Sənət 18:35 17.09.2014

"Bu dəfə də alimlər, sənət adamları bıçaqlaşacaq" - MÖVQE

"Onda başa düşəcəyik ki, bir ölkə, xalq kimi gözəl gələcək qurmaq üçün əlimizdə necə böyük bir şans var idi"

"Şərait yaradılsa bir çox sahələrdə də istedad nümayiş etdirə bilərik"


Azərbaycanda digər sahələrə nisbətən dövlət tərəfindən idmana daha çox diqqət və qayğı göstərilir. İdman sahəsində həyata keçirilən milyardlıq layihələr artıq sürətlə bir idman ölkəsinə çevrildiyimizi göstərir. Qalib idmançılara fantastik hədiyyələrin və pul mükafatlarının verildiyi də heç kimə sirr deyil. Bəzən bir idmançının dövlətdən aldığı pul hədiyyəsi yüzlərlə tələbənin illik təhsil xərcindən çox olur. Bir alimin ömür boyu aldığı maaşı toplasaq belə, bir idmançıdın dövlətdən aldığı pul mükafatından dəfələrlə kiçik olar.

Əlbəttə, bütün ölkələrdə idmana diqqət ayrılır, yatırımlar edilir, amma digər sahələrlə, xüsusən, elm, təhsil və mədəniyyət sahələri ilə balansı gözləmək şərti ilə. Azərbaycanda isə bu balans ciddi şəkildə pozulur. Bəlkə də bunun nəticəsidr ki, valideynlər övladlarını elmi, təhsili, mədəniyyəti yox, idmanı seçməyə sövq edirlər.

Son vaxtlar bir çox titullu idmançımızın adının Azərbaycanda kriminal olaylarda hallanması, bir çoxlarının Suriyaya, İraqa gedib İŞİD-ə qoşulması mövzunu təkrar aktuallaşdırır. Ümumiyyətlə, dövlətin idmana bu qədər pul ayrımasının səbəbi nədir? Bu bizə lazımdırmı?

Qaynar.info saytı bu suallarla tanınmış yaradıcı adamlara müraciət edib.

Tanınmış yazar və naşir Rasim Qaracanın fikrincə, indiki analoqu olmayan durumda, əgər elmə, mədəniyyətə və ya ədəbiyyata pul ayrılsa, yenə də sadaladığınız anormallıqların şahidi olacağıq: "Bu səfər də alimlər, sənət adamları biri-birini bıçaqlayacaq və ya yazarlarımızın səsi Suriyadan gələcək. İndiki bürokratik sistem müsbət nəticələr əldə etməkdən ötrü yararsızdır. Yaxşı görünən bəzi şeylər də böyük pullar və zor gücünə əldə edilir. İdman özlüyündə pis bir şey deyil. Təəssüf ki, bir çox gözəlliklər kimi o da bizim ölkəmizdə eybəcər hala salınıb". 

Gənc yazar Cavid Ramazanovun sözlərinə görə, dünyanın hər yerində idmana diqqət və qayğı yüksək səviyyədədir: "Futbolçuların astronomik məbləğdə pul qazanmasını buna misal göstərmək olar. Onlar bu pulları haqq edirləmi? Təbii ki, yox. İdman - elm, təhsil, mədəniyyətdən daha populyardır, bu, hər zaman belə olub. Təhsilə, mədəniyyətə investisiya yatırılsa, onun meyvələrini dərmək üçün uzun illər lazımdır, həm də bu komlpeks işdir. İdmana yatırılan pullar isə daha tez nəticə  verir. Bizim hökumət də bundan yararlanıb dünya arenasına çıxmaq, ölkəni tanıtdırmaq istəyir. Amma belə bir tanınma kimin nəyinə lazımdır - bu şübhəlidir.

Əgər müqayisə eləsək, təhsil və mədəniyyətin dalınca gedənlərin sayı həmişə az olub. Ona görə ki, dünyada ağıllıların sayı həmişə həddindən artıq az, axmaqların sayı isə həddindən artıq çox olub, indi də belədir. Populyar idman növləri, kütləvi incəsənət, bayağılıq, parıltı, sünilik ona görə belə geniş yayılıb. Düşünən insanların sayı az olduğuna görə də, həmişə müharibələr, böhranlar olur. İndi də dünyada gərginlik və müharibələr hökm sürür. Bütün dünyada ölkələri idarə edənlər kimlərdir? Kapitalistlər, CEO-lar, transmilli korperasiyalar, oliqarxlar və s. Onlara bu vəziyyət sərf edir. Kütləyə tamaşa lazımdı, buyurun baxın. Vəziyyət pisləşəndə isə çıxış yolu kimi müharibələr, böhranlar törədirlər, sıravi insanlar qırılır, ölür. Sonra hər şey bir müddətlik öz axarına qayıdır".

Cavid Ramazanov qeyd edib ki, ailələrin uşaqlarını idmana göndərməsini başa düşmək olur: "İdmançılar daim idmanla məşğul olub, intellekt cəhətdən axsadıqlarına görə, asanlıqla tora düşürlər. Ona görə, müxtəlif radikal dini təriqətlər, cərəyanlar idmançıları "ələ" keçirməyə çalışırlar. Onların populyarlığından istifadə edib öz işlərini daha effektiv görürlər. Ən məşhur futbol klublarında oynayan kifayət qədər ulduz futbolçular var ki, hansısa dini cərayanı təmsil edirlər. Bu da müəyyən mənada başa düşüləndir.

İdmançıların tez-tez dava törətmələrinə, Suriyaya, İraqa gedib radikal cərayanlara qoşulmaları sadaladıqlarımın məntiqi nəticəsdir. Dövlətdən təhsilə, elmə, mədəniyyətə qayğı gözləmək bir az saflıq olardı. Hələ-hələ Azərbaycan kimi ölkədələrdə. Tələb, təklif eləmək olar əlbəttə, amma bunu dövlətdən könüllü şəkildə gözləmək saflıq olardı. Elmə, mədəniyyətə qayğı xalqın gələcəyini düşünən insanlara məxsus xüsusiyyətdi və müəyyən mənada altruist bir işdir. Bu həm də bunu edə biləcək insanlardan yüksək mədəniyyət və intellekt tələb edir. Mən hakimiyyət təmsilçilərindən bunu qətiyyən gözləmirəm. Çox heyf ki, nə vaxtsa neft qurtaracaq, hər şey bitəcək. Onda başa düşəcəyik ki, bir ölkə, xalq kimi gözəl gələcək qurmaq üçün əlimizdə necə böyük bir şans var idi və biz o şansı necə itirdik. Bu da yəqin, bizim bir ölkə kimi məğlubiyyət hekayəmiz olacaq".

Tanımış bəstəkar Firudin Alahverdi isə dövlətin idmana yüksək vəsait ayrımasını bayrağımızın idman yarışlarında qaldıraraq ölkəni təbliğ etməyə yönəldiyini deyib: "Amma mən bir incəsənət adamı kimi bu fikirdəyəm ki, ölkə mədəniyyət, sənət və elm sahələrində təbliğ olunsa daha yaxşı nəticələr verər. Bir var çağdaş dünyada yazıçılarınla, alimlərinlə, musiqiçilərinlə, rəssamlarınla, kinematoqrafınla təmsil olunasan, bir də var ki, güləşçilərin, ağırlıq qaldıranların, çövkan oynayanlarınla.

Üzeyir Hacıbəylinin yüz il əvvəl qələmə aldığı "Öz qədrimizi bilmirik" adlı məşhur bir yazısı var, internetdə tapıb oxuya bilərsiniz. Bəstəkar-publisistimiz o yazıda altında sərvət yatan torpaqlarının üstündə yaşayan milyonların da əslində bir sərvət olduğundan, sadəcə onların xarüqələr yaratmaları üçün münbit şərait, mühit yaratmaq gərəkdiyindən bəhs edir. Demək biz təkcə idmanda deyil, başqa bir çox sahələrdə də istedad nümayiş etdirə bilərik, sadəcə imkan və şərait yaradılsa".

Elkin Xəlilov    
Qaynar.info