Siyasət 21:39 30.05.2014

Qubalıların kütləvi rus pasportu almasına reaksiya

“6 min azərbaycanlının Rusiya vətəndaşlığı alması mümkün deyil”.

Bu sözləri Axar.az-a yəhudi əsilli millət vəkili Yevda Abramov 6 min  azərbaycanlının Rusiya vətəndaşlığı almaq üçün səfirliyə müraciət etməsinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, belə şayiələrə inanmaq olmaz: “Səfirliyə cəmi 100 vətəndaşımız müraciət edib. Rəqəmlər şişirdilir. Mən Qusarda ola-ola mənə zəng edib soruşurlar ki, Qusarda Rusiya bayrağı qaldırılıb. Mən də həmin ərazidə İcra başçısı ilə durmuşam. Belə şayiələrə inanmaq olmaz. 6 min azərbaycanlının Rusiya vətəndaşlığı alması mümkün deyil”.

Millət vəkilinin sözlərinə görə, mətbuatda yayılan xəbərlər şişirdilib:

“Vətəndaşlarımız qonşu ölkədə təsərrüfat, ticarət işləri ilə məşğuldur, orada çalışan çoxlu sayda həmyerlilərimiz var. Onlar orada çörək pulu qazanır. Qubanın Rusiya ilə nə işi var? Ola bilsin ki, orada olan həmyerlilərimiz müvəqqəti yaşamaq üçün 3 və 6 aylıq qeydiyyatdan keçirlər. Amma bu o demək deyil ki, Rusiyada yaşayan azərbaycanlılar və ölkə daxilində yaşayan insanlar vətəndaşlıq üçün müraciət edir. Bu xəbərlər əsassızdır”.

Xatırladaq ki, bir müddət öncə yayılan xəbərlərdə son 1 ay ərzində Azərbaycanda 6 min nəfərin Rusiya vətəndaşlığı almaq üçün bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət etdiyi bildirilib. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi isə faktı təqdiqləyərək, rəqəm açıqlamaqda çətinlik çəkdiyini bildirib: “Müraciətlər həddən artıq çoxdur. Dəqiq statistikanı isə açıqlaya bilmərik, çünki hər dəqiqə rəqəm dəyişir”.

Qaynar.info