməkdaşı Mətin Hüseynov virtualaz.org-a bu ərazidə tikintiyə İcra hakimiyyəti tərəfindən icazə verilmədiyini bildirmişdi.