Siyasət 11:00 11.10.2013

"Azərbaycanda sovet dönəminin "dinozavrları" çoxdur" - VİDEO


Bu günlərdə Brüsseldə Avropa Parlamentinin ofisində "Azərbaycanda prezident seçkiləri: Odlar yurdunu hansı gələcək gözləyir?" mövzusunda seminar keçirilib.

ANN.Az-ın verdiyi xəbərə görə, seminar ölkəmizdə və xaricdə müxtəlif müzakirələrə yol açıb. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə həmin seminarda çıxış edib və mübahisə doğuran məsələlərə aydınlıq gətirib. O, Azərbaycanın Avroatlantik inteqrasiyasından danışarkən deyib: "Burada aparılan müzakirələr mənə sovetlər dönəminin ağ-qara baxışını xatırladır. Təəssüf ki, biz XXI əsrdə də kommunistlərlə mübarizə aparmaq məcburiyyətində qalmışıq. Azərbaycanda da şübhəsiz ki, sovet dönəminin "dinozavrları", sovet ənənələrinə sadiq menecerlər çoxdur. Həmçinin sovetlərin qalıqları ilə mübarizə aparan "dinozavrlar" da var. Bu halda, mən sizə Azərbaycanın nə üçün Avrointeqrasiyaya qərar verdiyini, niyə bu məsələnin Azərbaycanda siyasi partiyalar arasında fikir uzlaşması məsələsi olduğunu demək istərdim. Siz məndən əvvəl çıxış edən cənab Rövşən Qəmbərin də təmsil etdiyi Müsavat partiyasının Avroatlantik inteqrasiyanı prioritet hesab etdiyi barədə fikrini eşitdiniz. Hakimiyyət partiyaları da eyni fikirdədirlər. Azərbaycan xalqının əksəriyyəti öz gələcəyini Avroatlantikada görür. Lakin bu NATO-ya formal üzvlük arzusu demək deyil. Çünki biz yaxşı xatırlayırıq ki, Gürcüstan və Ukrayna NATO-ya üzvlük üçün müraciət edəndə Putinin tankları ilə üzləşdilər və heç kəs onları müdafiə etmədi. Xatırlayırıq ki, NATO bizim üzvlüyümüzə hazır deyildi. Biz onu da yaxşı xatırlayırıq ki, prezident Yuşşenko Kiyevdə Avrointeqrasiyadan danışanda Avropa Birliyi belə bir şansın olmadığını, heç kimin Ukraynanın Avropaya inteqrasiyasını müzakirə etmədiyini bildirdi. Biz başa düşməliyik və nəzərə almalıyıq ki, bu bir prosesdir. Niyə Azərbaycan Avropanın, Avroatlantika ailəsinin bir hissəsi olmaq istəyir? Sizə xatırlatmaq istərdim ki, müsəlman dünyasında ilk dünyəvi ölkə Azərbaycan olub. Hətta Türkiyə Cumhuriyyətinin qurucusu Atatürkün də ideoloji müəllimləri Azərbaycandan olublar. İslam dünyasında dünyəvi dövlət modelini qurmaq ideyası ilk olaraq Azərbaycanda gündəmə gəlib. Bu günsə iki məsələdə bizim avropalı dostlarımızın yardımına ehtiyacımız var: Avropa təhsili və Avropa mədəniyyəti. Xahiş edirik, Azərbaycanın yeni nəslinə Avropa mühitinə inteqrasiya etməyə şans verəsiniz. Bizim yeni ictimai menecerlərə, siyasi menecerlərə, biznes menecerlərinə, ekoloji mühit menecerlərinə ehtiyacımız var".

DİP sədri Azərbaycanda insan hüquqları probleminə belə aydınlıq gətirib: "Keçmiş sovet ölkələrinin ən böyük problemlərindən biri demokratiyanın və insan hüquqlarının çatışmazlığıdır. Lakin siz bilməlisiniz ki, bu ölkələrlə Baltikyanı ölkələr, eləcə də indi Avropa Birliyinin və NATO-nun üzvü olan Polşa, Bolqarıstan, Rumıniya kimi Mərkəzi Avropa ölkələri arasında prinsipial fərqlər var. Çünki o ölkələrdə heç vaxt Qolodomor və ya 30-40-cı illərin kütləvi soyqırımları olmayıb. Bakının yaxınlığında kiçik bir ada var. Əgər siz bu ərazidə suyun dərinliklərinə getsəniz, orada bolşevik və kommunist rejimi tərəfindən qətl edilən Azərbaycan ziyalılarının sümüklərini görərsiniz. Həm də nəzərə alın ki, bizim müstəqilliyimizin bərpasından cəmi 22 il keçir".

Millət vəkili Azərbaycanda dini və etnik diskriminasiyanın olduğu barədə fikirləri təkzib edib: "Etnik azlıqlar haqqında müzakirələr aparılarkən xatırlatmaq istərdim ki, Qərbi Avropada, məsələn, Hollandiyada və ya Rusiyada yəhudi qətliamları olanda yəhudilər Azərbaycana gəldilər və burada sülh və qardaşlıq şəraitində yaşadılar. Rusiya İmperiyasının vaxtında katoliklərin hüquqları pozulurdu. Katoliklər Polşa Müstəqillik Hərəkatı dövründə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda yerləşmişdilər. Onların bu ölkənin inkişafına, mədəniyyətinə, Azərbaycan xalqının Avropayönümlü baxışlarına töhfələri həqiqətən böyükdür və biz öz müstəqilliyimiz üçün mübarizə aparmağa imkan tapan kimi Avropaya inteqrasiya yolunu, Avropa inkişaf yolunu seçdik. Biz buna nail olduqmu? Əlbəttə hələ ki, yox. Mən sizə "İncil"dən Musa haqqında bir hekayəni xatırlatmaq istərdim. Musa öz ətrafındakı insanlarla birlikdə Misir səhralarında 40 il keçirdi. Çünki, o yeni torpaqlara qullarla deyil, azad insanlarla gəlmək fikrində idi. Biz bu yolun yarısını qət etmişik. Azərbaycan 1992-ci ildə, keçmiş Sovet ölkələri arasında ilk dəfə olaraq mədəni hüquqları, etnik azlıqların bütün hüquqlarını əhatə edən qanunlar qəbul etmişdir. Həmçinin 1994-cü ildə bu barədə qanun yenidən qəbul olundu. Bu qanunla Azərbaycandakı bütün etnik azlıqlara mədəni muxtariyyat verilirdi. Bizim partiya üzvləri arasında da ləzgilər, talışlar, yəhudilər, ruslar var və biz bununla fəxr edirik. Biz fəxr edirik ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar mənim ölkəmin ayrılmaz hissəsidirlər. Onlar "beşinci kolon" deyillər ki, Rusiyanın və ya Azərbaycanın maraqları üçün mübarizə aparsınlar. Biz şadıq ki, çoxrəngli, çoxmədəniyyətli mühitə malikik. Bu Azərbaycan xalqının tarixdən gələn strateji yoludur. Talışlar Azərbaycanın, bizim mədəniyyətimizin ayrılmaz parçasıdır. Burada talışların, ləzgilərin hüquqlarından danışmaq təəccüblüdür".

Asim Mollazadə GUAM ölkələrinə qarşı haqsız hücumları təhlil edərkən, Ermənistanda insan hüquqlarına olan təhlükələrin avropalılar tərəfindən sükutla qarşılanmasına etirazını bildirib. Həmçinin Azərbaycanda internetdən istifadənin məhdudlaşdırılması barədə fikirlərlə razılaşmadığını ifadə edib: "Azərbaycan Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramının üzvüdür və payızda Şərq Tərəfdaşlıq Proqramının Sammiti keçiriləcək. Və dərhal, GUAM ölkələri - Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova sərt hücumların hədəfinə çevrilib. Niyə? Hamı bilir ki, ancaq Azərbaycan bütün bu təzyiqlərə qarşı durmaq üçün kifayət qədər iqtisadi potensiala malikdir. İndi Azərbaycan Gürcüstana milyonlarla dəyəri olan sərmayələr yatırır və bu, bizim üçün çox vacibdir. Gürcüstanda ən çox vergi ödəyicisi olan iki şirkət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Beynəlxalq Bankıdır. Ukrayna bizim üçün son dərəcə vacib tərəfdaşdır və onun Vilnüs Sammitində imzalayacağı sənədlər də bizim üçün son dərəcə vacibdir. Lakin baxın görün nə baş verir? Gürcüstan, Ukrayna, Moldova və Azərbaycana qarşı bütün Avropa miqyasında hücuma keçmək üçün insan haqları məsələsi qaldırılır. Keçən il Ermənistanda prezident seçkiləri keçirilirdi. Namizədlərdən biri Paruyr Hayrikyana qarşı sui-qəsd edilmişdi. Onlar niyə Paruyr Hayrikyanı öldürməyə çalışırdılar? Çünki hətta Sovetlər dövründə o, Azərbaycanla Ermənistanın birləşməli olduğunu və birlikdə Rusiya İmperiyasına müqavimət göstərməyin lazım gəldiyini bildirəndə, Dövlət Təhlükəsizlik Komitəsi onu Ermənistandan kənarlaşdırdı. Çünki rusların bölərək hökmranlıq etmək, Azərbaycan və Ermənistan arasında müharibə şəraiti yaratmaq planları var idi. Paruyr Hayrikyan öz seçki kampaniyası zamanı Rusiyanın konfliktdəki rolu haqqında danışanda, Ermənistanı Gürcüstan və Azərbaycanla birləşərək Avropa yolunu tutmağa çağıranda onu öldürməyə cəhd etdilər. Bu atəş Paruyr Hayrikyana "səsini kəs" demək idi. Biz bunları burda müzakirə edirikmi? Xeyr. Səssizlikdir. Biz avropalı dostlarımızın yenidən Rusiyaya itələnən ermənilərin hüquqlarını dəstəkləmələrini gözləyirik. Cənab Putinin bəyanatları hamıya məlumdur. O, Avrasiya Birliyini qurur. Postsovet ölkələrini təzyiqlə Gömrük Birliyinə qoşulmağa məcbur edir. Biz Avropalı dostlarımızdan kifayət qədər dəstək almırıq. Doğrudur, bizə ABŞ-dan dəstək var, lakin bu dəstək heç vaxt böyük miqyasda olmayıb. İnsan hüquqları məsələsi bütün posttotalitar sistemlərdə aktualdır və müəyyən pozuntular mövcuddur. Xüsusilə belə hallar seçkilərdən əvvəl və sonrakı dövrdə artır. Amma nəzərə almaq lazımdır ki, dəyişikliklər həm də texnologiya ilə birgə gəlir. Hazırda Azərbaycanda azad və sürətli internet mövcuddur. Burada, Avropa Parlamentinin binasında internetdən kodsuz istifadə mümkün deyil, lakin Azərbaycan parlamentinin binasına gəlsəniz, internetdən istifadə üçün koda ehtiyac duymayacaqsınız".

DİP sədri Rafiq Tağının iqtidarın sifarişi ilə öldürüldüyü barədə iddialara toxunarkən deyib: "Azərbaycan az-çox iqtisadi cəhətdən azaddır və indi regionda əhəmiyyətli rol oynayır. NATO ilə təhlükəsizlik proqramlarında əməkdaşlıq edir. Lakin etiraf edək ki, bunlar bizi bəzi ölkələrin kobud hücum hədəfinə çevirir. Elə keçən il, Bakının mərkəzində radikal dünyəvi yazıçı Rafiq Tağı Ayətullah Lənkəraninin fətvasından sonra öldürüldü. İran terror aktları həyata keçirməyə çalışır. Əgər keçmiş Amerika səfirinin "Wall Street Magazine"-də dərc olunan müsahibəsinə göz gəzdirsəniz görəcəksiniz ki, onların Amerika səfirini, İsrail səfirini, Azərbaycanda Yəhudi İcmasının başçısını öldürmək planları var idi. 150 nəfər həbs olundu. Onların bəzilərinin adları siyasi məhbus siyahısında qeyd olunur. Lakin mən düşünmürəm ki, İranın terror planları və Azərbaycana qarşı terroru siyasi məsələdir".

A.Mollazadə çıxışında avropalılardan Xocalı üçün ədalət istəyib: "Mən yenidən etnik azlıqlar məsələsinə toxunmaq istərdim, xüsusilə də Şimali Qafqazdakı etnik azlıqlar. Hazırda Şimali Qafqaz döyüş meydanıdır. Orada hər gün insanlar ölür. Rusiya imperiyası Qafqazın bütün müsəlman xalqları arasında böyük problemlər yaradıb. Hətta vaynaxlar, çeçenlər və inquşlar arasında böyük münaqişələr var. Əgər keçmiş Sovet İttifaqı məkanındakı etnik münaqişələrinin coğrafiyasına baxsaq görərik ki, onlar Rusiya hərbi bazalarının coğrafiyası ilə üst-üstə düşür. Bu hərbi hissələr münaqişələrdə aktiv iştirak edir. Mən xatırlatmaq istəyirəm ki, XX əsrin ən böyük və ən çirkin faciəsi Qarabağın kiçik Xocalı rayonunda baş verib. Bir gecə ərzində uşaqlar, qadınlar, yaşlı insanlar vəhşicəsinə öldürülüb. Bilirsinizmi niyə? Çünki onlar etnik cəhətdən fərqli idilər. Orada hətta 2-3 yaşlı uşaqlar yandırılaraq öldürülmüşdü. ASALA liderinin qardaşı Monte Melkonyanın yazdığı kitab var. O, 12 yaşlı azərbaycanlı qızın azərbaycanlı olduğunu üçün yandırılmasını görəndə şok olduğunu yazır. Düşünürəm ki, biz bütün səylərimizi birləşdirməliyik. "Xocalı üçün ədalət" Avropalı həmkarlarımızdan ötrü "Ruanda üçün ədalət", "Srebrenitsa üçün ədalət" qədər əhəmiyyətli olmalıdır. Çünki biz Avropaya, bizim ümumi ailəmizə gəlirik, çünki bizim demokratiyaya, insan haqlarına, qanunun aliliyinə ehtiyacımız var. Heç kəs bunları qrant şəklində və ya hədiyyə olaraq vermir. Bizə zaman lazımdır".

DİP sədri çıxışının yekununda deyib: "Azərbaycanın "ərəb baharı" və ya ona bənzər inqilablar üçün dəstəyə ehtiyacı yoxdur. Biz Qərbi və Cənub-Şərqi Avropada yaşayan insanlar üçün başlıca təhlükə terroru hesab edirik. Bu gün dindən siyasi məqsədlər üçün istifadə edilir. Cənab Qəmbər Azərbaycan müxalifətinin birliyindən danışdı. Mən dəfələrlə Azərbaycanın İslam partiyasının nümayəndələrinin müxalifətlə birlik nümayiş etdirməsi məsələsini qaldırmışam. Bu birgəlik şübhə yaradır və ona görə də ictimai dəstək qazanmır. Biz bilirik ki, İran, erməni və rus birliyi Cənubi Qafqazın inteqrasiyasına qarşıdır. Biz Avropaya tərəf irəliləyirik, çünki Avropa dəyərlərini paylaşırıq. Bizim partiyada fəal təmsil olunan ləzgi, talış, rus və yəhudilərin adından demək istərdim ki, Azərbaycan ləzgiləri, avarları və digər xalqlar iqtisadi, sosial, siyasi, mədəni baxımdan Rusiya Federasiyasındakı eyni etnik azlıqların nümayəndələrindən daha yaxşı yaşayırlar. Onlar Şimali Qafqazda hər gün terror və qarşıdurmalarla üzləşirlər. Halbuki Azərbaycan bu baxımdan onlar üçün təhlükəsizdir".

Qaynar.info