Siyasət 19:11 21.08.2014

"Ermənistanın milli təhlükəsizlik naziri mənə dedi ki..." - Vəfa Quluzadə

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə son günlər cəbhə və təmas xəttində yaşanan gərginlik, həmçinin yenidən aktuallaşan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı suallara aydınlıq gətirib. 

Politoloq Aktual.az-a açıqlamasında bildirib ki, indiki məqamda müharibə variantı istisnadır: "Bilirsiniz, çalışın bu məsələlərə bir az dərindən yanaşın. Bəli, indi bizim iqtisadiyyatımız da, ordumuz da güclüdür. Amma sabah torpaqlarımızı azad etməyi düşünsək, biz Ermənistanla yox, Rusiya ilə müharibə etmiş olacağıq. İndi nəzərə alın ki, biz böyük imperiya və nüvə dövləti ilə müharibə edəcəyik. Əlbəttə ki, həlledici anda Azərbaycan burada məğlub ola bilər. O səbəbə görə də bu münaqişə siyasi yolla həll olunmalıdır. Siyasi yolla da məsələni yalnız Rusiyanın çökməsindən sonra həll etmək olar. Bax onda bütün məsələlər həll olunacaq və ermənilər də bizdən üzr istəyəcəklər". 

Politoloqun fikrincə, dövlət müşaviri işlədiyi dövrdə ermənilər etiraf edirdilər ki, münaqişənin həllində əsas söz sahibini Rusiyadır: "Onlar həmişə mənə hörmətlə yanaşaraq "axı siz gözəl bilirsiniz ki, bunu edən biz yox, Moskvadır" deyirdilər. Gedin onlarla danışın, bizə nə desələr, biz onu edəcəyik. İndiyə qədər də vəziyyət belədir və Ermənistan Moskvanın əlində oyuncaqdır. Ona görə də bir qədər səbrli olmaq lazımdır, vaxtı gələndə biz torpaqlarımızı azad edəcəyik. Müharibəni o vaxtı etmək lazımdır ki, "kalkulyator"da müharibənin qələbə gətirdiyi tam hesablansın. Bu dəqiqə əgər bizim ordu gedib İrəvanı da işğal etsə, bütün dünya birləşib, bizi ordan bayıra çıxaracaq. İndiki zamanda bu müharibəni nə Amerika, nə də Avropa istəyir". 

Vəfa Quluzadə həmçinin sensasiya doğuran bir məqama da toxunaraq erməni nazirin bunu ona etiraf etdiyini deyib: "Mənə bu barədə bir çox erməni xadimləri etiraf edib. Onlardan da biri Ermənistanın sabiq milli təhlükəsizlik naziri  David Şahnazaryandır. Onu deyim ki, düşmən ölkənin keçmiş prezidenti Robert Koçaryan həmişə özünü Heydər Əliyevin yanında uşaq kimi aparırdı. O, Heydər Əliyevə olduqca böyük hörmət bəsləyirdi. Elə bu hərəkəti ilə də nümayiş etdirirdi ki, biz sizə hörmət edirik, amma münaqişənin həll olunması bizdən asılı deyil. Amma Parisdə David Şahnazaryan açıq mənə dedi ki, Vəfa müəllim, gedin problemi Moskvada həll edin. Bu, bizim əlimizdə olan məsələ deyil. Yəni demək istəyirəm ki, ermənilərin arasında başları xarab olmuş daşnaqlar olsa da, əksəri ağılları başında olan adamlardı. Məsələn, çox uzağa getməyək, keçmiş prezident Levon Ter Petrosyan 96-cı ildə bəyanat verdi ki, Ermənistan Azərbaycanla sülh bağlamasa, çökəcək. O dövr üçün bu Ermənistanda böyük sensasiya oldu. Ondan sonra mərhələli sülhü təklif etdi. Yəni Ermənistan 7 rayonu işğaldan azad edir, Qarabağ problemi gələcəkdə statusu müəyyənləşənə qədər - müvəqqəti olaraq həll olunmamış qalır. O zaman biz də buna razı olduq. Amma məsələyə Rusiya müdaxilə edərək onu devirdi".  

Qaynar.info