Siyasət 16:54 17.03.2013

"Hakimiyyəti dəyişməyin yolu meydanlardan keçir"- İsa Qəmbər

"Hakimiyyəti dəyişməyin yolu meydanlardan keçir".  Bunu bu güm Müsavat Partiyasının başqanı İsa Qəmbər gənclərlə görüşündə deyib. 

 Qaynar.info-nun məlumatına görə, partiyanın qərargahında keçirilən görüşə 300-dən çox gənc, o cümlədən, QHT və ictimai təşkilat, KİV nümayəndələri qatılıblar. 

Müsavat başqanı İsa Qəmbər çıxışında deyib ki, tarix boyu bütün hərəkatların önündə gənclər gedib: “Sizin mövqeyiniz bizim üçün önəmlidir. Azərbaycanı dəyişmək mərhələsi sizinkidir. Azərbaycana müstəqillik gətirmişik.  O mübarizənin önündə gənclik gedirdi. Meydanlarda və Qarabağ mügharibəsində şəhidlər vermişik. O zaman gənclik meydanlarda möhtəşəm mübarizə aparırdı. Bu yolu davam etdirdik. Misiyamızı dərk edirik. Yolumuz Rəsulzadə-Elçibəy yoludur. Müstəqillik dönəmində dünyaya gələn gənclik indi ayaqdadır. Hakimiyyət gənclərin fəallaşmasından qorxaraq yeni repressiyalara start verib. Hakimiyyət 4  NİDA-çını həbs edib. Amma bu hərəkatın sıralarına 150 nəfər qoşulub. Bu hərəkatın qarşısını nə rezin güllələrlə alına bilər, nə də  başqa vasitələrlə”.

İsa Qəmbər çıxışına ordudakı qətllər barədə danışaraq davam edib. O, vətəndaş cəmiyyətinin üzvlərindən ibarət komissiya yaratmağı təklif edib. Müsavat başqanının sözlərinə görə, komissiya əsgər ölümlərinin qarşısının alınması üçün atılacaq addımları müəyyənləşdirməlidir.

Müsavat başqanı deyib ki, xalqın hakimiyyətə gəlməyinin yolu mübarizədən keçir: "Hakimiyyəti dəyişməyin yolu iclas və bəyanatlardan deyil meydanlardan keçir. Postsovet ölkələrində dəyişiklik seçki zamanı baş verib. Ərəb ölkələrində Suriyada on minlərlə insan həlak olub. Biz bir nəfərin də həlak olmasını istəmirik. Yol seçkiyə gedib hakimiyyəti dəyişməkdir. Demokratik mühit üçün meydana girmək lazımdır. Bu yolla xalqı fəallaşdırıb, dinc yolla, xalqın gücü ilə hakimiyyəti dəyişməliyik. Hakimiyyət ərəb yolunu - Qəzzafinin, Bəşər Əsədin yolunu seçir. Biz nə etmək istəyirik? Vətəndaşlarımızın xoşbəxtliyi bizim üçün önəmlidir. Xalqın xoşbəxtliyi hər bir gəncin xoşbəxtliyindən keçir".

İsa Qəmbər məlumat verib ki, Müsavat Partiyası seçki platforması üzərində işləyir. Onun sözlərinə görə, partiya gənclərin də təkliflərini dinləyəcək: "Bizim  güclü komadamız var. Amma biz bunu həm də sizinlə edəcəyik. Hakimiyyət gəncləşməlidir. 25-35 yaşlılar üstünlük təşkil etməlidir.  Biz gənclərin hökumətini yaratmaq istəyirik. İstədiklərimiz budur. İnanıram ki, buna gücümüz çatacaq".

Gənclərdən biri İsa Qəmbərdən eks-spiker Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə bağlı sənədə imza atmamasının səbəbini soruşub. Müsavat başqanı deyib ki, həmin sənəddə R.Quliyevin 1995-ci ildə xalqın dəstəyi ilə parlmentin spikeri seçildiyinə dair yazılan məqamla razılaşmayıb. İ.Qəmbər bildirib ki, R.Quliyev həmin ildə xalqın deyil, Heydər Əliyevin dəstəyi ilə parlamentin spikeri olub.

Qaynar.info