Foto 20:07 11.10.2018

Qubada “ABAD Factory” açıldı (FOTOLAR)

Oktyabrın 11-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada "ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış olublar.

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin "ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildiriblər ki, "Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə "Mədəniyyət evi” qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. 

İkimərtəbəli binada "ABAD” publik hüquqi şəxs tərəfindən "Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki "ABAD”çı ailə çalışacaq. Bununla da 30-dək vətəndaş "ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi işlə təmin ediləcək. 

Bundan əlavə, istehsal prosesində ABAD-çıları xammalla təchiz edəcək yeni ABAD-çıların prosesə qoşulması da nəzərdə tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradacaq.

"Paşa Holding”in dəstəyi ilə "ABAD” publik hüquqi şəxs tərəfindən həyata keçirilən "ABAD Gastro Village” layihəsi çərçivəsində isə "Quba ABAD Factory”nin önündə "Food truck park”ı yaradılıb. 

"Quba ABAD Factory” və "ABAD Gastro Village” komplekslərində, ümumilikdə, 90-100 nəfər vətəndaşın məşğulluğu təmin ediləcək.