Sənət 16:43 10.04.2014

"Azərbaycan obyektivdə" - FOTOLAR

Asim Mollazadə Bratislavada Azərbaycan mədəniyyəti və tolerantlıq ənənələri barədə danışıb

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Bratislavada Slovakiyanın mədəniyyət naziri Marek Madariçin dəstəyi ilə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunmuş "Azərbaycan obyektivdə" adlı fotosərgidə iştirak edib. 

Qaynar.info-ya partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, millət vəkillərinin, xarici diplomatların, jurnalist və ictimai xadimlərin bir araya gəldiyi tədbirdə A.Mollazadə  Azərbaycan mədəniyyəti və onun tolerantlıq ənənələrindən danışıb. Azərbaycanın Avropa dəyərlərini özündə ehtiva edən ilk müsəlman və türk ölkəsi olduğunu vurğulayan DİP sədri deyib: "Sərgidəki fotoşəkillərə baxarkən biz bir faktı göz önünə gətirməliyik ki, Azərbaycan Avropa mədəniyyətinə inteqrasiya edən ilk Şərq ölkəsi olub. Şərq dünyasında ilk opera, balet və caz orkestri məhz Azərbaycanda yaranıb. Biz bu ölkənin timsalında multikulturalizmin bariz nümunəsini görürük. Məsələn, Avropadakı müdhiş günlər zamanı təhlükə altında olan yəhudilər sığınacaq üçün məhz Azərbaycana pənah gətiriblər. Azərbaycanlılar hər zaman mədəniyyətlərin mübadiləsinə, sivilizasiyaların dialoquna açıq olublar.  Bu xalqın və ölkənin tarixən öz tolerantlığı, digər xalqlarla qurduğu mədəniyyət tərəfdaşlıqları sahəsində çox böyük təcrübəsi var. Mənim ölkəmdə yəhudilər, müsəlmanlar, protestantlar, katoliklər və pravoslavlar hamısı dinc şəraitdə yanaşı yaşayırlar. Bu fotoşəkillər vasitəsilə Azərbaycanın mədəniyyət və adət-ənənələri haqqında təsəvvürə malik ola bilərsiniz”.

Millət vəkili həmişini qeyd edib ki, tezliklə Bakı Slavyan Universitetində Slovakiya mərkəzi açılacaq və Azərbaycan gəncləri gəlib Slovakiya və onun tarixini öyrənəcək, Slovakiyada təhsil alacaq, eləcə də slovakiyalı tələbələr Azərbaycan Diplomatik Akademiyasında təhsil alacaqlar. “Ümid edirəm ki, bu sərgi bizim ölkələrimiz arasındakı böyük əməkdaşlıqların yaranması üçün müjdəçi rolunu oynayacaq" – deyə A.Mollazadə əlavə edib.

Qaynar.info