Siyasət 10:47 15.07.2020

QHT sədri: "Təxribata uymayın - milli ruhumuzu sarsıtmağa çalışan xarici qüvvələr var"

"Bizim ordumuz da, xalqımız da bütün təxribatların qarşısını almaq gücündədir”.

Bunu "MediaPost"a açıqlamasında "Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri Şamil Sabiroğlu deyib.

"İnsanlarda ruh yüksəkliyi var. Bu, möhtəşəm haldır. Ancaq bu birliyimizə mane olmaq istəyən fəal qüvvələr var. Onlar dünən də müxtəlif çağırışlarla özlərini açıq-aydın biruzə verdilər. Təxribat törətmək istəyən xarici qüvvələr bizi daxildən parçalamaq istəyirlər. Gəlin, bir olub buna imkan verməyək".

Ş. Sabiroğlunun fikrincə, hazırda Ermənistan təxribatlarına cavab verən Azərbaycan Ordusuna dəstəyi yalnız birlik nümayiş etdirməklə edə bilərik: 

"Biz ordumuzun döyüş ruhunu, xalqımızın milli birliyini hələ Aprel hadisələrindən bilirik. Buna əvvəlcədən düşünülmüş şəkildə mane olmağa çalışan xaricdən maliyyələşən qruplar kölgə salmağa cəhd edirlər. Əvvəlcə sosial şəbəkələrdə müəyyən şəkildə dezinformasiyalar yaydılar, xalqımız onların cəhdlərinə inanmadı. İndi də öz təxribatlarını başqa formada davam etdirmək istəyirlər. Əminəm ki, xalqımız bütün təxribatların qarşısını almaq gücündədir. Ordumuz cəbhədə, xalqımız isə burada dezinformasiyalara qarşı döyüşür".