İdman 18:09 03.06.2013

"Bakı"ya yeni baş məşqçi təyin olundu

"Bakı" klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdman24.az saytının məlumatına görə, paytaxt klubunun yeni baş məşqçisi ispaniyalı mütəxəssis Xuan Manuel Lillodur. İspaniyalı gənc baş məşqçi Lilloyla iki illik müqavilə bağlanacağı bildirilir. Xuan Manuel bu zamana kimi İspaniyada "Salamanka", "Tenerife", "Saraqoza", "Real Sosyedad" və "Almeriya" kimi klublarda baş məşqçi işləyib.

"Barselona"nın əfsanəvi baş məşqçisi sayılan və yeni mövsümdən "Bavariya"nı çalışdıracaq Pep Quardiola Lillo haqqında belə deyib: "İndiyə kimi gördüyüm bütün baş məşqçilərdən nələrsə öyrənmişəm, amma 3 məşqçi var ki, onlar mənim futbol görüşümü müəyyənləşdirib və fikirlərimə istiqamət veriblər - Yohan Kroyff, Karles Rexac və Xuan Manuel Lillo". Bu da ondan xəbər verir ki, Lillo sıradan bir məşqçi deyil.

47 yaşlı məşqçi yaxın günlərdə Bakıya gələrək klubla müqavilə bağlayacaq. Hazırda İspaniyada olan "Bakı"nın prezidenti Hafiz Məmmədovun bu gün vətənə dönəcəyi və klubla bağlı çox ciddi qərarlar qəbul edəcəyi də bizə verilən xəbərlər arasındadır. 

Qaynar.info