Siyasət 15:49 22.05.2013

"Azərbaycan öz payına sahib çıxa bilir" Novruz Məmmədov

"Dünyada müəyyən qüvvələr var ki, onlar bu və ya digər ölkələrdə kütləvi ixtişaşların və qarşıdurmaların olmasını istəyirlər".

Bunu Publika.Az-a açıqlamasında  Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.


Dünyada baş verən kütləvi qarşıdurmalarla bağlı məsələlərə toxunan PA rəhbərinin müavini N.Məmmədov söyləyib ki, bir sıra ölkələrdə qarşıdurma yarananda, həmin qüvvələr də öz məqsədlərinə nail olurlar və beləliklə də öz planlarına həyata keçirməyə çalışırlar. Onun sözlərinə görə, Azərbaycan dövləti heç zaman bu cür hallara imkan verməyəcək və ölkəmizdə bu cür hallar baş tutmayacaq: "Azərbaycan xalqı düzgün yolun hansı olduğunu yaxşı bilir, prezidentin xalqı çox düzgün yolla apardığını görür və bunun başqa altenativi olmadığını bilir. Ona görə də bizim üçün prezidentlə xalqın birliyi ən böyük faktordur. Bu faktor isə Azərbaycanın daim inkişafını və bu yolda irəliləməsini təmin edəcək".

N.Məmmədov həmçinin qeyd edib ki, indi dünyanın bir çox ölkələrində, istər Avropa, istərsə də digər ərazilərdə yüzlərlə, minlərlə insanlar küçələrə və meydanlara çıxaraq etiraz aksiyaları keçirirlər: "Bu aksiyalar zamanı onlarla adam həbs olunur, zədələr alır. Hətta ölüm halları da olur. İndi dünyada baş verən bu cür hadisələr heç də yaxşı proseslərdən xəbər vermir. Şükürlər olsun ki, indi Azərbaycanda bu cür hallar mövcud deyil. İndi Azərbaycanda dövlət başçısı və dövlət üçün ən vacib məsələ ölkədə xalqla dövlətin bir-birinə bağlılığıdır və şükürlər olsun ki, Azərbaycanda prezident və xalq bir yerdədir".

Azərbaycanın dünyada artan nüfuzunun əhəmiyyətinə də toxunan N.Məmmədov deyib ki, son illər Azərbaycanın bir sıra sahələrdə əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin qoyduğu yolun uğurlu davamıdır. Onun sözlərinə görə, Azərbaycan son 10 ildə bütün sahələrdə böyük uğurlar əldə edib: "İndi Azərbaycan beynəlxalq aləmdə regionun lider dövləti kimi nüfuz qazanıb. Bunu dünyanın hər yerində qəbul edirlər. Sadə bir nümunə göstərim ki, son bir neçə ildə Azərbaycanın Cənubi Amerika ölkələri ilə əlaqələrinin inkişafı sürətlənib. Azərbaycan kiçik dövlət olsa belə, ancaq dünyada gedən beynəlxalq geosiyasi və geostrateji proseslərə güclü təsir edə bilir, bu proseslərdə iştirak edərək öz sözünü deyə bilir. Beləliklə də, Azərbaycan dünyada gedən maraqlar uğurunda mübarizə prosesində öz payına sahib çıxa bilir. Bunu bacarmaq çox asan məsələ deyil. Azərbaycan bunu ilk növbədə iqtisadi əməkdaşlıq sahəsində edib və böyük uğurlar qazanıb. Bizim üçün ən vacib olan məsələ də məhz Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşı olmasıdır.  Şükrlər olsun ki, indi bu istiqamətdə heç bir problem mövcud deyil və görülən işlər uğurla davam etdirilir. Hazırda Azərbaycanda əhalinin yaşayış səviyyəsi yüksəkdir. Eyni zamanda Azərbaycan siyasi sahədə də çox böyük uğurlar əldə edib. İndi Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzv dövlət kimi dünyada gedən bütün proseslərdə iştirakı ölkəmizin siyasi sahədə əldə etdiyi ən böyük nailiyyətlərdən biri hesab olunur. Azərbaycan digər sahələrdə, o cümlədən mədəniyyət sahəsində də böyük nailiyyətlər əldə edib. Azərbaycan və onun paytaxtı olan Bakı şəhəri artıq dünya səviyyəsində beynəlxalq tədbirlərin təşkil olunduğu ən böyük və tanınmış məkana çevrilib. İndi Azərbaycanda hər ay onlarla beynəlxalq tədbir keçirilir. Hətta elə olub ki, Azərbaycanda bir gündə iki beynəlxalq tədbir keçirilib. Bu ilin iyun ayının sonlarında isə Bakıda Dünya Svilizasiyalararası Dialoq Forumunun keçirilməsi gözlənilir. Bütün bunların hər biri Azərbaycanın beynəlxalq aləmdə tutduğu yüksək yerin göstəricisidir. Bu nöqtey-nəzərdən də qeyd edə bilərəm ki, beynəlxalq təşkilatların da Azərbaycana mövqeyi çox müsbətdir. Düzdür, müxtəlif vaxtlarda bəzi təşkilatların tənqidi rəyləri ola bilər. Bunu da təbii qəbul etmək lazımdır. Çünki Azərbaycanı istəməyən və ölkəmizin inkişafına qısqanc yanaşanlar da var. Bu təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində baş verir. Hətta elə ölkələr var ki, orada bizdən 10 dəfə artıq bu proseslər baş verir, ancaq həmin dövlətlər buna əhəmiyyət belə vermirlər. Belə hallara reaksiya verməmək artıq bizə də lazımdır".

Qaynar.info