Siyasət 19:17 15.03.2013

"Azərbaycanda inqilab üçün 5 milyard lazımdır" (AÇIQLAMA)

"Mən inqilab söhbətini ciddi qəbul etmirəm. 2 milyona inqilab etmək olmaz. Azərbaycan kimi ölkədə inqilab etmək üçün bu məbləğ yetmir. Məsələn, Gürcüstanda müxalifət 1 milyarddan çox pul xərclədi. İvanişvili bu inqilabı təşkil etdi. Azərbaycanda inqilab olması üçün gərək kimsə 5 milyard pul xərcləsin".

Bunu Qaynar.info-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. 

Millət vəkili bildirib ki, xarici qüvvələr informasiya bazasını yaratmaq üçün, Azərbaycanda baş verən proseslər barədə məlumat toplayıb xaricə ötürmək üçün ayrı-ayrı qrupları maliyələşdirirlər: "Bu da kimsəyə sirr deyil. Çevriliş məsələsi mənim üçün bir az qeyri-ciddi məsələdir. 2 milyona çevriliş etmək olmaz, indi 2 milyon hansısa QHT-nin illik büdcəsidir. Amma deyim ki, "Facebook" gənclərin təşkilatlanmasında böyük rol oynayacaq. Yenə də deyirəm, 2 milyon manatla Azərbaycanda siyasi prosesləri təhlil etmək, prosesləri yönləndirmək mümkün deyil. "Facebook"la heç nə əldə etmək mümkün deyil. Guya Misirdə "facebook"la inqilab etdilər? Bu, cəfəngiyyatdı. Orada xeyli müddət mübarizə aparmış "Müsəlman Qardaşları" var idi. Onlar xalqın önündə gedirdilər, polislə vuruşurdular, mübarizə aparırdılar. Yoxsa elə-belə mümkün deyil. Bilirsiz ki, Azərbaycanda insanlar siyasi partiyalara üzv olmurlar, siyasi proseslərdən uzaqdılar, çox vaxt da öz fəaliyyətlərini ictimai fəaliyyət kimi elan edirlər, qaldırdıqları problemləri siyasiləşdirməməyə çalışırlar. Bu baxımdan Azərbaycanda inqilab üçün nə ab-hava, nə şərait, nə də bunu təşkil edəcək insanlar yoxdur. Hər bir xalqın inkişaf səviyyəsi var, Azərbaycan xalqının da inkişaf səviyyəsi daha mükəmməl idarəetmə sisteminə əsaslanan dövlət qurmağa imkan vermir. Bununla barışmaq lazımdır və yavaş-yavaş cəmiyyəti buna hazırlamaq lazımdır".

Q.Həsənquliyev "N!DA-çı gənclərin həbsindən danışarkən deyib ki, istintaqın gedişini gözləmək lazımdır: "Hökumət çox ciddi ittihamlar irəli sürüb. İndi bu ittihamları nə təkzib, nə də təsdiq etmək olar. Buna görə istintaqın və məhkəmə prosesinin gedişini gözləmək lazımdır. Hesab edirəm ki, həm müstəqil media, həm də ictimai-siyasi partiyalar bu məsələni ciddi nəzarət altında saxlamalıdırlar. Mənə elə gəlir ki, məhkəmə prosesinin gedişində hər şey üzə çıxacaq".

Deputat BŞİH-in müxalifətə aksiyaların keçirilməsi üçün yer ayırmadığına görə məsuliyyət daşıdığını deyib: "Narazılıqların baş verməməsi üçün şəhərin mərkəzində aksiyaların keçirilməsi üçün yerlər ayrılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti həddini aşaraq qanunvericiliyə əməl etmir. Onlar bəyan edirlər ki, filan aksiyanın keçirilməsini məqsədə uyğun saymırıq. Onların bu cavabına görə cinayət işi açılmalıdır və dərhal həbs edilməlidirlər. Qanunun aliliyi təmin olunan ölkə olsaydıq, bu, belə olmalı idi. Aksiya keçirilməsinin məqsədə uyğunluğunu aksiya təşkil edən özü müəyyənləşdirir. Qanunda müəyyənləşib ki, BŞİH hansı hallarda aksiyanın keçirilməsinin qarşısını ala bilər. Əgər bu hallar yoxdursa, onların nə ixtiyarları var ki, aksiyanı məqsədəuyğun saymasınlar. Bunu etmirlər, gəncləri də bir növ razılaşdırılmamış etiraz aksiyası keçirməyə sövq edirlər. Bu da dövlətçiliyimiz üçün təhlükəlidir, çünki belə aksiyalar zamanı təxribatçı qüvvələr bundan istifadə edə bilər. Amma mən yenə də gənclərin öz konstitusion hüquqlarından istifadə etmələrini müsbət qiymətləndirirəm".

İlkin
Qaynar.info