Dünya 16:09 14.04.2018

Qırmızı "Renault”da Rozanın Cekə dediyi...

Volterin də dediyi kimi "Bəlkə də təsadüf dediyimiz şey zərurətin səbəbidir”.

1898-ci il, Morqan Robertson, "Nahaq yerə” və ya "Titan gəmisi”...

Məşhur "Titanik”in batmasından 14 il əvvəl, faciənin birə-bir təsvir olunduğu, lakin o dövr üçün heç kimin diqqətini çəkməyən roman... Morqan Robertson dövrünün məşhur olmaq istəyib, istəyinə çatmayan, hətta bu səbəbdən dərin depressiya yaşayaraq xəstəxanaya yerləşdirilən, 1915-ci ildə, yəni "Titanik” faciəsindən 3 il sonra infarkt keçirərək dünyasını dəyişən amerikan yazar... 
 
 

Robertsonun əsərindəki gəminin çıxdığı liman, istiqaməti, aysberqlə toqquşduğu koordinatlar, gəminin quruluşu, batış səbəbi kimi göstərilənlər, xilasetmə qayıqlarının əksikliyi, hətta gəmidə səyahət edən və dünyasını dəyişən insanların sayı, yəni anlayacağınız, nöqtə-vergülünə qədər hər detalın verildiyi romanın illər sonra gerçəkləşməsi, üstəlik Robertsonun yazarlığa başlamazdan əvvəl dənizçi olması və  dəniz faciəsini ancaq  bir dənizçinin bu qədər detallı təsvir edə biləcəyi gerçəyi mənə belə bir məsəli xatırlatdı: 
Günlərin bir günü böyük səyahət gəmisində səyahətə çıxmış bir nəfərin gözünə əzrayıl görünür. Əzrayıl ona gəmini batıracağını və ölməzdən əvvəl hər hansı istəyinin olub-olmadığını soruşur. İnsan istəyinin yox, sualının olduğunu deyir: "Canımı almaq istəyirsən, al, amma mənə görə bu qədər adamı niyə öldürürsən? Onların günahı nədir? Gözlə, mənzil başına çataq sonra nə istəsən, et”. Əzrayıl gülümsəyir və cavabında "Bu adamların hamısını eyni gəmiyə yığa bilmək üçün nə qədər əziyyət çəkdiyimi bilirsən? Burada olanların hamısı əcəli çatanlardı”...

Deməyim odur ki, sizi bilmirəm, mən təsadüflərə inanmıram. Mənə görə dövrünün ən zəngin adamlarını,  seyflərində indiki qiymətlərlə 300 milyon dollarlıq daş-qaş, Ömər Xəyyamın "Rübai" manuskripti, Van Qoq, Salvador Dali kimi məşhur rəssamların əl işlərini daşıyan gəminin belə "müəmmalı” şəkildə batması təsadüfdən çox "zərurət”ə bənzəyir. Amma belə bir "zərurət”i həyata keçirmək üçün illər əvvəl təcrübəli dənizçi tərəfindən hesablanmışcasına yazılan hazır ssenarinin olması "Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” deməyə əsas verir. Üstəlik düşünürəm ki, gəmi haqqında yola düşməzdən əvvəl ajiotaj yaradan "Bu gəmini Allah da batıra bilməz” kimi söyləntilər insanları cəlb etməsi üçün yayılsa da, psixoloji baxımdan yanaşsaq, gəminin batacağına birbaşa işarədir. 

Bundan başqa, Robertsondan 20 il əvvəl məşhur ingilis jurnalisti, həyat və reankarnasiya ilə maraqlanan Vilyam Steadin yazdığı "Titanik” hekayəsi də var. Yenə bütün detalları üst-üstə düşən hekayəni gerçəklikdən ayıran tək fərq jurnalistin faciənin sonunda özünü xilas olanlardan biri kimi qələmə verməsidir. Lakin olacaqları bildiyi halda faciədə "iştirak etmək” istəyən jurnalist hekayəsindəki kimi sağ qalanlardan yox, "qurbanlardan” olur. 
 
 

Özümü həmin jurnalistin yerinə qoyuram. Hər detalını verərək yazdığım hekayə bir kənara, əgər hadisəyə oxşar yuxu belə görmüş olsam, heç kim və heç nə məni həmin gəmidə "səyahət etməyə” razı sala bilməzdi. Amma mən baş verəcək hadisə haqqında illər əvvəl yazmışamsa, hadisənin baş verdiyi yerdə olmağım , faciədən sonra da gördüklərim haqqında yazacağım və qazanacağım maraq şübhəsiz ki, şöhrətə, bütün dünyada tanınmağıma səbəb olacaqdı. Bununla belə, sağ qalacağıma inandırılmasam, nələrin yaşanacağını bilərək, ya da ehtimal edərək bu faciənin iştirakçısı olardımmı? Görəsən…

Başqa bir fakt: Şahidlərin sözlərinə görə, gəminin heyətindən bəziləri toqquşmadan əvvəl qayıqlarla gəmini tərk ediblər. Amma hadisə yerindən uzaqlaşmayıblar. Onların Titanikdən bir neçə kilometr uzaqda  "Batmaz gəmi”nin batmasını izlədikləri deyilir. 106 il əvvəl bu gün, aprel ayının 14-ü yaşanmış bu faciə nəticəsində 1514 nəfər dünyasını dəyişib. Hazırlanmasına 31 mart (ad günümdə) 1909-cu ildə başlanılmış "Uayt Star Layn” şirkətinin "Dəniz əjdahası” bütün sirrləri ilə Atlantik okeanının 4000 metr dərinliyində yatır. 
 


Bu isə danılmaz faktdır ki, əgər həqiqətən də gəmi nəzərdə tutulan strukturda hazırlansaydı, su keçirməz təbəqə həqiqətən su keçirməsəydi, gözətçilər lazımi qaydada nəzarət etsəydilər, radiostansiyada çalışan işçi işindən bezib radionu bağlamasaydı, həyəcan fişəngləri qanuna uyğun olaraq ağ yox, qırmızı rəngdə atılsaydı, biz bu gün qırmızı rəngli "Renault” maşınında Rozanın Cekə dediyi "Put your hands on me” cümləsindən "xəbərdar olmazdıq”.

Nərmin Həsənli