Sağlamlıq 18:40 01.05.2018

Qripdən qorunmağın və sağalmağın yolları - Həkim məsləhəti

Havaların gah isti, gah soyuq keçməsi virus infeksiyalarının yayılmasına səbəb olub. Mütəxəssislərə görə, bu viruslar hava-damcı yolu ilə keçən, tənəffüs yollarının iltihabına səbəb olan xəstəliklərdir. Bura qrip, para-qrip və s. xəstəliklər aiddir.

Qaynarinfo həkim-terapevt Mətanət Cəfərovanın məsləhətinə əsasən bildirir ki, qrip və kəskin respirator xəstəliklərin müalicəsi üçün virus əleyhinə preparatlar, antibiotiklər, hərarət salan dərmanlar, vitaminlərdən istifadə etmək lazımdır:
 
"Qrip virusuna şübhə varsa, ancaq ikincili bakterial infeksiya müşahidə edilmirsə, ağırlaşma yoxdursa, antibiotiklərdən istifadə etmək məsləhət görülmür. Lüzumsuz istifadə edilən antibiotiklər bədən müqavimətini azaldır və virusun bədəndən çıxma müddətini uzadır”.
 


Cəfərova bildirib ki, belə dəyişkən havalarda 65 yaşından yuxarı və 1 yaşından kiçik uşaqlara qarşı daha diqqətli davranılmalıdır:
 
"Çünki bu yaş qrupları viruslara qarşı daha həssas olur və onlarda fəsadlar daha çox meydana gəlir. Hamilələr, ürək-damar, ağciyər xəstəliklərindən, şəkərli diabetdən əziyyət çəkənlər, immun çatışmazlığı olanlar, kimyəvi terapiya qəbul edənlər, daha öncələri qripdən fəsad yaşamış insanlar və kənar şəxslərin yardımına ehtiyacı olan şəxslər (əlillər) daha ehtiyatlı davranmalıdır.

Xəstəlikdən qorunmaq üçün şəxsi gigiyenaya riayət etmək, əlləri tez-tez yumaq, öskürmə-asqırma zamanı ağzı tutmaq, evi və ev əşyalarını dezinfeksiya etmək, çox adam olan yerlərdən, xüsusən xəstə olan yerdən uzaq durmaq lazımdır. Qrip hərarətin qalxması ilə müşahidə edilirsə, yataq rejiminə riayət etmək lazımdır. Yəni, soyuqdan istiyə, istidən soyuğa çıxmaq olmaz".
 
Cəfərova onu da qeyd edib ki, yuxu rejiminə xüsusi diqqət yetirmək, mövsümü meyvə-tərəvəz yemək, bol maye qəbul etmək lazımdır:
 
"Qripə yoluxmusunuzsa, boğaz və burun üçün antiseptiklərdən istifadə etməlisiniz. Burunu adi dəniz suyu ilə yumaq olar. Boğazı isə hər hansı bir antiseptik məhlul ilə yumaq lazımdır. Bunu evdə də hazırlamaq olar. 3 faizli perekisin içərisinə 3 həb "Furatsilin" əzib tökərək boğazı yumaq olar".
 
Sonda mütəxəssis faydalı məsləhətlərini də əlavə edib. Belə ki, kəskin respirator viruslardan, o cümlədən qripdən qorunmaq üçün:

— Zəncəfilli, limonlu, nanəli çay için;
— Əgər güclü öskürək müşahidə edilirsə, bal ilə limon qarışığı öskürəyin azaldır;
— Yüksək hərarət müşahidə edilirsə, yataq rejiminə riayət edilməlidir;
— İctimai nəqliyyatdan istifadə edirsinizsə, tutacaqlardan tutduqdan sonra əllərinizi yuyun və ya dezinfeksiya edici məhlulla silin;
— Alma, mandarin, portağal, limon və s. bu kimi meyvələrdən çox istifadə edin.

Nərmin Həsənli