Ekonomiks 14:11 08.08.2017

Qlobal maliyyə böhranına səbəb olan banklara 321 milyardlıq cəza

10 il öncə başlayan və 2008-ci ildə bütün dünyanı ağuşuna alan beynəlxalq maliyyə böhranının səbəbkarları ağır cəzalarla üz-üzə qalıb. "Qaynarinfo" xəbər verir ki, Avropa və ABŞ mətbuatı həmin böhranın 60 milyard dollar ziyana səbəb olduğunu yazır.

Sərmayədarların aldadılması və yalnış yönləndirilməsi nəticəsində qlobal fəlakətə çevirilən böhranın səbəbkarları ilə bağlı araşdırmalar davam edir. Aparılan araşdırmalar zamanı bəlli olub ki, 2007-ci ildən bu günədək böhranla bağlı dünya miqyasında qlobal maliyyə qurumlarına kəsilən cəzaların miqdarı 321 milyard dollardan artıq olub.

Cərimələrin 150 milyard dolları ABŞ banklarına və ABŞ qurumları tərəfindən xarici banklara kəsilib. Böhranla bağlı araşdırmalar davam edir və cərimələrin məbləğinin artacağı gözlənilir.

Ən böyük cəza ABŞ-ın maliyyə nəhəngi "Bank of America"ya (BoA) verilib - 56 milyard dollar. Bank böhran dövründə iflas həddinə gələn "Merrill Lynch" və "Countrywide" şirkətlərini satın aldığından onların da cəzasını ödəməli olacaq. 

Aydın

Qaynarinfo.Az