"Bu şəhərdə bircə sənsən üşüyən..." (ŞEİRLƏR)

"Bu şəhərdə bircə sənsən üşüyən..." (ŞEİRLƏR)

SƏFA RƏŞİD
İspaniya


UĞURSUZ SEV

Məni yenə uğursuz sev,
Yenə yollarda itir.
Heç olmasa üç-beş il,
Qollarımda yuxu gör.

Sonra yenə qayıdaram,
Yenə köhnə yerimə.
Yenə bağlı qapı görüb,
Qayıdaram evimə.

Məni yenə uğursuz sev,
Azdır ömür yolunda.
Heç olmasa, üç-beş il,
Gəzim, axtarım səni.

Yenə təzədən küs məndən,
Qaytar gəldiyim yollara.
Saatı olmayan evə,
Yenə zaman axıb getsin,
Darıxmaqla bitməsin.

Məni yenə uğursuz sev,
Yolda gözləyim səni.
Heç olmasa, üç-beş il,
Sevməyi öyrət mənə.

Məni yenə uğursuz sev,
Saçlarına toxunum.
Heç olmasa üç-beş il.
Sübhü mənlə qarşıla...
Bacarırsan
Məni elə beləcə sev,
Ara vermə sevgiyə..

Yenə başdan başlayaq,
Yenə sevək üç-beş il,
Yenə sevək üç-beş il...


MƏNİ ELƏ QISQANDIR.

Məni elə qısqandır,
Daha sözüm olmasın.
Dənizə gizlicə get,
Səndə gözü olmasın.

Bədənində dənizin,
Duzlu suları gəzsin.
Qumlu sahildə uzan,
Çarpayı səni əzsin.

Məni elə qısqandır,
Yansın sevgi toxumu.
Sənin yalın ayağın,
Sahilin isti qumu.

Qəfildən dəli külək,
Öpsün dodaqlarından.
Mən səndən küsüb getdim,
Bezdim ayrılığından..


GƏRƏK GECİKDİRİM...

Dodaqdan düşmürəm,dilində yatıb,
Sənin ürəyində gizlənən gündən.
Sənin gözlərində yuxu yatıram,
Sənin yanağında islanan gündən.

Sənin gözlərində yuxu görmürəm,
Mən səndə yaşaram düşüncə kimi.
Yamaq da götürməz,sınsa bir ürək,
Asfaltı dağılmış bir küçə kimi.

Sənə səndən yaxın olan bir mənəm,
Özümü qəlbinə sığışdırmışam.
Özümü mən sənə sevdirmək üçün,
Nə vaxtdır özümü yığışdırmışam.

Əsir taleyimdə soyuq havalar,
Hələ uzaqdadı o yaz qonağı.
Bu soyuq ömrümü qızdırmaq üçün,
Gərək gecikdirim mən ayrılığı.


SƏN ALLAH, DUR İNDİ İŞIĞI YANDIR...

Bir yoxuşda qaldım,enişə cıxan
Bir təpə istədim qaya dibində.
Bir əl fanarıyla yolda azmışam,
Qəlbinin qaranlıq küçələrində.

Bir ümid də yoxdur yolun sonuna,
Ha çağır,harayın özünə çatmır.
Bu qərib küçələr,köhnə divarlar,
Nədənsə heç mənim qəlbimə yatmır.

Sənin qəlb evinin hasarı hündür,
Bir ocaq qaladım,külümü qaldı?
Deyəsən çatmışam yolun sonuna,
Sən ALLAH, dur indi işığı yandır.

YAMAN SOYUQLAŞIB...

Yaman soyuqlaşıb bizdə havalar,
Hamı istəyir ki,isti geyinə.
Əllərim buz geyir sən olmayanda,
Öyrəşib əlinin istiliyinə.

Nəğməli ömrümə darıxmaq gəlib,
Yuxulu gözlərim dağ çüxurudu.
Arzular ümiddən asılı qalıb,
Əlim də yetməyir,çox yuxarıdır.

Tavanım göylərə duvaq kimidir,
Düşüb qarğışına yenə fələyin.
Allah da gizləyib yağışlarını,
Yenə arxasında isti küləyin.

Mənim ağlamağım yağışdan betər,
Şəhər yollarında boğular adam.
Axı yatağında körpə uşaq tək,
Nə qədər büzüşüb yığılar adam.

Yaman soyuqlaşıb bizdə havalar,
Hamı istəyir ki,isti geyinə.
Əllərim buz geyir sən olmayanda,
Öyrəşib əlinin istiliyinə.


GÖR NƏ VAXTDIR...

Gör nə vaxtdır yol gedirəm,
Ömrün qara yolunda.
Zaman mənlə baş aldadır,
Saatı yox qolunda.

Bir iblisin həmləsinə,
Tuş gəlibdir ağ günüm.
Mənsə sevgi həsrətində,
Qırxı vurur ad günüm.

Bir bədheybət izimdədi,
Güdür qapı dalında.
Mən şahla mata gedirəm,
Bu oyunun sonunda.


GİZLƏNPAÇ OYUNUN HEÇ SEVMƏDİM...

Gizlənpaç oyununu heç sevmədim,
Sən də sevmə bu oyunu!..
Yenə qağayılarla dolu dəniz havasındayam,
Günəş yox göy üzündə...
Küləksə soyuğuna bürünüb məni qovmaqdadı..
Qumlu sahilin şırıltısı var qulaqlarımda..
Allaha yorulmadan dua edən,muradına hələ də yetməyən
Milyonlar gözləyir sıxıntıda.
Yenə köhnə qanunlarda yaşayır şəhər...
İnsanların haqları məhkəmə zalında
Hər gün
Min yol tapdalanmış küçə kimidir...

Daha darıxmağım da keçıb.
Özümə içində sən olmayan ürək düzəltmişəm.
Tibb məntəqəsində qanımı təzələdim ki,
Daha ürəyimə yenməyəsən,
Axmayasan şah damarımda..
Üzümdəki cizgilərdə hiss etməsinlər səni.
Təmizlənmişəm sıltaqlığından,ərköyünlüyündən,
Yoxluğunu hiss etməyindən.
Nə yaxşı ki,azadlığa çıxmısan
Damarlarımdan!..
Ürəyim əməliyyatsız kiçilir get-gedə...
Yumruğumdan yüz dəfə kiçik olmanı
İstəyirəm...


ÜTÜSÜZDÜ KÖYNƏYİM...

Mənim səndən gizlətməyə nəyim var,
Heç nəyim yox, heç nəyim yox, heç nəyim.
İndi yoxam, asılqandan asılmır,
Ütüsüzdü, ütüsüzdü köynəyim..

Sən də məni unutmağa vaxt elə,
Üyüt məni dəyirmanın gözündən.
Bu həsrətin tayasına yaba sanc,
Uzaq elə, uzaq elə özündən.

Dənizin sərt dalğasına tuş gətir,
Ver küləyin qoltuğuna, yada ver.
Doğmalığın soyuyubsa gözləmə,
Apar məni, apar məni bada ver..


BULUD, MƏNLƏ OYNAMA

Bulud, mənlə oynama,
Yağışına dur yiyə.
Hamı günahdan qaçır,
Ramazan gəlir deyə.

Bulud, mənlə oynama,
Yağdığını yağmısan.
Bəsdir, ta üzümüzə,
Qaşqabaqla baxmısan.

Yağdığın yağışlardan,
Şəhər yolları üzgün.
Bircə ləçək qoymadın,
Arılar səndən küskün.
Bulud,mənlə oynama,
Daha get evinizə.
Dəniz də səndən küsüb,
Baxmaq olmur dənizə.

DƏRDİ ÖLDÜRMƏYƏ XƏLVƏT GƏZİRƏM

Bu gün dişimdədi ağrayan canım,
Dərdi öldürməyə xəlvət gəzirəm.
Adamın nə qədər ağrısı olar,
Bezirəm, bezirəm vallah bezirəm.

Çıxıram eşiyə, könlüm açılır,
Qayıdıb içimə zəli oluram.
Sənin nəfəsində hava gəzirəm,
Belə havalanıb dəli oluram.

Elə hey yağmurlu hava kimiyəm,
Tutqunam, yağmayan yağışlarım var.
Qorxma, xətər gəlməz məndən ömrünə,
Səni sevə bilən qarğışlarım var.

İnsaf et, sən məni özündən qoru,
Geri dön, ömrümün düşər düşməzi.
Hələ öz dərdimə sığal çəkirəm,
Hələ gözləyirəm gedər gəlməzi...

PAYIZIN BİR QƏMLİ BAXIŞI VAR Kİ...

Payızın bir qəmli baxışı var ki,
Budaqlar ağlayır sarı yarpağa.
Yarpağın bir budaq tanışı var ki,
Ürəyi gəlməyir ondan qopmağa.

Payız baxışlıdı yaz günlərimiz,
Budaqdan asılı yarpaq kimiyəm.
Məni ürəyinin alovuna qat,
Bir çırpı həvəsli ocaq kimiyəm.

Payızın bir qəmli baxışı var ki,
İslanıb yağışda dərdini unut.
O qıza məktub yaz, məktub yaz amma,
“Səni sevirəm” yaz, yenə də unut..

AĞRISINI ÜRƏYİNƏ GEYDİYİN...


Cəzasını vermək olmur həsrətin,
Son yarpaqsan,soldurursan rəngini.
Bir qadının ürəyində qeyb olub,
Ömür boyu gözləyirsən zəngini.

Elə hər gün alnını qırış tutur,
Bu şəhərdə bircə sənsən üşüyən.
Ürəyində niyyət tutub, ad tutub,
Təkcə sənsən ümidləri daşıyan.

Öz aldığın silahlara gülləsən,
Öz ağrına məlhəm deyil sevdiyin.
Səni yollar ayrıcında tək qoyub,
Ağrısını ürəyinə geydiyin...

QORXURAM,BİR DƏLİ AĞLAMAQ GƏLƏ...


Qoyublar bir çölün düzündə məni,
Dərddən nə çatar ki,qulağı kara.
Üstümü sovurub dəli küləklər,
Ömrümü çevirib yağışlı qara.

Yenə də başlayıb külək,sulu qar,
Ha yana gedirəm çırpır üzümə.
Bir qismət ömür var,o da ki bitmir,
Bitmir ki.dincəlib gələm özümə.

Silahsız-süngüsüz ada kimiyəm,
Dalğalar suyunu çəkir sahilə.
Qorxuram bir dəli ağlamaq gələ,
Dalğası adanı tökə sahilə..




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR