Maqazin 21:35 15.03.2015

"Eurovision"a Elnur Hüseynov gedir - RƏSMİ

İctimai Televiziya (İTV) Azərbaycanı "Eurovision" Mahnı Müsabiqəsində təmsil ədəcək müğənninin adını açıqlayıb. Qaynar.info kanalın rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizi yenidən Elnur Hüseynov təmsil edəcək.

Elnur dünyanın ən məşhur mahnı müsabiqəsində mistik və müasir ballada “Hour of the Wolf” adlanır. Müğənni müsabiqəyə və "Eurovision" ailəsinə yad deyil. 2008-ci ildə o, Elnur və Samir duetinin tərkibində Azərbaycanın "Eurovision" müsabiqəsindəki ilk təmsilçilərindən biri olmuşdu. Həmin il bu duet “Day After Day” adlı mahnı ilə finalda səkkizinci yeri tutmuşdu.

Bu ilki müsabiqədə isə Elnur “Hour of the Wolf” mahnısı ilə bir peşəkar müğənni olaraq öz istedadını nümayiş etdirmək imkanını əldə edir: “Eurovision 2015" özümü bir solo ifaçı kimi təsdiq etməyim üçün böyük şansdır. Öz mahnıma güvənirəm, çünki onun çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır - biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. Eurovision-a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm".

"Eurovision 2008"dən sonra Elnur öz musiqi karyerasının üzərində səylə çalışıb. O, bu müddət ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Dövlət Filarmoniyasının solisti olub. Elnur, həmçinin, məşhur “Notre-Dame de Paris” müziklının Azərbaycan versiyasında Foebus partiyasını ifa edib.

2015-ci il fevral ayının 18-də Elnur beynəlxalq səs istedadları şousu - “The Voice”un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi olub. Müsabiqənin finalında o, şounun telesəsvermə tarixində bir rekorda imza ataraq bir milyondan çox səs toplayıb.

21 may tarixində Elnur Hüseynov "Eurovision" Mahnı Müsabiqəsi 2015-in ikinci yarımfinalında Azərbaycanı “Hour of the Wolf” müasir balladası ilə təmsil edəcək.


Qaynar.info