Siyasət 22:45 21.04.2016

"Azərbaycan ilə Ermənistanın yenidən döyüşmək ehtimalı var" - Türk professor

Türkiyənin Kadir Has Universitetinin rektoru professor doktor Mustafa Aydın Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib.

Qaynarinfo.az xəbər verir ki, türk professor münaqişənin məhz indi gərginləşməsinə səbəb kimi ATƏT-in Minsk qrupunun 20 ildən çoxdur ki, sülh yolu ilə məsələni həll edə bilməməsində görür.

Onun sözlərinə görə, 4 günlük münaqişə zamanı Azərbaycan bəzi strateji yüksəklikləri almaqla bərabər, hərbi qüvvəsinin nəyə qadir olduğunu görmək imkanı əldə etmiş oldu. Aydını təəccübləndirən məqam bu məsələdə Rusiyanın hadisələri müşahidəçi qismində izləməsi olub. Bununla belə o düşünür ki, 2008-ci ildən bəri Ukrayna, Suriya, Gürcüstanda çox rahat və sürətli həyata keçirdiyi planları Azərbaycan üzərində də yoxlaya bilər.

Mustafa Aydın bildirib ki, Qarabağda tərəflər arasında yenidən münaqişə alovlana bilər: "Azərbaycan ilə Ermənistanın yenidən döyüşmək ehtimalı var. Ancaq Azərbaycan sahib olduğu hərbi qüvvələri ilə Ermənistanı döyüş meydanlarında yenərək torpaqları işğaldan qurtara biləcəklərini dəqiq görə bilmir. Azərbaycan təkbətək döyüşsə, qalib gələcəyini görür. Amma təkbətək qalmayacağını Azərbaycan çox yaxşı bilir. Rusiya ilə qarşı-qarşıya qala bilər, bunu görür. Azərbaycan Rusiyanın itaətinə keçmədiyi müddətdə ruslar Ermənistandan vaz keçməzlər. Azərbaycan Rusiyaya tabe olarsa, bu dəfə də Rusiya özünə tabe olmuş 2 dövləti bərabərhüquqlu görəcək və bu 2 ölkənin müharibə aparmasının qarşısını alacaq".

Qaynarinfo.az